QHT rəsmisi: “Hər Sammit irəliyə doğru bir addımdır" ÖZƏL-MÜNASİBƏT
"Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VI Sammitinin Qırğız Respublikasında, özəlliklə də, Çolpon-Atadakı Çingiz Aytmatov adına Mədəniyyət Mərkəzində keçirilməsi anlamlı hadisədir. Yeni Qırğız prezidentinin ev sahibliyi ilə keçirilən, habelə uzun fasilədən sonra yeni dövlət başçısının timsalında Özbəkistanın, eləcə də, baş nazirlə təmsil olunan Macarıstanın da qatıldığı bir Sammitdən danışırıq". Bunu SİA-ya açıqlamasında Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri, Milli QHT Forumu İdarə Heyətinin üzvü Əkbər Qoşalı deyib.
Onun sözlərinə görə, bu Sammit dünyanın, o cümlədən türk dövlətləri ilə həmhüdud dövlətlərin bir çoxunun təbəddülatlı dönəmdən keçdiyi vaxta təsadüf edir: "Habelə bizim özümüzün də həll edilməli önəmli işlərimiz qalmaqdadır. Bütün türk dünyasına, tərəqqipərvər inanların hamısına təhdid olan Ermənistan və havadarlarının barış və haqqıtanımaz halı, bunun nəticəsində Azərbaycan torpaqlarının işğal altında tutulması birliyimizi, çəkici bir yerə vurmağımızı vacib qılır. Bu əgər hərbi, siyasi baxımdan hələlik tam gerçəkləşə bilmirsə, o zaman mədəni, humanitar, ən əsası iqtisadi yöndən işbirliyini gücləndirmək şərtdir.
Azərbaycan Prezidenti Sammitdə yaddaqalan çıxış etdi, konkret təkliflər verdi, habelə bir sıra ikitərəfli görüşlər keçirdi. Bu Sammit respublikamızın türk birliyindəki yeri, rolu və imkanlarını bir daha göstərdi. Ortaq türk qurum və quruşlarının fəaliyyətinin daha da canlandırılması, gərəkən sahələr üzrə yeni qurum və quruluşların yaradılması, necə deyərlər, "bir qardaş hamı üçün, hamı bir qardaş üçün" hərəkət düşüncəsinin düsturlaşdırılması, mexanizmin işlənməsi baxımından hər Sammit irəliyə doğru bir addımdır.
Azərbaycan Prezidentinin Çolpan-Atadakı çıxışı, dəyərləndirmələri, verdiyi konkret təkliflər, Türkiyə cümhurbaşqanının 2009-cu ildə Naxçıvan Sazişi ilə qurulmuş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının ötən müddətdə təşkilati baxımdan güclənməsində Azərbaycan Prezidentinin xidmətlərini yüksək tribunadan etiraf etməsi, ümumən Sammitin qardaşlıq, birlik ruhunda keçməsi tarixi qiymətə layiqdir. Azərbaycanın bundan sonra da ümumtürk birliyində özünəməxsus rol oynayacağı, Azərbaycan Prezidentinin qardaş ölkələrdə, regionda özünəməxsus lider mövqeyinin daha da güclənəcəyi inancı içərisəndə, türk ölkə və topluluqlarının öz soykökləri üstündə ortaq gələcəyə boylanışının konstruktiv mövqeli hər bir ölkə və xalq üçün xeyirli olacağına şübhə etmirəm.
Türk dünyası ünvanlı bəzi toplantılarımız çox olumlu, bəziləri aznəticəli ola bilər, bunu dərd etmədən, bir sonrakı toplantını düşünməli, onun zəngin gündəliyini tutmalı, işləməliyik. İctimai qurum və quruluşlar, fikir adamları, aydınlar, universitetlərimiz, mədəniyyət ocaqlarımız dövlət başçılarının zirvə görüşünə təkliflər hazırlamaqla, ortaq gələcəyimizin inşasına töhfələr vermiş olur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB