Radikalların gündəmdə qalmaq üçün yeganə şansı – QARŞIDURMALAR

Radikalların gündəmdə qalmaq üçün yeganə şansı – QARŞIDURMALAR

Arif Hacılı ilə İqbal Ağazadə arasında münasibətlər pozuldu

Təkcə, son bir ayda radikal müxalifətin təmsil olunduğu düşərgədə dəfələrlə müxtəlif mövzular ətrafında yaranmış polemikalar nəticə etibarı ilə qarşıdurmalara səbəb olmaqdadır. Buna misal kimi, AXCP-REAL, Müsavat-REAL, ADP-“Milli Şura”, AXCP-Müsavat, KXCP-“Milli Şura” kimi təşkilatları, eləcə də ayrı-ayrılıqda şəxslərarası, o cümlədən, partiyalardaxili ziddiyyətləri göstərmək olar.

“Ümid” sədrindən Müsavat başqanına: “Məğlubiyyətin çox səbəbləri var”

Həmin ənənə bu dəfə də davam edib və növbəti qarşıdurma Arif Hacılının başqanı olduğu Müsavat partiyası ilə İqbal Ağazadənin sədri olduğu “Ümid” partiyası arasında. Məsələ isə ondadır ki, bu dəfə də Meydan TV-də vasitəsi ilə internet üzərindən canlı yayıma qatılan siyasi partiya rəhbərləri 2003-cü ilin 15-16 oktyabr hadisələri ilə bağlı polemikaya girişiblər və bu polemika sonda kəskin ittihamlarla, hətta sərt tənəqidi fikirlərdən təhqirlərə və qarşıdurmaya qədər inkişaf edib.

Misal üçün, “Ümid” sədri İ.Ağazadə bildirib ki, 10 il müddətində müxalifət 2003-cü il seçkilərinə hazırlaşdı və buna baxmayaraq, əldə edilən səsləri belə qoruya bilmədi. O, bu seçkilərdə məğlub olduqlarını dilə gətirib və səbəblərini izah edərkən, əsas baiskar olaraq, Müsavatın o zamankı başqanı İsa Qəmbəri suçlayıb. Belə ki, “məğlubiyyətin müxtəlif səbəbləri var”, deyən Ağzadə həmin səbəblərin çox olduğunu bildirib: “Bu, bir verilişə sığmaz. Biz hadisələrin içində olduğumuz üçün ən yaxşısı tarixçilər buna qiymət verə bilər”.

Beləliklə, “Ümid” partiyasının rəhbəri 16 oktyabrda İ.Qəmbərin Azadlıq Meydanına gəlib tərəfdarlarının qarşısına çıxmamasını qorxaqlıq kimi qiymətləndirib, habelə, sonrakı hadisələrə ciddi zərbə vurdğunu iddia edib. Hətta həmin vaxt İ.Qəmbərə telefon zəngi də etdiyini deyən İ.Ağazadə qarşı tərəfin onun zənginə etinasız yanaşdığını bildirib. Nəticədə, “Ümid” sədri Müsavat başqanının 15-16 oktyabr hadisələrindəki qorxaqlığını hazırkı müxalifətin sonrakı illərdə ard-arda qazandığı məğşubiyyətlərin əsası olaraq qiymətləndirib.

Müsavat başqanından ilk cavab: “Səviyyəsiz..!”

Lakin, İ.Ağazadənin bu ittihamları Müsavatın hazırkı başqanı A.Hacılının “boğazından” keçməyib. Keçmiş dostunun iddiaları ilə razılaşmadığını deyən Müsavat rəhbəri “Ümid” sədrinə, eləcə də Meydan TV-yə kəskin etirazını bildirib.

Ümumiyyətlə, Ağazadənin ona verilən sual qarşılığında bir qədər geniş danışması Hacılının irad bildirməsinə səbəb olub və Müsavat başqanı müdaxilə edərək cavab vermək istədiyini bildirib. İ.Ağazadə isə cavab haqqının onda olduğunu deyərək, vaxtı çatanda onun da cacab verəcəyini ironiya ilə deyib. Məhz bu anda A.Hacılı İ.Ağazadəyə “səviyyəsiz” deyə xitab edib, bunun ardınca isə vəziyyətin qızışaraq çərçivədən çıxması ortamı daha da gərniləşdirib.

İqbal Ağazadə: “Səviyyəsiz özünsən..!”

Belə ki, “Ümid” sədri Müsavat başqanına “səviyyəsiz özünsən” deyə cavab verib: “Siz danışdınız, heç mən sizin sözünüzə müdaxilə etmədim, diqqətlə qulaq asdım. Hesab düz gələndə hamı səviyyədən danışır. 15 oktyabrda heç bizim Müsavat qərargahı qarşısında toplaşmaq düşüncəmiz, planımız yox idi. Mənə İsa Qəmbər zəng etmişdi ki, ora gəlim. Mən isə dedim ki, İsa bəy, insanların oraya toplaşmasına imkan verməyin, bu, hakimiyyət qüvvələrinin əlinə axşamdan əhalidə qorxu yaratmaq üçün bəhanə verəcək və sabah mitinqə qatılanların sayına ciddi mənfi təsir edəcək. İsa bəy isə dedi ki, insanlar toplaşıb, artıq gecdir”.

A.Hacılı isə İ.Ağazadəyə “Sənin bir çox planlardan xəbərin belə yox idi” cavabını verib. İ.Ağazadə isə cavabında deyib: “Bəli, mənim xəbərsiz olduğum planlar oldu, biz onun hesabına qalib gəlmədik. İsa bəydən xahiş etdim ki, camaata müraciət etsin və onlar partiyanın qarşısından dağılışsınlar”.

“Azadlıq Meydanından qaçdın... Otağından hansı qadınların alt paltarında pulları qaçırdığını da bilirəm”

Müsavat başqanı eyni zamanda bildirib ki, İ.Ağazadə həmişə mitinqin əleyhinə danışıb. “Hətta bununla bağlı efirdə çağırışı da olub”, deyə bildirən A.Hacılını səviyyəsiz olmaqla yanaşı, tərbiyəsiz də adlandırıb, eləcə də daha sərt tonda danışıb. Həmçinin deyib ki, A.Hacılı Azadlıq Meydanında bir neçə dəqiqədən artıq qalmayıb mikrofon gətirmək bəhanəsi ilə meydandan qaçıb və gəlməyib: “Sən mikrofon gətirmək adı ilə Azadlıq Meydanından qaçdın. İstəyirsən hər şeyi açım? Otağından hansı qadınların alt paltarında pulları qaçırdığını da bilirəm”.

Arif Hacılı: “Mən belə bir tərbiyəsiz, səviyyəsiz, müxalifəti satmış, İsa Qəmbəri satmış, meydana təsadüfən gəldiyini efirə çıxıb sübut etmiş böhtançı bir adamla debata çıxmaram”

Söz yox ki, bir çox hallarda dalana dirənərkən, radikal müxalifətin vəziyyətdən çıxmaq üçün qarşı tərəfə “hakimiyyətə işləyirsən” ittihamı önə çıxır. Məhz A.Hacılı da İ.Ağazadənin həqiqəti deməsinin ardınca, bu köhnəlmiş, nimdaşlaşmış və heç bir sübutu olmayan ittihamını işə salıb. A.Hacılı İ.Ağazadənin müxtəlif dairələrə işlədiyini, ona görə həmin vaxt bir çox məsələlərin ondan gizli saxlandığını bildirərək, “Ümid” sədrini satqınçılıqda ittiham edib: “Mən belə bir tərbiyəsiz, səviyyəsiz, müxalifəti satmış, İsa Qəmbəri satmış, meydana təsadüfən gəldiyini efirə çıxıb sübut etmiş böhtançı bir adamla debata çıxmaram...”

Beləliklə, həmin hadisələrin növbəti faktları üzə çıxdıqca, bir daha bəlli olur ki, bu cür fərdlərin hakimiyyətə gəlmək şansları yoxdur və bundan sonra da olmayacaq. Çünki bənzər ittihamlarla, mövcud və dəyişilməz “tərbiyələri” ilə onlardan bundan artığını gözləməyə də dəyməz. Lakin onlara gündəmdə qalmaq lazımdır ki, bu da yalnız qarşıdurmalar, söyüş və təhqirlər vasitəsi ilə reallaşa bilər. Necə ki, A.Hacılı ilə İ.Ağazadənin arasında baş verən olay kimi...

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə