QHT rəsmisi: "Növbəti şad günlərimizi Şuşada keçirmək nəsibimiz olsun!” ÖZƏL-ŞƏRH

QHT rəsmisi: "Növbəti şad günlərimizi Şuşada keçirmək nəsibimiz olsun!” ÖZƏL-ŞƏRH

“İlk növbədə, xalqımızı, bütün türk dünyasını Bakının düşmən işğalından azad olunmasının 100 illik əlamətdar yubileyi münasibəti ilə ürəkdən təbrik edirəm. İnşallah, şəhərlərimiz, kəndlərimiz bir də heç vaxt işğala məruz qalmasın”. Bunu SİA-ya açıqlamasında Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri, Milli QHT Forumu İdarə heyətinin üzvü Əkbər Qoşalı deyib.

Onun sözlərinə görə, 100 illik yubiley münasibəti ilə Bakıda Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə xüsusi paradın keçiriləcəyi barədə məlumat isə qəlbimizi sevinc, qürur hissi ilə doldurur: “Bu, qardaşlığımızın təntənəsi, bugünkü narahat dünyaya verdiyimiz tarixi mesaj və əlbəttə, şəhidlərimizin ruhuna ehtiramın ifadəsidir.

Qafqaz Türk İslam Ordusunun Azərbaycan könüllülüləri ilə birgə 1918-ci ilin 15 sentyabrında, ümumən həmin il ərzində əldə etdiyi zəfərlər öz təsirlərini Cümhuriyyətin süqutundan sonrakı illərdə də göstərdi. Belə ki, Bakının yalnız bir quberniya şəklində Rusiya Federasiyası tərkibinə salınmasının qarşısı alındı, Azərbaycan keçmiş SSRİ-nin subyekti olaraq varlığını sürdürdü və tarixi şans yarandıqda – 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdi.

Şəhidlər Xiyabanı ərazisində Bakı Türk Şəhidliyi abidə-kompleksi artıq neçə illərdir müqəddəs ziyarət yerimizə çevrilib. Özəlliklə, hər ilin 15 sentyabrında iki qardaş ölkənin çoxsaylı vətəndaşları – rəsmilər, millət vəkilləri, QHT, KİV təmsilçiləri, gənc fəallar və başqaları Bakının işğaldan azad olunması uğrunda şəhid olmuş 1130 qəhrəmanı şükranlıqla yad edir, onların ruhlarına alqış deyir, abidə önünə tər güllər düzürlər. Bu birgəlik, belə anım törənləri, habelə mövzu üzrə sanballı araşdırmaların aparılması, əsərlərin nəşri, filmlərin çəkilişi yeni nəsillərin şüurunda dərin izlər buraxır, tarixi həqiqətlərin üzə çıxmasına, gerçəklərin təsbitinə yol açır. Bakının yadelli qüvvələrdən azad edilməsi tariximizin, Azərbaycan-Türkiyə sarsılmaz qardaşlığının ən önəmli, şərəfli səhifələrindən olub, bütün türk dünyası üçün önəm ərz edir.

Əlbəttə, müstəqilliyimiz həm Azərbaycan tarixşünaslığının qarşısında yeni məsələlər qoyub, həm də diqqəti ortaq tarix bilgi və şüuruna fokuslamaqdadır. Təsadüfi deyil ki, 1918-ci ildə baş verən dəhşətli Bakı qırğınına, eləcə də Bakının erməni daşnaklarından azad edilməsinə əsl elmi, ictimai və siyasi münasibət son illər ərzində gün üzünə çıxdı.

Paytaxt Bakının işğaldan azad edilməsi şərəf tariximizə yazılıb; xalqımız qəhrəman türk əsgər və zabitlərinin məşəqqətli günlərdə göstərdiyi qardaşlıq ruhunu heç zaman unutmayacaq! Biz bəxtiyarıq ki, bu şanlı hadisənin yüz illiyinin təntənəsini yaşayır, bu əlamətdar yubileyi müstəqil dövlətimizin gözəl paytaxtında qeyd edirik! Növbəti şad günlərimizi Şuşada keçirmək nəsibimiz olsun!”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə