Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfərlər edən AP-nin Kipr Respublikasından olan üzvü Eleni Teoxarus avropalı erməni lobbistləri tərəfindən maliyyələşdirilir
Avropadakı erməni lobbisinin nümayəndələri hər bir cəhddə çalışırlar ki, dünya ictimaiyyətində Ermənistan tərəfindən işğal edilən və Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağla bağlı yanlış təsəvvür yaratsınlar. Bununla bağlı müxtəlif vasitələrə əl atan ermənilər bu işə avropalı siyasətçiləri də qarışdırmaqdan çəkinmirlər. Əlbəttə ki, burada avropalı siyasətçilərin də şəxsi təşəbbüsləri var. Amma bu təşəbbüsü göstərənlərin Avropa Parlamentini təmsil etməsi bu quruma qarşı olan şübhələri daha da artırır.
Söhbət AP-nin Kipr Respublikasından olan üzvü Eleni Teoxarusdan gedir. Bir çoxlarına Azərbaycanın işğal edilmiş ərazilərinə etdiyi qanunsuz səfərləri və bunun nəticəsində, ölkəyə "girişi arzu olunmayan şəxslər siyahısına" daxil edilməsi və haqqında AR Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılması ilə tanınan E.Teoxarus haqqında geniş ictimaiyyətə bəlkə də bəlli olmayan bəzi məqamlara aydınlıq gətirmək istərdik.
Siyasi karyerasına 2001-ci ildə Limasol bölgəsindən Kiprin Nümayəndələr Palatasına üzv olaraq seçilməklə başlayan E.Teoxarus 2009-cu ildən etibarən AP-də Avropa Xalq Partiyası siyasi qrupunun üzvü qismində fəaliyyətə başlayır. Kiprdə 2016-cı ildə qanunvericilik seçkilərdən öncə, siyasi baxışlarında olan ayrı-seçkilik səbəbi ilə sağ təmayüllü mühafizəkar Demokratik Yürüş Partiyasını tərk edən və özünün millətçi Həmrəylik Hərəkatı Partiyasını quran Teoxarusun, Disy-ni tərk etməsinin əsas səbəbi partiyanın Kipr adası məsələsinin iki zonalı həlli yoluna olan baxışına qarşı çıxması olub. Təsadüfi deyil ki, radikal millətçi baxışları ilə seçilən və "Kipr Respublikasını xilas edək" şüarı altında fəaliyyət göstərən bu deputat öz fəaliyyətinin əsas hədəfini, məhz anti-Türkiyə istiqamətini müəyyən edib. AP üzvlüyü dövründə Parlamentin üzvlərinin Avropa Komissiyasına onları maraqlandıran bu və digər məsələlər ilə bağlı yazılı suallarla müraciət etmək prosedurandan faydalanaraq, 2014-cü ildən etibarən deputat tərəfindən Komissiyaya ünvanlanan 45 sualın böyük əksəriyyəti Türkiyə əleyhinə yönəlib.
Deputatın siyasi baxışları onun Ermənistan və erməni diasporu ilə olan əlaqələrini, eləcə də, Rusiyaya isti münasibətlərinə aydınlıq gətirməyə müvafiq zəmin yaradır. Hələ 1990-cı illərdən həkimlik fəaliyyəti çərçivəsində Ermənistan və erməni lobbiçilik torunun alətinə çevrilən deputat ölkəmizin işğal olunmuş Dağlıq Qarabağ bölgəsində "humanitar missiya" fəaliyyəti altında cərrahiyyə əməliyyatları həyata keçirmiş və bu xidmətlərinə görə "Dağlıq Qarabağın şərəf qızıl medalına" layiq görülüb. Maraqlıdır ki, peşəkar cərrah, Hippokrat andı içmiş həkim E.Teoxarus erməni silahlı qüvvələri tərəfindən 1993-cü ildə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf rayonları işğal edilən zaman yüz minlərlə insanın üzləşdiyi etnik təmizləməyə, 1992-ci ilin 26 fevral tarixində Xocalı şəhərində yalnız bir gecədə 613-dən nəfər mülki azərbaycanlının qətliamına göz yumaraq, nədənsə, "humanitar" xidmətlərini Dağlıq Qarabağın erməni icmasına təklif etməklə kifayətlənib.
E.Teoxarusun Ermənistan və erməni diaspora təşkilatlarının sifarişi əsasında Azərbaycan torpaqlarının hərbi işğalı və nəticədə yaradılmış qondarma separatçı rejimin beynəlxalq müstəvidə, xüsusilə də, AP çərçivəsində təşviqi fəaliyyəti göz qabağındadır. Deputatın Azərbaycanın işğal edilmiş DQ bölgəsinə etdiyi çoxsaylı qanunsuz səfərlərdən yalnız sonuncusuna (2018-ci ilin 27 sentyabr tarixində) nəzər yetirmək kifayətdir. Deputatı səfər boyu müşayiət edən və ona DQ-də əsl gəzinti turu təşkil edən Kaspar Karametyan, bəli, Avropada erməni işğalını legitimləşdirmək istiqamətində fəaliyyət göstərən o şəxs.
Diqqətimizi cəlb edən bir məqam ondan ibarətdir ki, AP üzvü qismində üçüncü tərəf vasitəsilə maliyyələşdirilən tədbirlərdə iştirakına dair açıqlama vermək məcburiyyətində olan E.Teokarus bu günədək Azərbaycanın işğal edilmiş ərazilərinə çoxsaylı səfərlər etməsinə rəğmən AP-nin rəsmi internet səhifəsində yalnız 2017-ci ilin fevral ayında Dağlıq Qarabağda keçirilən qondarma "referendumda" iştirakla bağlı səfərinə dair bəyanat yerləşib.
Avropa Parlamentinin üzvü E.Teoxarus Azərbaycanın işğal edilmiş ərazilərinə səfər edir, etnik separatçılığı dəstəkləyən qızışdırıcı mövqedən çıxış edir, Avropa Parlamenti isə, bütün bunlara kiçik bir xəbərdarlıq etməklə, münasibət bildirir. Belə hallar yolverilməzdir və Azərbaycanla Avropa İttifaqı arasındakı münasibətlərin ruhuna ziddir. Eyni zamanda, E.Teoxarusun səfərləri avropalı erməni lobbistləri tərəfindən maliyyələşdirilir ki, bu da ayrıca bir hüquq pozuntusudur. Bəzən olmayan hadisəyə görə ittiham edilən parlamentarilərdən fərqli olaraq, Teoxarusa heç bir cəza növü tətbiq edilmir. Bu, hüquqla siyasi manipulyasiya etməkdir. Hüquq qarşısında Avropa İttifaqına üzv olan ölkələr də, Avropa İttifaqı ilə yaxın əməkdaşlıq içərisində olan ölkələr də bərabər olmalıdır. Hər hansı bir ölkənin ərazi bütövlüyü daha çox qiymətli, digərininki isə dəyərsiz ola bilməz. Bu, hüquqi qeyri-bərabərlik və ədalətsizlik olardı. Ona görə də, Avropa Parlamenti öz üzvü haqqında, Nizamnaməsinə uyğun olaraq, ciddi cəza tədbirləri görməlidir.
Ona görə də, qanunsuz səfərlərinin hər birini Avropa Parlamentinin üzvü mandatından sui-istifadə etməklə və bir növ AP-nin rəsmi nümayəndə heyətinə rəhbərlik edirmiş kimi qələmə verməyə çalışan, E.Teoxarusun bu fəaliyyətinin AP üzvlüyündən sui-istifadə halı kimi araşdırılması, eləcə də, onun xaricdən maliyyələşən səfərləri haqqında AP-yə müvafiq açıqlama verməsi məsələsinin ətraflı yoxlanılmasında bir fayda olacağını düşünürük. Nəticədə, söhbət Avropa dəyərlərinin, qanunun aliliyinin və insan hüquqlarının əsas keşikçisi olan Avropa Parlamentinin tam hüquqlu üzvündən gedir. Ümumiyyətlə, o insanların Avropa Parlamentində qalıb-qalmaması məsələsinə baxılmalıdır. Əgər Avropa Parlamenti haqdan, ədalətdən, demokratiyadan, qanunların aliliyindən danışırsa, bunu düşünməlidir.
"Səs" Analitik Qrupu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB