“Qolos Armenii: “Paşinyan bu cür "siyasi kapitalla” 1, uzağı 2 ay dayana bilər”” İTTİHAM

“Qolos Armenii: “Paşinyan bu cür "siyasi kapitalla” 1, uzağı 2 ay dayana bilər”” İTTİHAM

“İstənilən demokratik ölkədə məlum ifşadan sonra (telefon danışıqlarına gizli qulaq asma – red.) adıçəkilən güc strukturlarının rəhbərləri istefaya getməli idilər, bizdə isə sözügedən audioyazının ardınca, Vanesyanla Xaçatryan mətbuat konfransı keçirdilər”. SİA xəbər verir ki, bu sözlər “Qolos Armenii” qəzetində Ermənistanın Milli Təhlükəsizlik Xidməti ilə Xüsusi İstintaq İdarəsinin rəhbərləri tərəfindən telefon danışıqlarının dinlənilməsi, eləcə də mövcud hakimiyyət dairələrinin səriştəsizliyi ilə bağlı məqalədə qeyd olunub.

“Onların bundan sonra öz postlarında qalmaları dövlətçiliyə qarşı ən böyük təxribatdır”

“Cənablar özlərini dərslərini öyrənmədikləri üçün iki alaraq cəzalandırılmış məktəblilər kimi aparıblar, baş nazir Paşinyan isə mitinqdəki çıxışında elan edib ki, telefon danışıqlarına gizli qulaq asmaq dövlətçiliyə qarşı təxribatdır”, yazan erməni qəzeti əlavə edib ki, əslində dövlətçiliyə qarşı gerçək təxribatı təhlükəsizliyə görə məsuliyyət daşıyan şəxslər ediblər: “Həlledici dövlət xidmətlərinin rəhbərləri tam şəkildə məsuliyyətsiz davranıblar və onların öz postlarında bundan sonra da qalmaları dövlətçiliyə qarşı həyata keçirilən ən böyük təxribatdır”.

Adıçəkilən media qurumu iddia edir ki, hazırkı hakimiyyətin bir sıra yüksək postlarında oturanlar hələ də hansı məsuliyyət daşıdıqlarının fərqinə varmırlar və bu amil əslində, dövlətçilik maraqlarına vurulan ən böyük və sarsıdıcı zərbədir.

“Keçmiş hakimiyyətin ünvanına davamlı ittihamların səsləndirilməsi xalqın zəhləsini aparır... Bu cür siyasi “kapitalla” bir ay, uzağı iki ay dayanmaq olar”

“Qolos Armenii” mövcud hakimiyyət nümayəndələrinin pafoslu çıxışları ilə ictimai rəyin zəhləsini apardığını da yazır: “Hazırkı hakimiyyətin gündəlik olaraq, xalqa sevgi etirafları etməsi, keçmiş hakimiyyətin ünvanına davamlı şəkildə ittihamlar səsləndirməsi bütün mənalarda hər kəsi bezdirib. Bu cür siyasi “kapitalla” bir ay, uzağı iki ay dayanmaq olar. Hələ nə qədər “əksinqilabçılarla” mübarizə aparmaq lazımdır ki, bütün bunlardan sonra konkret işlərlə məşğul olasan? Ancaq görünən budur ki, yeni hakimiyyət müvafiq işlərlə məşğul olmaq iqtidarında deyilsə, bu zaman “inqilabın tam qələbəsi” üçün (dırnaqlar bizimdir-red.) “mübarizəsini” davam edir. Bəs bu qələbə üçün nə lazımdır? Tapdınız – “inqilaba” qarşı düşmənlər, yəni əksinqilab və Nikol Paşinyan seçkiöncəsi ilk günlərindən (Yerevan meriyasına keçiriləcək seçkilər nəzərdə tutulur-red.) bunu deyirdi”.

“Ovik Abramyana qarşı hakimiyyətin tənqid etdiyi üçün cinayət işi açılıb”

Qəzet Paşinyan hakimiyyətinin repressiv siyasətinə də toxunub: “Bizim qəzet zamanında Ovik Abramyanın spiker vəzifəsini kifayət qədər çox və sərt şəkildə tənqid edib, daha çox baş nazir olduğu dövrlərdə. Ancaq ona qarşı açılmış cinayət işinin sentyabrın 4-də verdiyi və mövcud hakimiyyəti tənqidinə açıldığını görməyə bilməzdik.

Yeri gəlmişkən, Genrix Abramyandan tapılan və 2008-ci ilin 1 mart hadisələrində istifadə olunduğu iddia edilən silahlar barədə də sübutlar yoxdur. Ümumiyyətlə, bəlli telefon danışıqlarının gizli dinlənilməsi yeni hakimiyyətin güc instansiyalarına sifarişi kimi qiymətləndirilirsə, digər “sübutlara” inanmaq nə qədər doğrudur?!”

Adıçəkilən mətbu orqanı sonda yazır ki, mövcud situasiyada Paşinyan hökumətinə yalnız bir iş qalır – ictimai rəyin diqqətini baş verənlərdən yayındırmaq üçün, çığır-bağır salıb, “əks-inqilaba” qarşı mübarizə aparmağı imitasiya etmək. Yeni hakimiyyət yalnız bir işi vaxtında görə bildi ki, bu da siyasi hesablaşmaların aparılmasıdır. Digər istiqamətlərdə isə tam şəkildə uğursuzluq və iflas açıq-aşkar görünməkdədir”.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə