“Ermənistanın baş naziri Nikol Paşinyanın daxili siyasətdəki strategiyası doğrudur. O, Yerevanda mer seçkisində tərəfdarının mütləq qalibiyyətini təmin etdikdən sonra anladı ki, erkən parlament seçkisində də uğur qazana bilər”. Bunu SİA-ya politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Paşinyan onu da anlayır ki, erkən seçkini may ayına saxlamaq olmaz: “Çünki Paşinyanın ölkə daxilində reytinqi indi yüksəkdir, maya qədər hadisələr onun əleyhinə yönələ bilər. Ona görə də seçkini dekabrda keçirib parlamentdəki mövqelərini gücləndirib indikindən güclü baş nazir olmaq istəyir.
Buna baxmayaraq, müxalif qüvvələr də zəif deyillər. Parlamentdəki Respublika Partiyası anlayır ki, erkən seçki onların sonunu gətirəcək, xalqdan dəstək ala bilməyəcəklər. Ona görə də isti yerlərini itirməmək üçün müqavimət göstərirlər. Belə olan halda Paşinyan inqilab vaxtı olduğu kimi tərəfdarlarını küçəyə çağırdı ki, bu yolla qarşısındakılara təzyiqi artırsın. Paşinyanın küçədən başqa resursu yoxdur. Böyük ehtimalla küçə yenə parlament üzərində qələbə çalacaq və erkən seçki təyin ediləcək”.
Politoloq bildirib ki, Paşinyanın durumu ağırdır: “Bir tərəfdən müxalifətin təxribatları ilə mübarizə aparır, digər tərəfdən qarşısında ondan narazı böyük Rusiya var, üstəgəl Dağlıq Qarabağdakı erməni separatçılarına nəzarət etməlidir, üstəgəl adminstrativ resursları da kifayət qədər deyil. Ona görə də Ermənistanda hərbi çevrilişi istisna etmirəm.
Robert Köçəryan və Serj Sərkisyan çevrilişi bir dəfə 1997-ci ildə sınaqdan keçiriblər, Levon Ter-Petrosyanı prezident kürsüsündən deviriblər. Onlar bu ssenarini yenə təkrarlamaq həvəsinə düşə bilərlər. Onlar bu işə Paşinyandan narazı generalları da cəlb edə bilərlər. Ancaq Levon Ter-Petropsyandan fərqli olaraq Nikol Paşinyan asanlıqla təslim olmayacaq, xalqı küçələrə səsləyəcək. Bu isə Ermənistanda vətəndaş qarşıdurmasını gücləndirəcək, hətta vətəndaş müharibəsi ehtimalını artıracaq. Biz yaxın aylara görə planlarımızı tutmalıyıq. Ermənistanda bütün ssenarilərə hazır olmalı və bundan öz məqsədlərimiz üçün istifadə etməyi bacarmalıyıq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB