Bir rejimdən digər rejimə keçməklə...
Ermənistanda siyasi böhranın getdiyi bir vaxtda keçmiş sistemin – Serj Sarkisyan hakimiyyətinin bir sıra təmsilçiləri Respublika partiyasının sıralarından qopmağa başlayıblar. SİA erməni mediasına istinadən xəbər verir ki, artıq bir neçə nəfər respublikaçı deputat Nikol Paşinyanın dekabrda növbədənkənar parlament seçkilərinin keçirilməsi tələbini dəstəkləyiblər.
Alik Sarkisyan: “Növbədənkənar seçkilər keçirilməlidirsə, demək keçirilməlidir”
Belə ki, parlamentdə səs çoxluğuna malik Respublika partiyasından olan deputat, eyni adlı fraksiyanın təmsilçisi Alik Sarkisyan fraksiyadakı fəaliyyətinin de –fakto dayandırdığını bəyan edib. Civilnet.am-a bu barədə danışan deputat yaxın günlərdə fraksiya sıralarını tərk etməsi barədə rəsmi bəyanat verəcək.
Onun qərarının növbədənkənar parlament seçkiləri ilə bağlı olub-olmaması ilə bağlı verdiyi suala cavabı da ilgincdir. “Mənim üçün fərqi yoxdur, mən demişəm ki, əgər növbədənkənar seçkilər keçirilməlidirsə, demək keçirilməlidir və onun dekabrda, yanvarda, yaxud mayda keçirilməsi əhəmiyyət daşımır”, erməni deputat deyib.
Arman Saakyan: “Mən də parlamentin buraxılmasının və dekabr ayında növbədənkənar seçkilərin keçirilməsinin tərəfdarıyam”
Ermənistan parlamentinə Respublika partiyasının siyahısı üzrə seçilmiş deputatı Arman Saakyan da bəyan edib ki, dekabrda növbədənkənar parlament seçkilərinin keçirilməsinə tərəfdir. O. bu haqda facebook səhifəsində yazıb. Erməni deputat ölkədə ciddi böhranın baş alıb-getdiyini etiraf edərək, seçkilərin keçirilməyəcəyi halda, vəziyyətin daha da ağırlaşacağını bildirib.
“Hörmətli soydaşlarımız, ölkədə böhranlı vəziyyəti nəzərə alaraq, bəyan edirəm ki, mən də parlamentin buraxılmasının və dekabr ayında növbədənkənar seçkilərin keçirilməsinin tərəfdarıyam”, yazan Armen Saakyana görə, o ümidvar olduğunu deyib ki, Şirakdan olan seçicilərinin də onun qərarına dəstək verəcəyinə inanır.
Beləliklə, Saakyan hələ oktyabrın 3-də Respublika partiyasının parlament fraksiyasını tərk etdiyini bəyan edərək, bundan sonra müstəqil deputat olaraq fəaliyyətini davam etdirəcəyini bildirib.
Artur Gevorkyan: “Birmənalı olaraq, baş nazir Nikol Paşinyanın mövqeyini dəstəkləyirəm”
Serj Sarkisyana xəyanət edən daha bir deputat isə Artur Gevorkyandır. O da öz facebook səhifəsində dekabr ayında parlamentə keçiriləcək növbədənkənar seçkilərin tərəfdarı olduğunu bildirib.
“Mən, birmənalı olaraq, baş nazir Nikol Paşinyanın mövqeyini dəstəkləyirəm”, yazan deputat Gevorkyan Paşinyanın istefasından sonra növbədənkənar seçkilərə qədər baş nazir seçkilərinin keçirilməməsin, eləcə də mövcud parlamentin buraxılması tərəfdarı olduğunu bəyan edib. Buradan da aydın görünür ki, Respublika partiyasını təmsil edən deputat açıq-aşkar siyasi riyakarlığa yol verir və “quyruğunun” qapı arasında qalmasından ehtiyat edir.
Qagik Sarukyanla Arsen Ambarsumyan da Serj Sarkisyana “atış gəldilər”
Yeri gəlmişkən, yalnız parlamentdə hakim üstünlüyə malik olan Respublika partiyası deyil, eyni zamanda, bu partiya ilə uzun illər müttəfiqlik etmiş digər siyasi təşkilatlar da necə deyərlər, Serj Sarkisyanın arxasına zərbə endiriblər.
Misal üçün, “Çiçəklənən Ermənistan” partiyasının lideri Qagik Sarukyan, eləcə də daşnakların lideri Arsen Ambarsumyan da Nikol Paşinyanla danışıqlara gedərək, onun tələblərinə dəstək göstərəcəklərini bildiriblər.
Əslində isə onları nə xalq, nə ölkə, nə də Paşinyan maraqlandırmır
Beləliklə, ermənilərin xəyanət, satqınlıq və əqidəsizlik sindromu bu xalqın öz daxilində də özünü göstərməkdədir - bu dəfə siyasi mənzərədə. Məsələ ondadır ki, bu kimi deputatlar uzun illər Serj Sarkisyanın hesabına xalqın qanını içərək, böyük oliqarxlara, sahibkarlara çevrilsələr də, indi “demokratiya uğrunda” mübarizə apardıqlarını sərgiləməyə başlayıblar. Halbuki, dəyişiklik baş verərsə belə, sadəcə, rejim dəyişikliyi olacaq və Sarkisyandan imtina edilərək, Paşinyanın dəstəklənməsi sadəcə, bu kimi deputatların xalqı və ölkəni talan etməklə topladıqları var-dövlətlərinin qorunmasına hesablanmış addımdır. Əslində isə onları nə xalq, nə ölkə, nə də Paşinyan maraqlandırmır.
Çox yəqin ki, zaman gələcək və bu gün Paşinyana dəstək göstərənlər, sabah digər küçə siyasətbazının ətrafına yığışaraq, Sarkisyana vurduqları zərbədən ona da dadızdıracaqlar. Çünki Ermənistanda dərin və çözülməsi mümkün görünməyən siyasi böhran məhz buna doğru inkişaf etməkdədir.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB