Azərbaycanın Argentinadakı səfiri Santa Fe provinsiyasına səfəri çərçivəsində bir sıra görüşlər keçirib
13-14 dekabr 2010-cu il tarixlərində Azərbaycanın Argentinadakı səfiri Məmməd Əhmədzadə Argentinanın Santa Fe provinsiyasına səfəri çərçivəsində Santa Fe provinsiyasının qubernatoru Hermes Xuan Binner, provinsiyanın paytaxtı Santa Fe şəhərinin meri Mario Dominqo Barletta, provinsiyanın inzibati ərazi vahidinə daxil olan və ölkənin əhəmiyyətli iqtisadi mərkəzi Rosario şəhərinin meri Roberto Miqel Lifşitz ilə fərdi görüşlər keçirərək ölkəmizin reallıqları barədə məlumat vermiş, habelə bu provinsiya və şəhərlərlə iqtisadi, mədəni, humanitar sahələrdə əməkdaşlıq imkanlarını müzakirə edib.
Azərbaycan Respublikasının Argentina Respublikasindaki Səfirliyindən SİA-ya verilən xəbərə görə, Səfər çərçivəsində Santa Fe provinsiyasının parlamentinin aşağı palatası olan Deputatlar Palatasının sədri və palatada təmsil olunan siyasi partiyaların rəhbərləri ilə dəyirmi masa təşkil olunmuş, Azərbaycan müstəqilliyinin əldə edilməsindən sonra keçdiyi yol, ölkənin hazırki reallıqları, dinamik iqtisadi inkişafı, xarici siyasət prioirtetləri, Argentina, habelə Santa Fe provinsiyası ilə əməkdaşlıq mövzularında fikir mübadiləsi aparılıb.
Səfərdə həmçinin, Santa Fe provinsiyasının işgüzar dairələri olan Santa Fe Ticarət Birjası, Santa Fe Xarici Ticarət Palatası, Santa Fe Sənayeçilər Birliyi və Rosario Ticarət Birjasında Azərbaycan iqtisadiyyatı və Argentina ilə iqtisadi, biznes, sərmayə və ticarət sahələrində əməkdaşlıq imkanlarına həsr edilmiş təqdimatlar keçirilib.
Eyni zamanda, Santa Fe Dövlət Litoral Universiteti və Rosario Dövlət Universitetinin rəhbərlikləri və professor-müəllim heyətləri ilə görüşlər keçirilərək bu universitetlərlə əməkdaşlıq imkanları müzakirə olunub.
Səfər Santa Fe provinsiyasının kütləvi informasiya vasitələrində əhatəli şəkildə işıqlandırılıb.
Qeyd edək ki, Santa Fe provinsiyası Argentinanın aparıcı siyasi, iqtisadi və sosial əhəmiyyətə malik bölgələrindəndir. Ölkənin ümumi daxili məhsulunun istehsalının 27 faizi bu provinsiyanın payına düşür. Argentinanın kənd təsərrüfatı, xüsusilə də əkinçilik mərkəzi hesab edilən Santa Fe provinsiyasında dənli bitkilərin becərdilməsi ilə yanaşı, ölkə üzrə kənd təsərrüfatı maşınları və texnologiyalarının yarıdan çoxu istehsal edilir.
Zəngin kənd təsərrüfatı təcrübəsinə malik Santa Fe provinsiyası həmin təcrübənin digər ölkələrlə paylaşması istiqamətində fəal beynəlxalq əməkdaşlıq həyata keçirir. Santa Fe provinsiyasının inzibati ərazi vahidinə daxil olan Rosario şəhəri Argentinanın aparıcı iqtisadi və mədəni mərkəzlərindən biri, habelə soya, qarğıdalı, taxıl və digər dənli bitkilər ixrac edən ən iri limanıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB