Humanitar Forum dünyaya sülh və inkişaf, tolerantlıq mesajı verir ANALİTİK

Humanitar Forum dünyaya sülh və inkişaf, tolerantlıq mesajı verir ANALİTİK

Prezident İlham Əliyev: “Əsrlər boyu müxtəlif dinlərin, xalqların nümayəndələri Azərbaycanda bir ailə kimi sülh, əmin-amanlıq, mehribanlıq şəraitində yaşamışlar”

Bakı, artıq altıncı dəfə Beynəlxalq Humanitar Foruma ev sahibliyi edir. Bu Forum bəşəriyyətdə maraq doğuran qlobal xarakterli məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq məqsədilə hər il tanınmış dövlət xadimlərini, elmin müxtəlif sahələri üzrə Nobel mükafatı laureatlarını və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərini, o cümlədən, dünyanın siyasi, elmi və mədəni elitasının görkəmli nümayəndələrini bir araya toplayan mötəbər tədbirdir. Əbəs deyil ki, “Bakı prosesi” beynəlxalq müstəvidə önəmli təşəbbüs kimi qiymətləndirilməkdədir. O cümlədən, dövlət başçımız cənab İlham Əliyevin bu Forumdakı nitqi və önə sürdüyü əhəmiyyətli tezisləri həm də belə qənaətə gəlməyə zəmin yaradır ki, artıq Azərbaycan və onun paytaxtı Bakı beynəlxalq aləmin mərkəzi roluna çevrilib. İstər multikultural və tolerantlıq dəyərləri, istər qlobal siyasi-iqtisadi problemlərin həlli və çıxış yolları, istərsə də münaqişələrin həll olunması prosesi - bütün bunların məhz Bakı Forumunda müzakirə edilməsi ölkəmizin əhəmiyyətini bariz şəkildə nümayiş etdirməkdədir.

“Azərbaycan dünyada multikulturalizm ünvanlarından birinə çevrilmişdir”

Məhz bu mötəbər tədbirin rəsmi açılış mərasimində iştirak edən prezident İlham Əliyev Forumun əhəmiyyəti barədə danışaraq qeyd edib ki, Azərbaycan beynəlxalq humanitar əməkdaşlığa həmişə çox böyük diqqət verib və bu gün də bu faktor öz yerini tutmaqdadır. Belə ki, “Əsrlər boyu müxtəlif dinlərin, xalqların nümayəndələri Azərbaycanda bir ailə kimi sülh, əmin-amanlıq, mehribanlıq şəraitində yaşamışlar”, deyə vurğulayan cənab İlham Əliyev müasir Azərbaycan dövlətinin də çox dərin milli-mənəvi dəyərlər üzərində qurulduğunu bildirib. “Azərbaycan dünyada multikulturalizm ünvanlarından birinə çevrilmişdir”, deyə qeyd edən ölkə başçımız eyni zamanda qeyd edib ki, əgər İslam həmrəyliyi və multikulturalizm anlayışları vəhdət təşkil edərsə və dövlət siyasəti düzgün aparılarsa, bu, xalq tərəfindən də qəbul edilərsə, onda ölkələrdə problem olmayacaq: “Müasir Azərbaycan bunun əyani sübutudur”.

“Azərbaycan heç vaxt işğalla barışmayacaq”

Forum çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə də bağlı önəmli bəyanatlarını səsləndirən dövlət başçımız vurğulayıb ki, məhz bu münaqişənin həlli üçün yeganə yol Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyünün bərpa edilməsidir. Bu baxımdan, Prezident İlham Əliyevin çıxışından həm də belə nəticəyə gəlmək olar ki, artıq bütün beynəlxalq təşkilatlar bizim mövqeyimizi birmənalı şəkildə dəstəkləyir. Xüsusilə dünyanın birinci və ən ali beynəlxalq qurumu olan BMT, onun Baş Məclisi dəfələrlə qətnamələr qəbul edib. BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul edib ki, orada erməni silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz və dərhal çıxarılması nəzərdə tutulur. Dövlətimizin rəhbəri bununla bağlı öz qətiyyətli mövqeyini Foru iştirakçılarına və beynəlxalq aləmə çatdırıb: “Azərbaycan heç vaxt işğalla barışmayacaq”.

Ölkə başçısı vurğulayıb ki, bu problemə baxmayaraq, ölkəmiz inamla inkişaf etdiyini deyib. Belə ki, Azərbaycan müstəqil dövlət kimi yaşayır, öz hesabına yaşayır və inkişaf edir və heç kimdən də asılı deyil. Çünki xalqımız müstəqilliyi hər şeydən üstün tutur.

Ümumiyyətlə, VI Bakı Beynəlxalq Humanitar Forumuna olan diqqət, dünyanın nüfuzlu ictimai-siyasi xadimlərin iştirakı bir daha onu göstərir ki, Azərbaycan düşünülmüş, uzaqgörən, praqmatik siyasət yürüdür. Dünyanı balaca ölkədə yığmaq, “düşünən beyin”lərlə bəşəriyyətdə maraq doğuran qlobal məsələləri müzakirə etmək Azərbaycanın nüfuzunun göstəricisidir.

“Azərbaycan dünyada etibarlı tərəfdaş və dost ölkə kimi tanınır”

Yeri gəlmişkən, daha bir məqamı da qeyd edə bilərik ki, bu gün Azərbaycanda yaşanan vətəndaş həmrəyliyi ölkəmizin uğurlu inkişafı üçün önəmli şərtdir. Ölkə rəhbərimizin bu barədə irəli sürdüyü fikirləri də belə deməyə zəmin yaradır ki, bu həmrəylik beynəlxalq müstəviyə də öz müsbət təsirlərini göstərməkdədir. Prezident İlham Əliyevin “Azərbaycan dünyada etibarlı tərəfdaş və dost ölkə kimi tanınır” ifadəsi də bu reallığa söykənir. Eyni zamanda, Azərbaycan dünyada etibarlı tərəfdaş və dost ölkə kimi tanınır. Əbəs deyil ki, Prezident İlham Əliyev vurğulayıb ki, “Azərbaycan qonşu ölkələrlə səmimi və mehriban dostluq münasibətləri qurmuşdur”.

Həmçinin qeyd edə bilərik ki, ölkəmizdə təməlli şəkildə bütün azadlıqlar təmin edilib. Bu gerçəklik həm də belə deməyə əsas verir ki, media və internet azadlığı, söz və ifadə azadlığı, eləcə də siyasi azadlıqlar – bütün bunlar real, demokratik ölkənin göstəriciləri sırasında yer almaqdadır.

“Azərbaycanın enerji, nəqliyyat, infrastruktur layihələri ölkələr arasında əlaqələri stimullaşdırır”

Eyni zamanda, siyasi islahatların da aparılması ölkəmizin güclənməsinə öz töhfələrini verməkdədir. Dövlət başçımız vurğulayıb: “Azərbaycanda siyasi islahatların dərinləşməsi iqtisadi islahatlara böyük təkan verir”.

Əbəs deyil ki, iqtisadi uğurlar xalqımızın daha da yaxşı yaşamasına şərait yaradır və bu reallığı ölkə rəhbərimiz bu cür ifadə edib: “Adambaşına düşən sərmayələrin həcminə görə, Azərbaycan dünya miqyasında aparıcı yerlərdədir”.

“Azərbaycan son 15 il ərzində iqtisadi sahədə ən sürətli inkişaf templərini nümayiş etdirmişdir”, deyən dövlət başçımız ölkəmizdə sosial sahəyə çox böyük diqqət göstərildiyini də Forum iştirakçılarının nəzərinə çatdırıb. Belə ki, buna misal olaraq, ASAN XİDMƏT mərkəzlərinin yaradılmasını və bu sahənin humanitar və sosial sahələrə verdiyi əhəmiyyətli səmərələrini də qeyd edə bilərik. Məhz bunun nəticəsidir ki, ölkə başçımız öz çıxışında vurğulayıb: “Azərbaycanda ictimai xidmətlər sahəsinə olan neqativ hallara tamamilə son qoyulmuşşdur”.

Ümumiyyətlə, dövlət başçımızın çıxışları və həmin çıxışlardan irəli gələn tezislər həm də belə bir reallığı ortaya çıxarır ki, ölkəmizin inkişaf və tərəqqisini əhatə edən bütün sahələr qarşıdakı illərdə növbəti uğurlara doğru atılan münbit addımlardır. O da əbəs deyil ki, Prezident İlham Əliyev Azərbaycanın dünya miqyasında güclü nəqliyyat mərkəzinə çevrildiyini bildirib, həmçinin, bu uğurlar digər ölkələrin də nəhəng layihələrdə iştiraklarına yol açır: “Azərbaycanın enerji, nəqliyyat, infrastruktur layihələri ölkələr arasında əlaqələri stimullaşdırır”.

Nəticə olaraq, Bakı VI Beynəlxalq Humanitar Forumunun dünyaya sülh və inkişaf, tolerantlıq mesajı verdiyni qeyd edə bilərik. Dövlət başçımızın irəli sürdüyü hər bir fikri məhz bu gerçəkliyi ehtiva etməkdədir.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə