ATGTİ-nin sədri: "Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı bir sıra beynəlxalq tələbə təşkilatlarına üzv qəbul olunacaq" - MÜNASİBƏT

ATGTİ-nin sədri: "Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı bir sıra beynəlxalq tələbə təşkilatlarına üzv qəbul olunacaq" - MÜNASİBƏT
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) gələn ilin ilk 6 ayı üçün bir sıra ölkələrə beynəlxalq səfərlər təşkil edəcək. Bu barədə SİA-ya açıqlamasında ATGTİ-nin sədri Şahin İsmayılov məlumat verib. O bildirib ki, beynəlxalq səfərlər zamanı gənclərin dünyaya inteqrasiyası, onların problemləri və bu kimi digər məsələlər ətraflı müzakirə olunacaq. Ş.İsmayılov vurğulayıb ki, bundan əlavə, gələn il Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının digər ölkələrin tələbə ittifaqları ilə müqavilələr bağlaması gözlənilir.
"Eyni zamanda, ittifaqın bir sıra nüfuzlu tələbə təşkilatlarına üzvlüyü məsələsi aktiv şəkildə müzakirə olunur. Ötən dövr ərzində bir sıra ölkələrə səfərlərimiz olub və bu zaman müəyyən şeylərə nail olmuşuq. Artıq təşkilatımızın digər beynəlxalq təşkilatlara üzv qəbul olunması ətraflı şəkildə müzakirə olunur və müzakirələrin uğurla nəticələnəcəyini düşünürük. Növbəti il Azərbaycanda 2-3 beynəlxalq konfransın keçirilməsi də gözlənilir. Bir sözlə, gələn ilin ilk altı ayı üçün planımızda müxtəlif beynəlxalq tədbirlərin keçirilməsi, beynəlxalq təşkilatlara üzvlük məsələsi və bu kimi digər məsələlər nəzərdə tutulub", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə