"Siyasi məhbus" alverçiləri arasında növbəti qalmaqal

"Siyasi məhbus" alverçiləri arasında növbəti qalmaqal

Bu, dağıdıcı müxalifətin nəfəslik borusudur

"İştaha diş altındadır" deyiblər. Pul iyi gələndə, dağıdıcı müxalifət düşərgəsinin ştatlı üzvlərinin iştahası daha da artır. Elə, son günlər olduğu kimi. "Siyasi məhbus" alverçiləri hay-küyləri ilə xarici qrant qazanmaq üçün, hətta bir-birilərinə qurşaqdan aşağı zərbə vurmaqdan çəkinmirlər. Çünki belə demək mümkün olarsa, "siyasi məhbus" mövzusu gəlir mənbəyi olmaqla, dağıdıcı müxalifətin bir növ nəfəslik borusudur. Ona görə də, son günlər dağıdıcı düşərgədə "siyasi məhbus" məsələsi ətrafında baş verənləri tamamilə təbii hesab etmək olar. Bir məqama da diqqət yetirək ki, "siyasi məhbus" alverçiləri heç də hansısa məhkumun hüquqlarını müdafiə etmək istəyində deyillər nə bir məsələ onları zərrə qədər də olsa, maraqlandırmır. Bu qovğada yenə də Qərbdəki konkret donor təşkilatlarından külli miqdarda qrant almaq həvəsi və varlanmaq ehtirası özünü açıq-aydın göstərir.

Lakin bir məqamı demək lazımdır ki, beynəlxalq hüquqda"siyasi məhbus" ifadəsi ilə bağlı fikir ayrılıqları mövcud olsa da, ümumi qəbul olunmuş anlayış bundan ibarətdir ki, əgər bir şəxsin azadlıqdan məhrum edilməsi tam olaraq siyasi səbəblərlə əlaqədardırsa, həmin şəxs "siyasi məhbus" hesab olunur. Birmənalı tərzdə qeyd edə bilərik ki, Azərbaycanda "siyasi məhbus" yox, konkret hansısa cinayət törətmiş və buna münasib də məhkum olunmuş insanlar var.

Digər tərəfdən, Azərbaycan 2001-ci ildən Avropa Şurasının tamhüquqlu üzvüdür. Bu, həm də o deməkdir ki, biz Avropa İnsan Haqları Məhkəməsinin yuridiksiyasına daxilik və onun qəbul etdiyi qərarlar ölkəmizdə hüquqi qüvvəyə malikdir. Ona görə də, əgər kimlərsə məhkəmələrin qəbul etdiyi qərarlardan narazıdırlarsa və bu qərarın ədalətliliyinə şübhə ilə yanaşırlarsa, pozulduğunu

iddia etdikləri hüquqlarını AİHM-də müdafiə edə bilərlər. Bildiyimiz qədərilə, bu günədək ortaya çıxmış siyahılarda adları yer alan məhbusların mütləq əksəriyyəti bununla bağlı heç bir addım atmayıb. Belə olduğu halda, həmin siyahılar kimə və nə üçün lazımdır?

Səidə Qocamanlı: "Leyla Yunus xaricdə oturub, ən geniş siyahını haradan tərtib edir?"

İnsan Hüquqları üzrə Birgə İşçi Qrupunun üzvü, hüquq müdafiəçisi Səidə Qocamanlı bildirib ki, "Siyasi məhbus" alverçiləri öz maraqlarına uyğun siyahılar tərtib edir və beynəlxalq təşkilatlara işləyirlər: "Bu gün düşünülməmiş geniş siyahılar ortaya çıxır. Leyla Yunus xaricdə oturub, ən geniş siyahını haradan tərtib edir, bunu heç özü də bilmir. Çünki bu adamlar öz maraqlarına uyğun siyahılar tərtib edir və beynəlxalq təşkilatlara işləyirlər. Biz bunu yaxşı bilirik".

AXCP sədri Əli Kərimlinin "Azadlıq" radiosunun sabiq əməkdaşı, hazırda "hüquq müdafiəçi"liyi ilə məşğul olan Xədicə İsmayılla savaşı hələ də davam etməkdədir. Əvvəlcədən xatırladaq ki, hər iki şəxs uzun müddət hakimiyyətə qarşı dağıdıcı və aşırı radikallıqları ilə seçilməklə yanaşı, eyni zamanda, bir əhatə dairəsindən çıxış edirdilər. Lakin hazırkı məqamda Ə.Kərimli ilə X.İsmayıl ayrı-ayrı düşərgəyə transfer olunublar. Buna səbəb isə, yazının əvvəlində qeyd olunduğu kimi, "siyasi məhbus" siyahısında ciddi qarşıdurmanın olmasıdır. O da bəllidir ki, X.İsmayılın Avropa və beynəlxalq insan haqları təşkilatlarına təqdim olunacaq siyahısı Ə.Kərimlinin rəhbərlik etdiyi "işçi qrup" tərəfindən rədd edilib.

Yeri gəlmişkən, AXCP sədrinin rəhbərlik etdiyi "işçi qrup"da "Milli Şura"nın sədri Cəmil Həsənli və "hüquq müdafiəçisi" Oqtay Gülalıyev təmsil olunur.

"Milli Şura"nın sədri C.Həsənli guya siyahıların onlar tərəfindən hazırlanmadığını bildirib. "Siyahıları insan hüquqları ilə məşğul olan hüquq-müdafiə təşkilatları və QHT-lər hazırlayır".

Bu baxımdan, C.Həsənlinin sözügedən prosesdə AXCP sədri Ə.Kərimli ilə özünün iştirak etməməsini qeyd etməsi onun yalanını ifşa etmiş olur. Daha dəqiq desək, 128 nəfərlik siyahının təqdimatında "Milli Şura" rəhbərliyi iştirak edib və X.İsmayılın ünvanına etirazlar və ittihamlar səsləndirib. C.Həsənli bu siyahının natamam olduğunu əsas gətirib. Maraqlıdır, bu məsələlərin kökündə dayanan maraqlar nədən ibarətdir?

Beləliklə, baş verən proseslər, onu göstərir ki, Ə.Kərimlinin "siyasi məhbus" siyahısında X.İsmayılla uzlaşmayan iddialarının kökündə maddi maraqlar və elektorat toplamaq cəhdlərinin izi aşkar şəkildə görünməkdədir. AXCP sədri bu imkanı əlindən buraxmaq istəmir və hətta zamanında, yaxın dəstəkləyicilərindən olan X.İsmayılla qarşıdurmaya gedir və bu gün "siyasi məhbus" siyahısı hazırlayanlar arasında yarışmalar davam etməkdədir. Əsas məsələ, kim öz siyahısını "donorlara" sırıya bilsə, Molla Nəsrəddin demiş, "zurnanı da o çalacaq."

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə