Nikolun fiaskosu: hər şey onun istədiyi kimi getmir ANALİTİK-ŞƏRH

Nikolun fiaskosu: hər şey onun istədiyi kimi getmir ANALİTİK-ŞƏRH

Rusiya uğursuzluğu və ölkədaxili narazılıq tandemi

Nikol Paşinyanın Rusiya səfərinin ardınca rəsmi Kremlin həmin səfərlə bağlı ciddi maraq sərgiləməməsi bir daha sübut etdi ki, Ermənistanda mövcud olan anti-Rusiya meylləri, xüsusilə ermənilərin yeni hökumətinin daha çox Qərbə istiqamət alması reallığı iki ölkə arasındakı münasibətləri daha da soyuq müstəviyə doğru aparmaqdadır. Buna misal kimi, Ermənistanın köhnə hakimiyyətləri – Koçaryan və Sarkisyan sistemlərində təmsil olunmuş şəxslərin əksəriyyətinin Rusiyada sığınacaq tapmalarını, eləcə də Paşinyanın göstərdiyi bütün cəhdlərinə baxmayaraq, həmin adamların Ermənistana ekstradisiya olunmamalarını göstərə bilərik.

Rusiya Paşinyanın axtarışa verdiyi şəxslərə siyasi sığınacaq təqdim edir

SİA xəbər verir ki, bununla bağlı Ermənistan parlamentinin “Daşnaksyutun” fraksiyasının deputatı Armen Rustamyan aysor.am portalına açıqlama verərkən deyib ki, bir sıra siyasilərə siyasi sığınacaq elə-belə verilmir. O, buna misal kimi, 2007-2008-ci illərdə Ermənistanın müdafiə naziri olmuş, ondan öncəki illərdə isə bir sıra yüksək hərbi mövqelərdə təmsil edilmiş Mikael Arutunyanı göstərib.

“İnsanlara o zaman siyasi sığınacaq verilir ki, onlar vətənlərinə geri dönərkən, həbs olunmaq təhlükəsi ilə üz-üzə qalsınlar”, deyən Armen Rustamyan hesab edir ki, haqqında bəhs edilən şəxsin ekstradisiyası inandırıcı görünmür. Belə ki, MDB məkanında axtarışa verilən Ermənistanın sabiq müdafiə naziri, general-leytenant Mikael Arutunyanın adı və soyadı məhz Rusiya Federasiyasının ərazisində axtarış siyahısından çıxarılıb. “Bu isə o deməkdir ki, Mikael Arutunyan Ermənistana ekstradisiya olunmayacaq”, ayror.am yazır.

Yeri gəlmişkən, daha bir neçə erməni hərbi-siyasi sisteminin keçmiş nümayəndələri var ki, onlar da hal-hazırda Rusiya ərazisində bu və ya digər şəkildə məskunlaşıblar. Lakin həmin adamların da Ermənistana təhvil verilməsi məsələsində Kreml inkarçı rolunu oynamaqda, Ermənistanın tələblərini rədd etməkdədir. Məsələn, KTMT-nin hazırkı baş katibi Yuri Xaçaturovu da bu sıraya əlavə edə bilərik. Bu fakt isə bir daha nəticəyə gəlməyə zəmin yaradır ki, artıq Rusiya Ermənistanı siyasi, eləcə də hərbi müttəfiq olaraq ciddiyə almamaqdadır. O cümlədən, bu gün “Bizim Rusiya ilə münasibətlərimiz əvvəlki qaydada qalır və inkişaf edəcək” tipli bəyanatlarla çıxış edən Nikol Paşinyanın “məxməri inqilab” zamanı hakimiyyəti ələ almasında məhz anti-Rusiya şüarları səsləndirməsi də Kremlin hafizəsindən silinməyib.

Aleksandr İskandaryan: “Rusiya ilə işləməyi yalnız prezidentlərin görüşü ilə kifayətləndirmək metodoloji tərəfdən doğru seçim deyil”

Bu arada, Qafqaz İnstitunun direktoru, politoloq Aleksandr İskandaryan digər erməni xəbər portalı 1in.am-a açıqlamasında deyib ki, erməni-rus münasibətlərində problemlər mövcuddur və Rusiya buna müvafiq olaraq, qətiyyətli addımlar atacaq. “Bu addımlar müxtəlif sferalarda tədbiq oluna bilər – Ermənistanla hərbi əməkdaşlıqda, Qarabağ məsələsində və s.”, deyən erməni politoloquna görə, Ermənistanla iqtisadi əməkdaşlıq məsələsində, məsələn qazın qiyməti məsələsində Rusiyanın təsirini görmək olar: “Feysbukda analitiklik və politoloqluq edənlər bunu heç də yaxşı qavramırlar. Baş verənlərlə bağlı kifayət qədər qeyri-ciddi qeydlər aparılır, hətta Rusiyanı Hindistanla əvəzlənə biləcəyini də yazanlar tapılır”.

İskandaryan hesab edir ki, ümumilikdə situasiya anlaşılandır: “Əlbəttə ki, Ermənistanın siyasi elitasında baş nazirin fəaliyyətini müşahidə edənlər anlayırlar ki, Rusiya ilə işləmək asan məsələ deyil, lakin Rusiya ilə işləməyi yalnız prezidentlərin görüşü ilə kifayətləndirmək metodoloji tərəfdən doğru seçim deyil”.

Erməni politoloquna görə, artıq erməni ictmai-siyasi rəyi elə bir siqnallar alır ki, həmin siqnalları xəbərdarlıq olaraq qəbul etmək lazımdır: “Bu, hələ ki, xəbərdarlıqdır. Bizdə baş verənlərlə bağlı Rusiyada narahatlıqların yaşanması isə artıq aydındır”.

“Qolos Armenii”: “Səfər çərçivəsində heç bir sənədə imza atılmadı, heç bir birgə bəyanat səsləndirilmədi, brifinq keçirilmədi ki, bu da həmin səfərin yekunları ilə bağlı geniş şəkildə müzakirələrin yaranmasına səbəb oldu”

“Qolos Armenii” qəzeti isə 11 sentyabr tarixli nömrəsində yazır ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Moskva səfəri hələ çox müzakirə olunacaq. Özü də həmin səfər çoxqütblü xarakterdə qiymətləndiriləcək...

Səfərin müsbət tərəfləri ilə yanaşı, mənfi tərəflərinin də olduğunu xatırladan erməni nəşri çoxsaylı fikir ayrılıqlarını belə izah edib: “Səfər çərçivəsində heç bir sənədə imza atılmadı, heç bir birgə bəyanat səsləndirilmədi, brifinq keçirilmədi ki, bu da həmin səfərin yekunları ilə bağlı geniş şəkildə müzakirələrin yaranmasına səbəb oldu”.

Adıçəkilən nəşrə görə, səfərin “uğurlu nəticələrini” sadəcə, təxmini olaraq qiymətləndirmək olar ki, bu da qısamüddətli salamlaşma və ili ölkə liderlərinin danışıqlara qədər bir—birlərinə xoş sözlər deməsidir.

Erməni nəşri: “Əgər biz başını quma soxmuş dəvəquşu deyiliksə, cavab bəllidir: Əlbəttə, Moskvanın bu cür imkanları var...”

Lakin “Qolos Armenii” daha bir maraqdoğurucu fakta toxunub: “Əgər həqiqətdən danışırsaq, onda belə bir sadə sual verək: Rusiyanın Ermənistanın daxili işlərinə müdaxilə etməsinə gücü çatarmı? Əgər biz başını quma soxmuş dəvəquşu deyiliksə, cavab bəllidir: Əlbəttə, Moskvanın bu cür imkanları var. Özü də yalnız Moskvada deyil, digər ölkələrdə də, o cümlədən, regionallarda da. Necə yəni, ABŞ-ın Ermənistanın daxili məsələlərinə təsir etməyə imkanı ola bilməzmi? Ya da İngiltərənin? Yaxud, Fransanın, eləcə də İranın? Əlbəttə, bütün bu ölkələrin müvafiq resursları var...Başqa sual, onlar həmin resurslarını istifadə edəcəklər, ya yox? Əgər cavab müsbətdirsə, onda hansı dərəcədə?

Paşinyanın bəyanatlarından asılı olmayaraq, bu sualın cavabı isə belədir ki, hər şey onun hökumətinin siyasətindən asılıdır. Əgər bu siyasət ölkələrin maraqlarına təhlükə yaradacaqsa, özü də geosiyasi konsepsiya baxımından həmin təhlükə mövcud olacaqsa, bu zaman aydındır ki, onlar öz maraqları baxımından, maraqlarını müdafiə etmək baxımından çıxış edəcəklər. Belə olub, qalır və qalacaq...”

Göründüyü kimi, bu gün Paşinyanın yalnız Rusiya ilə deyil, hətta digər xarici ölkələrlə münasibətləri normal vəziyyətdə deyil və hətta erməni ictimai rəyində belə nəticəyə gəlinir ki, Nikol Paşinyan beynəlxalq siyasi çevrələrdə ciddi siyasətçi kimi deyil, “inqilabçı polyaçi” olaraq tanınır. Hər halda, bunu biz deyil, erməni ictimai rəyi düşünür.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə