Belarus Dövlət Pedoqoji Universitetində Azərbaycan dili və Mədəniyyəti Mərkəzi açılıb

Belarus Dövlət Pedoqoji Universitetində Azərbaycan dili və Mədəniyyəti Mərkəzi açılıb
Dekabrın 9-da Belarus Respublikasının paytaxtı Minskdə Maksim Tank adına Belarus Dövlət Pedaqoji Universitetində Bakı Slavyan Universitetinin (BSU) təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycan dili və Mədəniyyəti Mərkəzinin açılış mərasimi keçirilib. Bu barədə SİA-ya BSU-nin mətbuat xidmətinin rəhbəri Adil Əliyev məlumat verib. O bildirib ki, mərasimdə Azərbaycanın Belarusdakı fövqəladə və səlahiyyətli səfiri Əli Nağıyev, Azərbaycan İcmaları Konqresinin sədri Natiq Bağırov, səfirlik nümayəndələri, Minsk Dövlət Linqvistik Universitetinin rektoru, prof. Natalya Baranova, BSU-nun rektoru, əməkdar elm xadimi Kamal Abdullayev, Belarus Dövlət Pedaqoji Universitetinin rektoru P.Kuxarçik və başqaları iştirak ediblər.

70-dən çox ixtisas üzrə 18 min tələbənin təhsil aldığı Belarus Dövlət Pedaqoji Universitetində Azərbaycan dili və Mədəniyyəti Mərkəzinin açılışına həsr olunmuş tədbiri giriş sözü ilə açan universitetin rektoru, professor P.D.Kuxarçik Belarusun təhsil sistemində xüsusi çəkiyə malik BDPU-da Azərbaycan guşəsinin yaradılmasını təkcə universitetin deyil, həmçinin ölkə paytaxtının elmi ve mədəni həyatında əlamətdar bir hadisə kimi qiymətləndirib. Daha sonra rektor P.Kuxarçik Bakı Slavyan Universitetinin rektoru, əməkdar elm xadimi K.Abdullayevi "BDPU-nun inkişafına töhvəyə görə" (Za vklad v razvitie BQPU) döş nişanı ilə təltif edib.

Mərkəzin açılışı ərəfəsində 4-cü Ümumbelarus Milli Yığıncağında iştirak edən BSU-nun rektoru K.Abdullayev tədbir iştirakçılarını və ilk növbədə BDPU kollektivini Azərbaycan dili və Mədəniyyəti Mərkəzinin yaradılması münasibətilə təbrik edib və Azərbaycanı Belarusda təbliğ edəcək bu mərkəzə uğurlar arzulayıb. Tədbirdə çıxış edən Azərbaycanın Belarusdakı səfiri Ə.Nağıyev və Azərbaycan İcmaları Konqresinin sədri Natiq Bağırov universitetdə mərkəzin yaradılmasını yüksək qiymətləndirərək ona gələcək fəaliyyətində böyük müvəffəqiyyətlər arzulayıblar.

Tədbirin sonunda səfir Ə.Nağıyev, BDPU-nun rektoru P.Kuxarçik və BSU rektoru K.Abdullayev xatirə kitabına öz ürək sözlərini yazıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə