Brüsseldə Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Şurasının 11-ci iclası keçirilib
Brüsseldə Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Şurasının 11-ci iclası keçirilib. XİN mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, iclasda Azərbaycanı Xarici işlər nazirinin müavini cənab Mahmud Məmməd-Quliyevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edib. Avropa İttifaqını 2011-ci ilin 1-ci yarısında rotasiya ilə əlaqədar Aİ Sədrliyini həyata keçirəcək Macarıstanın Xarici işlər üzrə Dövlət Naziri cənab Zsolt Nemets və Genişlənmə və Qonşuluq Siyasəti üzrə Avropa Komissarı cənab Ştefan Füle təmsil ediblər.
İclasdan öncə Macarıstanın Xarici işlər nazirinin müavini cənab Zsolt Nemets, Genişlənmə və Qonşuluq Siyasəti üzrə Avropa Komissarı cənab Ştefan Füle və üç Cənubi Qafqaz ölkələrinin nümayəndə heyətlərinin başçılarının birgə işçi nahar yeməyi təşkil edilib. Nahar yeməyi zamanı Aİ ilə Cənubi Qafqaz ölkələri arasında münasibətlərin indiki vəziyyəti və inkişaf perspektivləri, Şərq Tərəfdaşlığı Təşəbbüsü çərçivəsində əməkdaşlıq, xüsusilə də Aİ ilə assosiasiya sazişləri üzrə danışıqlar prosesi, habelə Cənubi Qafqaz regionunda mövcud münaqişələrin nizamlanması ətrafında fikir mübadiləsi aparılıb.
Sonra Aİ-Azərbaycan Əməkdaşlıq Şurasının 11-ci iclası başlanıb. İclasın gündəliyində əsasən Aİ-Azərbaycan Fəaliyyət Planının həyata keçirilməsi, Şərq Tərəfdaşlığı təşəbbüsü, Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması prosesi, Aİ ilə Azərbaycan arasında enerji və nəqliyyat sahələri üzrə əməkdaşlıq məsələləri öz əksini tapıb. İclasda Aİ-Azərbaycan münasibətlərinin, Fəaliyyət Planında göstərildiyi kimi, ölkələrin ərazi bütövlüyü və dövlət suverenliyinə hörmət əsasında aparılmasının vacibliyi xüsusən vurğulanıb.
Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasına dair danışıqların son durumu müzakirə olunub. Azərbaycanda demokratiya, insan hüquqları və mətbuat azadlığının gücləndirilməsi istiqamətində görülmüş işlər və 7 noyabr tarixində Azərbaycan Respublikası Milli Məclisinə keçirilmiş seçkilərlə bağlı fikir mübadiləsi aparılıb.
Aİ nümayəndələri həmçinin Azərbaycan məhkəmələrinin E.Abdullayev və A.Hacızadənin həbs cəzalarının qalan hissəsindən azad olunmaları ilə bağlı qərarını alqışladıqlarını bildiriblər. Şərq Tərəfdaşlığı Təşəbbüsü çərçivəsində həyata keçirilmiş içlər və gələcək planlar müzakirə olunub, bu proqramın Aİ ilə onun Şərq tərəfdaşları arasında gələcək münasibətlərin və yaxınlaşmanın daha da inkişaf etməsinə təkan verəcəyi qeyd olunub.
Aİ ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlıq məsələsi də müzakirə olunub, Avropanın enerji təhlükəsizliyi və enerji daşıyıcılarının diversifikasiyasında Azərbaycanın mühüm dayaqlardan biri olduğu xüsusilə vurğulanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB