“Rusiya regionda Ermənistana ən böyük təsir edən dövlətdir” ÖZƏL-MÜNASİBƏT

“Rusiya regionda Ermənistana ən böyük təsir edən dövlətdir” ÖZƏL-MÜNASİBƏT

“Rusiya prezidenti Vladimi Putin ölkəmizə səfəri çərçivəsində bildirdi ki, Rusiya ilə Azərbaycan arasında ikitərəfli xoş münasibətlər və qarşılıqlı etimad var. Təbii ki, bu əlaqələrin əsasını Ümummilli Lider Heydər Əliyev qoyub”. Bunu SİA-ya Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin (TOHGMİB) sədri, hərbi ekspert Emin Həsənli deyib.

Onun sözlərinə görə, Ulu Öndərin dünya siyasətinə böyük bir baxışı olub: “Bu siyasəti yeni çalarlarla cənab Prezident İlham Əliyev uğurla davam etdirir. Bu gün Azərbaycan əməkdaşlıq bir məkanıdır. Amma vaxtilə Azərbaycanı qarşıdurma məkanına çevirmək istəyirdilər. Bu gün Suriya, İraq kimi dövlətlər qarşıdurma məkanına çevrilib. Lakin Azərbaycan dövləti İranla Rusiya arasında nəqliyyat dəhlizlərinin keçdiyi bir yerdir. Xəzərlə bağlı hüquqi status məsələsi həll olundu və Azərbaycanın mənafeyləri nəzərə alındı. Eləcə də Avropa ilə Asiya arasında olan dəmir yolu dəhlizi ölkəmizdən keçir. Bu gün Azərbaycan müstəqil və balanslı siyasət aparır. Bu bizim böyük bir nailiyyətimizdir.

Son dövrlərdə Azərbaycana mütəmadi səfərlər – Almaniya kansleri Angela Merkelin, İtaliya prezidentinin, eləcə də Azərbaycan Prezidentinin Avropaya, Rusiyaya səfəri və s. hamısı ölkəmizin nə qədər güclü bir siyasət aparmasının nəticəsidir. Bu gün Rusiya dövləti ilə bizim siyasi, iqtisadi, hərbi əməkdaşlığımız var. Amma Ermənistan dövləti sürüşkən siyasət aparır. Ermənistan müstəqil dövlət olmadığına görə başqa dövlətlər tərəfindən də hörmət görmür. Azərbaycan dövlətinə isə bütün dövlətlər hörmətlə yanaşır. Bu gün bizim əhalimizin böyük bir hissəsi Rusiyada yaşayır. Həmçinin bizim Rusiyadan gözləntilərimiz də var. Çünki rəsmi Moskva BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biridir. Bir sözlə regionda Ermənistana ən böyük təsir edən dövlətdir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə