“Ermənistan Azərbaycanın addımlarını yamsılamaq istəyir” ÖZƏL-ŞƏRH

“Ermənistan Azərbaycanın addımlarını yamsılamaq istəyir” ÖZƏL-ŞƏRH

“İrəvanda 11-12 oktyabr tarixlərində keçirilməsi planlaşdırılan Frankafoniya sammitini keçirməyə Ermənistanın nə mənəvi haqqı, nə də maddi imkanları yoxdur”. Bunu SİA-ya açıqlamasında Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.

Onun sözlərinə görə, Frankafoniya təşkilatı öz tərkibində müxtəlif dinə, dilə və mədəniyyətlərə malik olan, paralel şəkildə fransız dilinin də işləndiyi 50-dən çox ölkəni birləşdirir: “Onların sırasında islam, xristian və digər dinlərin daşıyıcıları var. Məqsədlərin biri fransızca danışmağı zəmin tutaraq, dilindən, dinindən asılı olmayaraq millətləri, dövlətləri vahid humanitar ideyalar ətrafında birləşdirməkdir. Ermənistan tarix boyu çoxdinliyə, mədəniyyətlərin müxtəlifliyinə hörmətlə yanaşmayıb. Hətta qloballaşmanın inikas tapdığı 21-ci əsrdə öz ərazisində olan xalqları soyqırıma, sürgünə, köçkünlüyə məruz qoyub, monoetnik dövlətə çevrilib. Monoetnik dövlət tipi bu gün dünyada çox nadir hallarda təsadüf edilən nümunələrdəndir ki, onlardan biri də məhz Ermənistandır. Belə bir ölkə müxtəlif mədəniyyətlərin, dinlərin, dillərin daşıyıcılarını necə və hansı humanitar ideyalar ətrafında birləşdirə bilər?!

Erməni təfəküründə dilləri, dinləri, mədəniyyətləri vahid humanitar aksiyalar, proqramlar ətrafında birləşdirmək yox, onları məhv etmək var. “Xocalı soyqırımı”nı törədən, başqa dinə aid olduğu üçün maddi-mədəni abidələri yerlə-yeksan edən bir ölkə və bir millət mədəniyyətlərin qorunmasını hədəf seçən qlobal aksiyaya necə ev sahibliyi edə bilər?! Bu, həm də uzaq tarix deyil, günümüzün reallığıdır, davam edən prosesdir. Ermənistan təkcə Azərbaycanla deyil, digər qonşuları ilə ərazi iddiaları baxımından ziddiyyətli münasibətdədir. Anlamaq çətindir ki, əsası humanizm, sülh, insan hüquq və azadlıqları kimi dəyərlər üzərində qoyulmuş bir təşkilat Ermənistanda necə qlobal humanitar sammit keçirə bilər? Ziddiyyət həm də ondadır ki, Ermənistanı heç bir halda fransız dilli ölkə deyil.

Paradoks həm də ondadır ki, Ermənistan iqtisadi böhran keçirən ölkədir, diaspor yardımları, xarici ianələrlə güzaran qurur. Özlərinin elan etmələrinə görə, dolanışıq səbəbindən ölkəni tərk edənlərin sayı böhranlı hala çatıb. Öz vətəndaşını dolandıra bilməyən ölkə qlobal tədbirlər üçün haradan maliyyə əldə edə bilir? Suallar çoxdur, nəticə isə birdir. İqtisadi –siyasi gərginlikdən başını itirmiş Ermənistan hakimiyyəti əhalinin aldadılmasına hesablanmış imitasiya xarakterli hərəkətlərini davam etdirir. Beynəlxalq humanitar prqoramlara ev sahibliyi etmiş Azərbaycanın hərəkətlərini yamsılamaqla, yeni dividentlər qazanmaq istəyir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə