Qurban Məmmədovdan təmsil olunduğu “Milli Şura”ya ismarııc GÖZLƏYİN!

Qurban Məmmədovdan təmsil olunduğu “Milli Şura”ya ismarııc GÖZLƏYİN!

“Milli Şura” təmsilçisi, hazırda İngiltərədə yaşayan hüquq müdafiəşisi Qurban Məmmədovun xüsusilə bu qurumun passivliyini və fəaliyyətsizliyini, o cümlədən, uğursuzluqlarını etiraf etməsi onun təhqir olunması ilə nəticəsini tapıb. SİA xəbər verir ki, feysbuk sosial şəbəkəsi vasitəsilə ittihamlarını irəli sürən Qurban Məmmədov “Milli Şura”nın koordinasiya mərkəzinin üzvləri Gültəkin Hacıbəyli və Eldəniz Quliyev, o cümlədən, AXCP sədri Əli Kərimlinin söyüş qrupu tərəfindən hücumlara, eyni zamanda təhqirlərə məruz qalıb. Hətta bu günlərdə onun adıçəkilən qurumdan çıxarılması ilə bağlı rəhbərlikdə müzakirələrin başlanıldığı barədə də xəbərlər var.

Hüquq müdafiəçisinin “Milli Şura” ilə yolları ayrılır – səbəbləri var

Qeyd edək ki, Qurban Məmmədovun rəhbərlik etdiyi “Azerifreedom” internet kanalı uzun müddətdir ki, “Milli Şura”nın təbliğatı ilə məşğuldur. Lakin son vaxtlar həmin kanal təbliğata son qoyaraq, qurum daxilində baş verən ziddiyyətləri, eləcə də uğursuzluqların səbəbləri barədə informasiyalar yayır. O cümlədən, sosial şəbəkə vasitəsi ilə də fikirərini ictimailəşdirən Məmmədovun statuslarına verilən cavablardan da aydın görünür ki, artıq onun “Milli Şura” ilə yolları ayrılır. Bu baxımdan, hüquq müdafiəçisi təmsil olunduğu quruma son zərbəsini vurmaq üçün oun iradlarına və ittihamlarına qarşı çıxanları debata çağırıb. Eyni zamanda, o debatda “Milli Şura”nın sədri Cəmil Həsənlini, AXCP sədri Ə.Kərimlini, eləcə də G.Hacıbəyli ilə E.Quliiyevi görmək istədiyini də bildirib.

Gültəkin Hacıbəyli: ““Bu qədər böhtan, şər və qarayaxmadan sonra?!”

Lakin nə qədər maraqlı görünsə də, G.Hacıbəyli Q.Məmmədovla debata qatılmaqdan imtina edən fikirlərlə çıxış edib və bildirib ki, qarşı tərəf “Milli Şura”ya və onun təmsilçilərinə şər-böhtan atır və qarayaxma kampaniyası aparır. Ona görə də debata qatılmayacağını bildirib. “Bu qədər böhtan, şər və qarayaxmadan sonra?!”. Sual edən Hacıbəyli bununla yanaşı, Q.Məmmədova debatın keçirilməsi qaydasını da anlatmağa çalışıb. SİTAT: “Birincisi, elə debat olmur. Debat iki tərəf arasında neytral yerdə və neytral moderatorun iştirakı ilə keçirilir. Sizin kanalda, sizin həm ifrat qərəzli tərəf, həm də moderator olduğunuz, özünüz suallar verib qarşı tərəfə hücuma keçdiyiniz format dünya jurnalistika tarixində yenilikdir. Nə istəyirsiniz adına deyin, ancaq debat deyil!”

“O ki, qaldı Vidadi İsgəndərli ilə debata, bunu da siz istədiyiniz TV kanalında təşkil edin, mən hazıram”

G.Hacıbəyli eyni zamanda Q.Məmmədovu onları debata çağırmaqdansa, Vidadi İsgəndərlinin onu debata çağırdığını və hüquq müdafiəçisinin həmin debata qatılmamasını xatırladıb. “Bu formata debat demək auditoriyanın bilgisizliyindən istifadə edib onu aşağılamaqdır. İkincisi, sizi gərək ki, Vidadi İsgəndərli israrla debata çağırıb”, deyə “Milli Şura”nın koordinasiya mərkəzinin üzvü bildirib.

Söz yox ki, Q.Məmmədov da G.Hacıbəylinin dediklərini cavabsız buraxmayıb. xanım siyasətçiyə belə cavab verib: “Hörmətli Gültəkin xanım, iradlarınızı qəbul edirəm. İstədiyiniz TV kanalında debat (adını nə qoyursunuz qoyun) təşkil edin, mən razıyam. O ki qaldı Vidadi İsgəndərli ilə debata, bunu da siz istədiyiniz TV kanalında təşkil edin, mən hazıram. Sevinc Osmanqızı ilə danışın, bu debatları təşkil etsin. Məmnuniyyətlə gözləyirəm. Gültəkin xanım, bir də bilmək istərdim, “Bu qədər böhtan, şər və qarayaxmadan sonra?"- deyəndə, nəyi nəzərdə tutursunuz? Mən sizə hansı böhtanı atmışam, necə şərləmişəm sizi? Deyəsən, siz mənim verilişimin əsl mahiyyət və məramını tuta bilməmisiniz. Bəli, bir az kəskin ifadələr işlətmişəm, cəmiyyəti oyatmaq üçün, ancaq əsla sizə böhtan, şər atmaq fikrim olmayıb...”

Eldəniz Quliyev: “Qurban Məmmədov sadəcə naxoşdur-əskiklik kompleksi ilə yaşayan xəstə təxəyyülü zavallı bir adam...”

Əslində isə, Q.Məmmədov G.Hacıbəylini dolayı yolla siyasi əqidəsizlikdə günahlandırıb və müxalifətə qoşulduqdan sonra hələ də bu düşərgəyə inteqrasiya oluna bilmədiyinə eyham vurub: “Mən hakimiyyətdən qopanların müxalifətə inteqrasiya üsullarından, mitinqin təşkilatçılığındakı problemlərdən danışmışam. Siz bu debatları təşkil edin, öz mövqeyimi sizə üzbəüz tamaşaçıların gözü qabağında izah edərəm. Siz sübut etsəniz ki, mən sizə şər-böhtan atmışam, sizdən üzr istəməyə hazıram, Gültəkin xanım”.

Bu arada, “Milli Şura”da “harada aş, orada baş” statusunu qazanmış Eldəniz Quliev Q.Məmmədov-G.Hacıbəyli polemikasına müdaxilə edərək, birincini daha ağır şəkildə təhqir edib və “xəstə” adlandırıb. SİTAT: “Bircə bunu deyə bilərəm ki, Qurban Məmmədov nə artistdir, nə də dəli. Dədə Qorquddan çox Yalıncıq və Məşədi İbaddan çox onun hambalıdır. Əslində isə, sadəcə naxoşdur-əskiklik kompleksi ilə yaşayan xəstə təxəyyülü zavallı bir adam...
Allah şəfa versin!”.

“Eldəniz Quliyev haqqımda təhqiramiz yazılar paylaşıb və bəzi AXCP üzvləri əleyhimə total təbliğat və söyüş kompaniyasına rəvac veriblər”

Bütün bunlara Q.Məmmədov sosial şəbəkə profilində cavab verib: “Azerifreedom” kanalında “Milli Şura”nın üzvü Gültəkin Hacıbəylinin timsalında xalqın müxalifətə inanmamasının, müxalif qüvvələrə etibar etməməsinin səbəbləri barədə yayımladığım verilişdən sonra Gültəkin xanım və Milli Şura üzvü Eldəniz Quliyev haqqımda təhqiramiz yazılar paylaşıb və bəzi AXCP üzvləri əleyhimə total təbliğat və söyüş kompaniyasına rəvac veriblər.

Uğur olsun!”
“Mən nə “Milli Şura”nı, nə də Gültəkin xanımı agent adlandırmışam”, deyə davam edən hüquq müdafiəçisi qarşı tərəfin nəyə görə özlərindən şübhələndiklərini bilmədiyini deyib, xüsusilə Ə.Kərimlinin söyüş qrupu saxladığını və bu məsələdə pərgar olduğunu bildirib: “Adamlar niyə özlərindən belə şübhələniblər, anlamıram. Mən, sadəcə, xalqın müxalifətə inanmamasının səbəbləri barədə öz fikirlərimi bildirmişəm. Fikirlərim səhv də ola bilər. Ancaq heç kimi agentlikdə ittiham etməmişəm və təhqir etməmişəm. Tənqid etmişəm, yol göstərmişəm. Əgər bu söyüş və təhqir yarışıdırsa, burada təbii ki, AXCP liderdir, bunu bəri başdan etiraf edirəm”.

Qurban Məmmədov 3 gün vaxt verib, 5 nəfərin mövqeyini gözləyir?

Beləliklə, G.Hacıbəylinin, xüsusilə, E.Quliyevin haqqında yazdıqlarına hələlik cavab verməyəcəyini, eləcə də üç gün “Milli Şura” üzvlərindən 5 nəfərin – Ə.Kərimlinin, V.İsgəndərlinin, Fuad Ağayevin, Namizəd Səfərovun və İbrahim İbrahimlinin bu barədə öz mövqelərini açıqlamalarını gözləyəcəyini bildirən Q.Məmmədov çox yəqin ki, bu quruma qarşı daha ağır ittihamları və faktları ifşa edəcək. Hər halda, havalar soyuyar-soyumaz, radikal düşərgədəki münasibətlərin də soyuqluğu artıq üzə çıxmağa başlayıb. Görünür, bu amili nəzərə götürən hüquq müdafiəçisi başda AXCP sədri Ə.Kərimli olmaqla, bütün “Milli Şura” üzvlərini internet tv-nin efirində canlı debatlara dəvət edəcəyini bildirib.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə