Arif Rəhimzadə: "Dəvəçi adının özünün də qədim olduğundan bu adın tarixdən çıxarılması düzgün deyildir"

Arif Rəhimzadə: "Dəvəçi adının özünün də qədim olduğundan bu adın tarixdən çıxarılması düzgün deyildir"

Milli Məclisin regional məsələlər komitəsinin iclası keçirilib. SİA-nın xəbərinə görə, komitə sədri Arif Rəhimzadə iclası açaraq deputat həmkarlarını təbrik etmiş, gündəlikdəki məsələlər barədə məlumat verib. Sonra gündəlikdəki birinci məsələ - "Azərbaycan Respublikasının Şabran rayonunun Təzəkənd kəndinin Dəvəçi kəndi adlandırılması haqqında" qanun layihəsi müzakirə oluub.

Komitə sədri bildirib ki, cari ilin ortalarında Dəvəçi rayonunun adı dəyişdirilərək Şabran adlandırılıb. Amma Dəvəçi adının özünün də qədim olduğundan bu adın tarixdən çıxarılması düzgün deyildir. Rayon əhalisi də Milli Məclisə və digər müvafiq dövlət qurumlarına müraciət edərək Şabranın Təzəkənd ərazi vahidinin adının Dəvəçi ilə əvəz olunmasını xahiş ediblər.

Məsələ ilə əlaqədar çıxış edən deputatlar yerli sakinlərin müraciətini müsbət qarşılayıblar.

Sonra iclasda "Təhsil haqqında" Qanunun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə" qanun layihəsi müzakirə olunub.

A.Rəhimzadə layihə barədə ətraflı məlumat verib. Qeyd olunub ki, Regional məsələlər komitəsi bələdiyyə işçilərinin əlavə təhsilinə kömək məqsədi ilə metodik tövsiyələr hazırlayaraq dərc etdirə biləcəkdir.

Müzakirələrdən sonra hər iki sənəd parlamentin müzakirəsinə tövsiyə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə