“Paşinyan bu bəyanatı tələsik verməyə məcbur olub” ÖZƏL-ŞƏRH

“Paşinyan bu bəyanatı tələsik verməyə məcbur olub” ÖZƏL-ŞƏRH

“Nikol Paşinyanın Moskvaya səfəri bir çox məsələlərə aydınlıq gətirdi. Putin-Paşinyan görüşünün gərgin keçməsi səfərdən dərhal sonra erməni liderinin verdiyi qarmaqarışıq bəyanatlarından hiss olunur”. Bunu SİA-ya açıqlamasında politoloq Vasif Əfəndiyev deyib.

Onun sözlərinə görə, “Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi” ilə bağlı verdiyi bəyanat onu deməyə əsas verir ki, görüş zamanı Paşinyan Putindən istədiyini ala bilməyib: “O Putindən edəcəyi güzəştlər hesabına Qarabağla bağlı siyasi dəstək istəyinə rədd cavabı aldıqdan sonra tələm–tələsik bu bəyanatı verməyə məcbur olub. Ardından isə siyasi kursunun Qərbə tam inteqrasiya olduğunu bildirərək rus kəşfiyyatının keçmiş əməkdaşı Serqey Skripalın və onun qızının zəhərlənməsi ilə bağlı ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaya qoşulacağını bildirib.

“Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi” bəyanatı isə danışıqlar prosesinin vaxtını uzatmaq və Azərbaycanı səbrdən çıxarmaq məqsədini güdür. O güman edir ki, Azərbaycan tərəfi isterikaya düşərək onun üçün arzuolunan addımlar ata bilər. Bununla da Rusiyadan tam qopmaq ərəfəsində olan Ermənistan üçün növbəti əzilmiş xalq obrazı yarada biləcək. Hesab edirəm ki, Paşinyan Ermənistanı Rusiyadan qoparmaq üçün fəaliyyətini davam etdirəcək. Həm də bu bəyanat o deməkdir ki, Ermənistan Dağlıq Qarabağdan çəkilməyə məcbur olsa belə Qərbə interasiya kursundan geri çəkilməyəəcək”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə