Dağlıq Qarabağ münaqişəsini alət etmək niyyətində olan oyunbazlar
Baxmayaraq ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində meydana çıxmış Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində, daha dəqiq desək ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli istiqamətində Azərbaycan dövləti qətiyyətli mövqe nümayiş etdirir, bəzi siyasi oyunbazlar buna kölgə salmağa cəhd edirlər. Münaqişənin həlli ilə əlaqədar ölkə başçısının rəhbərliyi altında həyata keçirilən siyasətə, atılan zəruri addımlara zərrə qədər şübhə ola bilməsə də bəzi avantüristlər bunu sanki görmürlər. Bütün diplomatik inkanlardan istifadə olunaraq münaqişənin həll edilməsinə səy göstərilsə də, Dağlıq Qarabağ münaqişəsinin həlli hər zaman olduğu kimi indi də diqqət mərkəzində olsa da bunu inkar etməyi özünə rəva bilən manipulyatorlar da tapılır.
Azərbaycan Ordusunun qüdrəti, Ermənistanda müşahidə olunan təlaş aparılan məqsədyönlü siyasətin təzahürüdür
Azərbaycanda ordu quruculuğu, ölkənin hərbi qüdrətinin artması belə məhz münaqişənin həllinə hesablanmış məqsədyönlü siyətdir və təkzib etmək olmaz ki, bu fəaliyyət uğurla davam etdirilir. Əbəs yerə deyil ki, sonuncu möhtəşəm hərbi parad işğalçı ölkədə nəzərəçarpacaq dərəcədə güclü rezonans doğurub. İndi düşmən belə ən müasir silahlarla təchiz edilmiş Azərbaycan Ordusunun qüdrətini etiraf etmək məcburiyyətindədir. Çünki, 15 sentyabrda keçirilən parad ölkəmizin hərbi qüdrətini və imkanlarını kifayət qədər nümayiş etdirdi. İndi bütün dünya ictimaiyyəti çox gözəl başa düşür ki, Azərbaycan ən qısa zamanda işğalçılardan torpaqlarını geri almaq əzmindədir və bunu dərk edən ermənilərin də təlaş içində olması başa düşüləndir. Başa düşülən isə odur ki, ermənilər hər an Azərbaycan ordusunun qarşısında aciz qalmaq təhlükəsi ilə üz-üzə olduğunu anlayır və məhz bu səbəbdən də haqlı olaraq qorxurlar. İndi Nikol Paşinyanın da öz əvvəlki davakar ritorikadan fərqli bir şəkildə danışıqlara meyl etməsi, bu təlaşın, bu qorxunun və bir sözlə Azərbaycan Ordusunun qüdrətinin, Dağlıq Qarabağ münaqişəsi istiqamətində aparılan siyasətin məqsədyönlü olduğunun təzahürüdür.
Dövlətimizin uğurlu siyasəti sayəsində onsuz da Dağlıq Qarabağ problemi ən yaxın zamanda öz həllini tapmaq üzrədir və ümumiyyətlə, Azərbaycan xalqı Dağlıq Qarabağ münaqişəsini, işğal altında olan torpaqlarımızı bir an belə unutmayıb. Ölkə ictimaiyyəti bu problemin bir an belə tez həll olunmasını istəyir. Qarabağla bağlı heç nə yaddaşlardan silinməyib və hər zaman olduğu kimi xalqımız ən prioritet məsələ münaqişənin həll edilməsidir ki, bunu xatırlatmaq yersizdir. Belə olan halda Dağlıq Qarabağ adı altında insanları idman meydançasına toplamağın nə anlamı qalır? Kimə nəyi xatırlatmaq istəyirlər? Dağlıq Qarabağ kimi problemimi, işğal faktınımı, terrora məruz qaldığınımı, yoxsa həmin ərazilərin bizə məxsus olduğunumu? Bütün bunlar ən həssas və Azərbaycan cəmiyyəti üçün bəlli olan məsələ deyilmi? O zaman, görəsən Dağlıq Qarabağ adı altında, mitinq niyyəti ilə insanları bir yerə toplamaqda məqsəd, məram nə ola bilər?
Qarabağ münaqişəsindən öz maraqları üçün istifadə edənlər, indi də idman meydançasını şou məkanına çevirməkdən çəkinmirlər
Təbii ki, burada məqsəd nə Dağlıq Qarabağ problemi, nə də münaqişənin həlli deyil. Görünür, öz ətrafında tərəfdar, ən az sayda belə adam toplaya bilməyənlər, qeyd etdiyimiz kimi ictimaiyyətin ən həssas, ən yaralı məqaməndan istifadə etmək qərarına gəliblər. Hər dəfə mitrinq adı altında biabırçı sayda insan toplayanlar indi də arzu etdiyi qədər say qazanmaq üçün belə bir yola əl atırlar. Yəqin güman edirlər ki, bu həssas mövzunun köməyi ilə toplamaq istədikləri adamların sayında köklü dəyişikliklər olacaq və idman meydançası dolub daşacaq. Bir sözlə, Dağlıq Qarabağ münaqişəsindən öz maraqları üçün istifadə edənlər, indi də idman meydançasını şou məkanına çevirməkdən çəkinmirlər.
Doğrudur, əgər Azərbaycan hökuməti sözügedən münaqişə ilə əlaqədar insanların bir araya gəlməsi, bir yerə toplaşması çağırışı ilə çıxış etsəydi, o zaman toplaşacaq insanlar nəinki idman meydançasına, şəhərin heç bir məkanına da sığışa bilməzdi. Amma məsələ burasındadır ki, müxalifət başbilənlərinin istifadə etmək üçün alətə çevirməyə çalışdıqları bu mitinqdən arzuladıqları nəticəyə ümid etməyin avamlıq olduğunu bu şou həvəskarları dərk etmək məcburiyyətindədirlər. Daha doğrusu buna əmin oldular da. Dərk etmək məcburiyyətindədirlər ki, ölkə ictimaiyyətinə, onun Dağlıq Qarabağ kimi problemini, münaqişə ilə bağlı məsələlərini xatırlatmaq yersizdir və hər bir vətəndaşın indi ən böyük arzusu məhz bu münaqişənin həlli və torpaqlarımızın ən tez zamanda işğalçılardan geri alaraq qaytarılmasıdır.
Digər tərəfdən, özlərinə müxalifət adı qoyan avantüristləri əgər həqiqətən də Dağlıq Qarabağ məsələsi, münaqişə maraqlandırırdısa, o zaman gedib xarici ölkələrdə şəkil çəkməklə yox, uşaq kimi oynamaqla yox, məhz normal və qəbuledilən siyasi yollarla mübarizə aparardılar. İstər mühacir kimi xaricdə oyunbazlıq edənlər, istərsə də mitinq adı altında idman meydançasına toplaşanlar bütün bu şouların əvəzinə, məskunlaşdıqları ölkələrin küçələrində, beynəlxalq təşkilatların qarşısında, hətta Ermənistan səfirliyi önündə yığışa və sivil qaydada siyasi fəaliyyət sərgiləyə bilər, Dağlıq Qarabağ məsələsini ön plana çəkməyə çalışardılar. İşğal faktını sübuta yetirən sənədli materiallarla, soyqırımı təsdiq edən, ələlxüsus Xocalı kimi insanlıq dramına imza atan vəhşilikləri, terroru sübut edən faktlarla nümayişlər edə bilər və o zaman həqiqətən də münaqişənin həllinə çalışdıqlarını təsdiq edə bilərdilər.
Dağlıq Qarabağ məsələsini manipulyasiya predmetinə çevirmək cəhdləri baş tutmadı
Azərbaycan cəmiyyəti avantüristlərin bu cəhdlərinə göründüyü kimi məhəl də qoymadı. Bu dəfə isə Dağlıq Qarabağ məsələsini manipulyasiya predmetinə çevirmək cəhdləri baş tutmadı. Çünki, çirkin məqsədlərini təmin etmək istəyənlərin səmimiyyətinə inanan yoxdur və onların çağırışlarını da hesaba alan tapılmaz. Azərbaycan cəmiyyəti mitinq adlı təşkil olunmuş şounun fərqindədir. İctimaiyyət reallıqları görür və lazımınca dəyərləndirir. Hər bir hal göz qabağındadır və bəlli olur ki, hətta xalqım, vətənim deyən Əli Kərimli, Arif Hacılı, İsa Qəmbər kimilərinin əksəriyyəti belə bu mitinqə qatılmaq marağında deyildilər. Qatılmadılar da. Görəsən, bu xalqın adından danışanların özlərini də bu xalqa məxsus torpaqlar maraqlandırmırdı, yoxsa bu dəfəki mitinqlərdə onlara çatacaq siyasi divident yox idi? Sual oluna bilər ki, ay müxalifət başbilənləri, necə olur ki, sizin Dağlıq Qarabağ çağırışlarınıza öz içinizdəki liderləriniz belə məhəl qoymurlar? Necə olur ki, müxalifət düşərgəsinin sıravi üzvləri bu mitinqə qatılır, amma başbilənləri, liderləri, partiya sədrləri, qurum rəhbərləri yox? Yoxsa, “Milli Şura” sədrinin, Cəmil Həsənlinin bir vaxtlar ağız dolusu Qarabağ qışqırıqları indi yadına düşmür? Nə oldu bəs, niyə bu şuranın rəhbəri qatılmadı mitinqə? Bu fakt özü-özlüyündə təsdiq etmirmi ki, mitinqin şou xarakterli olduğunu özləri də yaxşı başa düşürlər? Bu fakt özü etiraf deyilmi?
Müxalifət düşərgəsi artıq etiraf etməlidir ki, mitinq dedikləri bu toplantı da yalnız “şou” kimi dəyərləndirlə bilər və reallıqdan uzaq pafoslu fikirlər Azərbaycan xalqının iradəsini əks etdirmir. Bu mitinq də əvvəlkilərdən nə kəmiyyət, nə də keyfiyyət baxımından zərrə qədər fərqənmədi və konkret siyasi məqsədlər gün kimi aydın idi. Tam şəkildə aydın idi ki, bu dəfə də toplşmanın məqsədi siyasi divident qazanmaqdır. Amma ictimaiyyət bunun tamamilə əksini müşahidə edirdi və Azərbaycan cəmiyyəti bir daha əmin oldu ki, müxalifət düşərgəsində təmsil olunan şoumenlər, Dağlıq Qarabağ məsələsindən belə müxtəlif siyasi məqsədlər üçün, özü də çirkin məqsədlər üçün istifadə edən oyunbazlardır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB