Dağıstanda Azərbaycan Gənclər Günlərinə start verilir

Dağıstanda Azərbaycan Gənclər Günlərinə start verilir

Rusiya Federasiyası Dağıstan Respublikasının Gənclər siyasəti üzrə Komitəsinin dəvəti ilə gənclər və idman naziri Azad Rəhimovun rəhbərliyi altında dövlət gənclər siyasətini həyata keçirən qurumların, istedadlı və yaradıcı qənclərin nümayəndələrinin Dağıstana səfəri başlayır. Gənclər və İdman Nazirliyindən SİA-ya verilən xəbərə görə, 16 dekabr tarixində gerçəkləşəcək səfərin əsas məqsədi Dağıstanda keçirilməsi planlaşdırılan Azərbaycan Gəncləri Günlərində iştirak etməkdir.

Səfər Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Rusiya Federasiyası Dağıstan Respublikasının Gənclər siyasəti üzrə Komitəsi arasında imzalanmış əməkdaşlıq üzrə niyyət protokoluna əsasən gerçəkləşdirilir.

Dərbənd şəhərində baş tutacaq tədbirin proqramına əsasən nümayəndə heyətinin sərhəddə salamlanması, gənc rəssamların sərgisi, "dəyirmi masa" arxasında müzakirələr, Dərbənd şəhər və eyni adlı rayon administrasiyasında görüş, azərbaycan və dağıstan yaradıcı gənclərinin iştirakı ilə birgə konsert proqramının keçirilməsi nəzərdə tutulub.

Səfər 18 dekabr tarixinədək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə