Yeni Azərbaycan Partiyası ümumilli lider Heydər Əliyevin anım günü münasibətilə konfrans keçirib - VİDEO

Yeni Azərbaycan Partiyası ümumilli lider Heydər Əliyevin anım günü münasibətilə konfrans keçirib - VİDEO
Bu gün Yeni Azərbaycan Partiyası (YAP) ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə Suraxanı rayonunda yerləşən Heydər Əliyev Mərkəzində konfrans keçirib. SİA-nın məlumatına görə, konfransda YAP-ın sədr müavini Əli Əhmədov, partiyanın icra katibinin müavinləri Siyavuş Novruzov, Mübariz Qurbanlı, Milli Məclisin sədr müavini Bahar Muradova, millət vəkili Fəttah Heydərov, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev, "İki sahil"qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, professor Şahlar Əsgərov, Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov və digər partiya fəalları iştirak edib.

Tədbir iştirakçıları ilk növbədə mərkəzin qarşısında ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib qarşısına gül dəstələri qoyublar. Daha sonra mərkəzlə yaxından tanış olan partiya rəsmiləri xatirə şəkilləri çəkdiriblər. Bundan əlavə tədbirdə ümummilli liderin həyat və yaradıcılığını əks etdirən film nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan YAP-ın sədr müavini Əli Əhmədov bildirib ki, Azərbaycan xalqı həmişə ümummilli lider Heydər Əliyevin anım gününü qeyd edir. Onun sözlərinə görə, Azərbaycanın hər bir guşəsində, hər bir yerində dahi şəxsiyyətə hörmət, ehtiram, onun əziz xatirəsinin qeyd olunması şəklində bir daha ifadə olunur.

O vurğulayıb ki, Yeni Azərbaycan Partiyası ulu öndərin yaratdığı partiya olaraq onun ideyalarının həyata keçirilməsi sahəsində öz fəaliyyətini davam etdirməklə yanaşı, eyni zamanda ümummilli liderin xatirəsinin yad edilməsi ilə bağlı geniş miqyaslı tədbirlər keçirir: "Bugünki tədbir də məhz Heydər Əliyevin anılmasına həsr olunub. Biz bu anım tədbirini YAP-ın Suraxanı rayon təşkilatı ilə birgə keçirməyi qərara aldıq. Burada gördüklərimiz bütövlükdə Suraxanı rayon zəhmətkeşlərinin, insanların Heydər Əliyevə, onun xatirəsinə, irsinə nə qədər böyük hörmət və məhəbbət bəslədiyini əyani sürətdə sübuta yetirir. Biz buna görə, Suraxanı rayon zəhmətkeşlərinə öz təşəkkürümüzü bildiririk. Ulu öndər həmişə Azərbaycana özünün müəyyənləşdirdiyi siyasətlə xidmət edir. Bu gün onun müəyyən etdiyi siyasət Azərbaycana xidmət edir, həyata keçirilir. Bu həm də o fikri söyləməyə əsas verir ki, dahi şəxsiyyət həyatda olmasa da yenə də öz ideyaları, zəngin irsi ilə Azərbaycan xalqı ilə bir yerdədir. Hər kəs onu daim öz yanında hiss edir. Ona görə ki, ulu öndərin ideyaları hər zaman yaşayır, onun siyasəti həyata keçirilir".

Sədr müavini vurğulayıb ki, partiya sıralarının getdikcə artması insanların həmin ideyaya böyük, miqyassız hörmətini ifadə edir: "Heydər Əliyevin ruhu rahatdır. Ona görə rahatdır ki, yaratdığı Azərbaycan dövləti yaşayır. O sadəcə yaşamır, güclənir, inkişaf edir, əzəməti artır. O çox uzaqgörən bir şəxsiyyətdir. Bizim borcumuz onun açdığı yolla davam etmək, onun siyasətini davam etdirən dövlət başçısı İlham Əliyev ətrafında birləşib ölkənin qüvvətlənməsində, inkişafında xidmət göstərmək, yeganə həll olunmayan məsələ Dağlıq Qarabağ münaqişəsinin həll olunmasında öz töhfələrimizi verməkdir. Onun haqqında saatlarla danışmaq olar. Biz bu tədbirdə də onun haqqında fikir söyləmək niyyətindəyik".

Tədbirin davamında söz alan millət vəkili Fəttah Heydərov ulu öndər haqqında fikirlərini iştirakçılarla bölüşüb. O bildirib ki, Azərbaycan xalqı xoşbəxt bir xalqdır ki, onun Heydər Əliyev kimi şəxsiyyəti var. Onun sözlərinə görə, Azərbaycan ümummilli liderin şah əsəridir. O qeyd edib ki, XX əsrin yaradılmışları arasında ümummilli lider ulu tanrının şah əsəridir.

Daha sonra ümummilli lider Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişi haqqında danışan F. Heydərov söyləyib ki, o zaman ən geridə qalan Azərbaycan ulu öndərin siyasəti nəticəsində irəli çəkilib: "14 il ərzində Azərbaycan tamamilə dəyişdi, xalqımız özünə firavan həyat qurmağı öyrəndi, torpaqlarımız çiçəkləndi. Ulu öndər Azərbaycan xalqı üçün düzgün yol açdı, bununla da ölkəmiz ən tanınan, ən parlaq və inkişaf edən ölkəyə çevrildi. Milli Məclisin cari ildəki seçkiləri bir daha sübut etdi ki, Azərbaycan xalqı ona hörmət edir. Buna sübut olaraq seçkilərdə ümummilli liderin yaratdığı Yeni Azərbaycan Partiyası qalib gəldi. Onun xalqımız üçün açdığı yol həmişə işıqlı və əbədidir. Xalqımız xoşbəxt olsun və həmişə bu yolla zirvəyə getsin"

Daha sonra çıxış edən professor Şahlar Əsgərov ulu öndərin Azərbaycanın inkişaf tarixində həyata keçirdiyi mühüm işlərdən söz açıb. O bildirib ki, insan gün ərzində 10, il ömür boyu isə 100 minlərlə sosial proseslərdən obyekt və subyekt kimi keçir. Heydər Əliyevin bu yoldan subyekt kimi keçdiyini dilə gətirən Ş. Əsgərov onu tarixi şəxsiyyət adlandırıb.

Daha sonra ulu öndərin Azərbaycanın inkişafı yolunda həyata keçirdiyi missiyalara da toxunan profesor vurğulayıb ki, onun həyata keçirə bilmədiyi Dağlıq Qarabağın işğaldan azad olunması missiyasıdır ki, bu missiya onu siyasətini davam etdirən Prezident İlham Əliyev tərəfindən yaxın zamanlarda həyata keçiriləcək və bununla da ümummilli liderin ruhu şad olacaq.

Qeyd edək ki, tədbirdə Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov da ulu öndər haqqında fikirlərini söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə