Deputatın məruzəsi AŞPA-nın payız sessiyasında müzakirəyə çıxarılıb ÖZƏL

Deputatın məruzəsi AŞPA-nın payız sessiyasında müzakirəyə çıxarılıb ÖZƏL

Sahibə Qafarova: "Bütün Avropa ölkələrində dinlərarası dialoq ekstremizm və radikallaşmaya qarşı mübarizə vasitəsi kimi irəli sürülməlidir"

Avropa Şurası Parlament Assabmbleyasının payız sessiyasında bu gün Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvü, Milli Məclisin komitə sədrinin müavini Sahibə Qafarovanın müəllifi olduğu "Avropada miqrantların və diaspor təşkilatlarının radikallaşması" mövzusunda məruzə müzakirəyə çıxarılıb. SİA-nın verdiyi məlumata görə, iclasda məruzə haqqında məlumat verən Sahibə Qafarova deyib ki, 2001-ci ilin 11 sentyabr terror hadisələrindən sonra miqrant və diaspor təşkilatlarının radikallaşması mövzusu dünya siyasətçiləri və kütləvi informasiya vasitələrinin diqqət mərkəzinə çevrildi. Müxtəlif regionlardan miqrant və məcburi köçkünlərin Avropaya gəlməsi və bu qitədə son terror olayları mövzu ətrafında müzakirələri daha da gərginləşdirib. Hesabatda göstərilir ki, aparılan geniş təhlillər bir sıra terror hadisələrinin iddia olunduğu kimi, miqrantlar tərəfindən deyil, diaspor üzvləri tərəfindən törədildiyini sübuta yetirir. Ona görə də, siyasətçilərin miqrantları ekstremizm təhlükəsi ilə əlaqələndirməməsi və diasporların daha əvvəlki mərhələdə radikallaşmasının qarşısını almaq üçün mümkün olan hər şeyi etməsi son dərəcə vacibdir.

"Təbii ki, bu gün Avropaya üz tutan miqrantların əksəriyyəti öz doğma ölkələrində zorakılıq və ekstremizmlə üzləşib, Avropaya sülh şəraitində təhlükəsiz həyat sürmək arzusu ilə gəlib. Təəssüf ki, bəziləri miqrant düşərgələrində radikallaşır, bir qismi isə Avropa cəmiyyətinə inteqrasiya etmədikdə radikallaşmaya tabe ola bilirlər. Onlar Avropaya gəldikləri zaman ayrı-seçkilik və şiddətə məruz qalırlar. İnternet və sosial media radikalizasiya prosesində səmərəli vasitələrə çevrilib", - deyə məruzədə vurğulanır.

Sahibə Qafarova bildirib ki, radikallaşmış şəxslər ictimai dəyərləri qəbul etmir, həyata keçirilən siyasəti və ənənələri rədd edir. Onlar ideoloji düşmənlərinə qarşı şiddət və zorakılığın istifadəsini qəbul edirlər: "Radikalizasiya prosesinin düzgün qavranılması üçün bəzi əhəmiyyətli məqamları vurğulamaq istərdim. Radikallaşmış şəxslərin əksəriyyətinin dini fanatiklər olduğuna dair ümumi fikirlərin əksinə olaraq, müxtəlif tədqiqatlar bu yanaşmanın doğru olmadığını göstərir. İştirak edənlərin əksəriyyəti Quran oxumayıb və məscidləri müntəzəm olaraq ziyarət etməyiblər. Hücumların əksəriyyəti "İŞID"dan ilhamlanmış şəxslər tərəfindən təşkil olunub və həyata keçirilir. İkinci və üçüncü nəsil miqrantların radikallaşmasının əsas səbəblərindən biri, şəxsiyyət böhranıdır. Bu gənclər nə qərbdəki dünyəvi həyat tərzini, nə də valideynlərinin müsəlman kimliyini qəbul edir. Dini köklərini yenidən kəşf etməyə çalışarkən isə onlar terrorçu qruplaşmaların toruna düşür, ekstremist ideologiya vasitəsilə təsirə məruz qalırlar".

Millət vəkili vurğulayıb ki, çoxlu sayda miqrant Avropaya gəlməmişdən əvvəl insane alverçiləri və qaçaqmalçıların yalnış təbliğat və təşviqatının, yönləndirməsinin təsiri ilə üzləşir, Avropa şəhərləri ilə bağlı ilkin təəssüratları sosial şəbəkələrdə qeyri-real foto və şəkillərlə, şərhlərlə formalaşır. Avropaya gəldikdə isə qarşılaşdıqları real vəziyyət xəyal qırıqlığına səbəb ola bilir, hətta radikalizasiya prosesini də sürətləndirir. Gənc köçkünlər digər yaş qruplarına nisbətən radikalizmə qarşı daha həssasdırlar - məktəbdə uğursuzluq, cinayət törətməyə uyğun və iş təcrübəsi olmayan gənc ikinci nəsil miqrantlar (xüsusilə 16-24 yaş arası). "Radikalizmin başqa potensial səbəbi iqtisadi və sosial qeyri-bərabərlikdir. Bir çox miqrantlar ayrı - ayrı yerlərdə və ya icmalarda

yaşayır, yoxsulluq, sosial təcrid və narazılıqla üzləşirlər. Belə olduğu təqdirdə qeyri-qanuni qazanc yolları axtarırlar. Ayrıseçkilik radikalizmə təsir göstərən digər mühüm amildir. Miqrantlar təhsil şəraitində bərabərsizlik, iş və ev tapmaqda, nəzarət – buraxılış məntəqələrində ayrıseçkilik halları ilə tez-tez qarşılaşırlar. Bütün bu amilləri nəzərə alaraq qeyd etmək istəyirəm ki, miqrantların və diasporun icmalarının radikallaşmasına səbəb əsasən ev sahibliyi edən ölkələr tərəfindən miqrantlara tətbiq edilən siyasətin əhəmiyyətli uğursuzluqları, habelə qeyri-bərabər tətbiqlər və nifrət mesajlarıdır. Hesabatı hazırlayan zaman gəldiyim qənaətlərdən biri də budur ki, radikalizmə qarşı mübarizə anti-islamçılıqla qarışdırılmamalıdır. İslamı terror dini kimi təqdim etmək yolverilməzdir. Terrorun və terrorçunun dini ola bilməz. "İŞID" Avropadakı miqrant gənclərə ünvanlanan anti-Qərb mesajlarını gücləndirən anti-İslam ritorikası dərhal dayandırılmalıdır. Radikalizmin və ekstremizmin qarşısını almaq üçün miqrantların ev sahibliyi edən ölkələrdə təhlükəsizlikdə olmasına inamlarını möhkəmləndirmək və öz mədəni şəxsiyyətlərini tərk etmədən onların cəmiyyətə inteqrasiyasını sürətləndirmək üçün tədbirlər görülməlidir. Radikalizmin yayılmasını önləmək üçün Avropa hökumətləri miqrantlara qarşı öz siyasətlərini yenidən nəzərdən keçirməli və məcburi köçkünlərin cəmiyyətin həyatına cəlb olunması və iştirakını təşviq etməlidir", - deyə hesabatda qeyd olunur.

Daha sonra Sahibə Qafarova radikallaşmanın qarşısını almağın yolları barədə fikirlərini və tövsiyyələrini diqqtətə çatdırıb. Onun fikrincə burada ən önəmli vasitə maarifləndirmədir: "Xüsusilə İslam cəmiyyətlərinin rəhbərləri, elm adamları və kütləvi informasiya vasitələrinin gənclərə təlqin olunan yanlış dini biliklərin qarşısını almaq üçün düzgün və effektiv maarifləndirmə işləri aparmalıdır. Həm ibtidai, həm də ali təhsildə yanlış fikirləri aradan qaldırmaq və qarşılıqlı anlaşmanı təbliğ etmək radikalizmin qarşısının alınmasında mühüm rol

oynayır. Buna görə də radikalizmin qarşısının alınması bütün müəllimlər üçün peşə fəaliyyətinin əsas hissəsi olmalıdır. Onlar mədəni və dini fərqləri anlamaq və qəbul etmək üçün təlim keçməlidirlər.

Həmçinin uşaqlara hər gün demokratiya və insan hüquqları öyrədilməlidir. Onlar məsuliyyətli vətəndaşlar olmağı və ictimai həyatda fəal iştirak etməyi öyrənməlidirlər. Müasir təhsil sistemi hər bir şagirdin fikirlərini və maraqlarını ifadə etmək imkanı verməlidir. İdman, xüsusilə futbol gənc köçkünlərin cəmiyyətə inteqrasiyasında və radikalizmin qarşısının alınmasında çox kömək edə bilər".

Millət vəkilinin fikrincə, bu proseslərdə mühüm rol oynayan media faktların təqdimatına ciddi diqqət yetirməlidir. İslamı terror dini və təhdid kimi xarakterizə edən KİV-lərin fəaliyyətini qətiyyətlə pisləmək, hətta lazım gələrsə müəyyən hüquqi sanksiyaların tətbiqi də lazımdır: "Radikallaşma artıq internet və sosial şəbəkələr vasitəsilə baş verir. Avropa hökumətləri internetdə və sosial şəbəkələrdə radikalizasiyaya qarşı mübarizə aparmağa kömək edə biləcək yerli vətəndaş təşəbbüslərini dəstəkləməlidir. Dini icmalar həssas əhalinin radikalizasiyası probleminin həllində əsas rol oynayır. Bəzi Avropa ölkələri radikalizmin qarşısının alınması üzrə tədbirlərə dini nümayəndələrin cəlb edilməsini təşviq edən xüsusi layihələr həyata keçirirlər. Radikalizmin qarşısını almaq üçün ən yaxşı yol, diasporun icmalarla işləmək potensialını artırmaqdır. Cəmiyyət və hakimiyyət orqanları yalnız işin bir hissəsini görə bilərlər, diaspor qurumları isə yerli səviyyədə anlaşılmazlıqların aradan qaldırılmasına və müxtəlif mənşəli insanlar arasında dialoqun təşviqinə kömək edə bilərlər.

Həmçinin qadınların radikalizmin qarşısının alınmasında rolunu xüsusilə vurğulamalıyıq. Qadınların rolu ailə mühiti ilə məhdudlaşmamalı, radikalizasiyanın qarşısının alınması üzrə siyasətin formalaşdırılmasına, təhsil fəaliyyəti və icma işlərinə cəlb edilməlidir".

Hesabat müəllifi bildirib ki, radikalizasiya və ekstremizmə qarşı mübarizə bir sıra maraqlı tərəflərin (hökumətlər, bələdiyyələr, hüquq-mühafizə orqanları, fərdlər və vətəndaş cəmiyyəti), idarəetmənin bütün səviyyələrində (yerli, regional və milli) və vətəndaş cəmiyyəti arasında sıx və əlaqəli əməkdaşlıq tələb edir. Bələdiyyə, polis və vətəndaş cəmiyyəti arasında əməkdaşlıq və koordinasiya işləri çox vacibdir. "Nəhayət, bütün Avropa ölkələrində dinlərarası dialoq ekstremizm və radikallaşmaya qarşı mübarizə vasitəsi kimi irəli sürülməlidir", - deyə Sahibə Qafarova müəllifi olduğu hesabatda qeyd edib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə