"ADEX-2018" sərgisi Azərbaycan silahlarına beynəlxalq marağı artırır" AÇIQLAMA-ÖZƏL

"ADEX-2018" sərgisi Azərbaycan silahlarına beynəlxalq marağı artırır" AÇIQLAMA-ÖZƏL

“Ölkəmiz artıq illərdir ki, hərbi sahədə böyük strateji addımlar atır və bu addımlardan ən mühümü Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin yaranması idi. Bu gün Nazirliyin istehsal etdiyi silahlar dünya bazarında özünə yer almaqdadır”. Bu fikirləri SİA-ya açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov deyib.

Artıq bir sıra ölkələrin Azərbaycanda istehsal olunan silahlara böyük maraq göstərdiyini deyən ehtiyatda olan polkovnik bildirib ki, “ADEX-2018” kimi Beynəlxalq Müdafiə sərgilərinin ölkəmizdə keçirilməsi dünyada Azərbaycanın istehsalı olan silahlara olan marağın daha da artmasına xidmət edir: “Bildiyiniz kimi sərgidə Azərbaycanla yanaşı digər ölkələrin də silah-sursatları nümayiş olunur. Bütün bunlar Azərbaycanın dünya ölkələri tərəfindən silah istehsalçısı kimi qəbul edildiyinin göstəricisidir ”.

C. Xəlilov söyləyib ki, Azərbaycan tərəfindən həyata keçirilən paradlar, xarici nümayəndələrin iştirakı ilə reallaşan təlimlərdən də görünür ki, ölkəmiz dəqiq, müasir texnologiya tələblərinə cavab verən silahlara malikdir: “Biz bunu Azərbaycanın hərbi gücü ilə yanaşı, iqtisadi gücünün nümayişi kimi də dəyərləndirə bilərik. Azərbaycan öz silahlı qüvvələrini təmin etməklə yanaşı, xarici ölkələrə də silah satışı həyata keçirir”.

“ ADEX-2018” sərgisinin Ermənistanda narahatçılıq doğurduğunu deyən ehtiyatda olan polkovnik vurğulayıb ki, Azərbaycanın hərbi gücünü artırmaqla Ermənistanı sülhə məcbur etməlidir: “Çünki, Azərbaycanın bundan başqa çıxış yolu yoxdur. Biz Beynəlxalq təşkilatların vədlərinə inanmamalı, öz hərbi gücümüzdən istifadə edərək torpaqlarımızı işğaldan azad etməliyik”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə