Yaxud, vitse-spiker Paşinyanı niyə ələ saldı?
“Siyasi təkəbbür və abırsızlıq Nikol Paşinyandan min dəfələrlə güclü xadimləri məhv edib”. SİA aysor.am-a istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov baş nazir Nikol Paşinyanın “ölkədəki eyforiya bundan sonra hələ 15 il də davam edəcək” ifadələrinə münasibətini açıqlayarkən deyib.
Eyforiya 15 il davam edərsə belə...
Paşinyanın özündənrazı şəkildə növbədənkənar parlament seçkilərini məhz dekabr ayında keçirəcəyi iddiasında olmasının doğru seçim olmadığını deyən Şarmazanova görə, hətta eyforiya 15 il davam edərsə belə, bu o demək deyil ki, seçkilər də 15 il keçirilməyəcək: “Biz görmüşük ki, Bonapartı bonapartizm yıxıb, görmüşük ki, Levon-Ter Petrosyan 90 faiz səs toplamışdı. O da vaxtilə ondan güclü olan xadimləri məhv etdi”.
Beləliklə, Paşinyana eyham vuran Şarmazanov 1991-ci ildə Levon-Ter Petrosyanın nə qədər səs topladığını xatırladaraq, onu da bildirib ki, artıq 1992-ci ilin sonlarında Yerevana tələbə kimi getdiyi zaman onun haqqında (Ter-Petrosyanı nəzərdə tutur-red.) insanların müsbət rəy verdiklərini görmədiyini deyib.
İddia: “Paşinyan may ayında baş nazir olmalı deyil, dərhal növbədənkənar seçkilərə getməli idi”
Ermənistan parlamentinin vitse-spikeri bildirib ki, Paşinyanın parlamentdə səs çoxluğu olmaması üzündən effektli işin aparıla bilməməsi iddiası ilə razı olmadığını deyib: “Əgər bu belədirsə, Paşinyan hələ may ayında baş nazir olmalı deyil, dərhal növbədənkənar seçkilərə getməli idi”.
“Ehtimal etmək olar ki, həmin vaxt onun resursları yox idi və dövlət resurslarını götürmək lazım idi – polisi, Milli Təhlükəsizlik Xidmətini, Dövlət mühafizəsini, Dövlət nəzarətini, nazirlikləri və s.”, deyə bildirən Şarmazanov bu resursların seçkilər üçün istifadə ediləcəyini bildirib: “Məhz bunu ehtimal etmək olar, mən ayrı cür əsaslandırma görmürəm. Əgər bəyan edirsənsə ki, heç nəyi dəyişmək lazım deyil, biz seçkilərə dekabr ayında gedirik, onda xalq bunu nəyə görə may ayında tələb etmirdi?”
Sonda isə, Eduard Şarmazanov Paşinyanın iddiasına istehzalı münasibət bildirərək belə bir sual da ünvanlayıb: “Bəlkə xalq may ayında Şarmazanovu sevdiyini və onun baş nazir olması vacibliyini tələb edib?”
Beləliklə, Nikol Paşinyanın iddiası artıq siyasi dairələrdə gülüş obyektinə çevrilib və ölkədəki siyasi böhranın get-gedə xaosa da sürüklənəcəyini proqnozlaşdırmaq olar. Hələlik isə, söz savaşları aparılır...
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB