Mübariz Əhmədoğlu: “Dekabr ayı ərzində Dağlıq Qarabağ probleminin tənzimlənməsi ilə bağlı ən azı üç təklifin şahidi olacağıq”
"Dağlıq Qarabağ münaqişəsinin həllində yeni bir nəfəs açılıb". SİA-ya açıqlamasında bu sözləri deyən Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin (SİTM) rəhbəri Mübariz Əhmədoğlu bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməməsində indiyədək əsas günahkar, əsas əngəl ATƏT və onun Minsk qrupu, eləcə də ATƏT-in konsessus əsasında işləməsi olub: "Ermənistan ən azından ona əmin idi ki, hamı onun əleyhinə səs versə də, özünün səsi ilə istəyinə nail olacaq. Şükürlər olsun ki, ATƏT və onun Minsk qrupu zəifləyir, münaqişənin həllinə maneə yaradan əyləc sıradan çıxır. Münaqişənin tənzimlənməsində əlavə müstəvilərə, meydanlara yol açılır".
SİTM rəhbəri qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı dekabr ayı ərzində ən azı 3 təklifin şahidi olacağıq: "Sabah Avropa Birliyi-Rusiya Əməkdaşlıq Komissiyasının toplantısı keçiriləcək. Mümkündür ki, toplantıda Dağlıq Qarabağ ilə Dnestryanı münaqişə müzakirə olunsun. Dnestryanı münaqişə ilə bağlı Rusiyanın mövqeyi aydındır. Rusiyanın mövqeyi budur ki, bu münaqişə Moldovanın ərazi bötüvlüyü çərçivəsində həll olunsun, sadəcə olaraq Dnestryanı əraziyə təminatlı yüksək status verilir. Nəzərə alaq ki, Rusiya Dağlıq Qarabağa da Dnestryanı münaqişə kimi yanaşır. Bundan çıxış edərək deyə bilərik ki, Rusiya Dağlıq Qarabağ probleminin də Azərbaycanın ərazi bötüvlüyü çərçivəsində həllini istəyir və bunun əvəzində Moskva Azərbaycandan Dağlıq Qarabağ üçün yüksək və təminatlı muxtariyyət statusu istəyə bilər. İkinci təklif isə Rusiya prezidentinin ayrıca hazırladığı variant ola bilər. Bu variantın konturları isə təxminən aydındır. Bir müddət əvvəl MDB-nin icraçı katibi Sergey Lebedev də sonradan təkzib etməsinə baxmayaraq bu konturlarla bağlı açıqlama verdi. Burada Dağlıq Qarabağ və işğal olunmuş ətraf ərazilərdən qaçqın və məcburi köçkünlərin doğma yurd-yuvalarına qayıtması məsələsi əksini tapıb. Qaçqın və məcburi köçkünlərin doğma yurd-yuvalarına qayıtması üçün isə ilk növbədə oradan silah çıxmalıdır, qoşunlar çıxmalıdır. Məsələ budur ki, ruslar ermənilərə erməni hiyləgərliyi tətbiq edirlər. Son dövrlər Rusiya prezidentinin ən çox müzakirə olunan modelinin mahiyyəti budur ki, işğal olunmuş 7 rayon azad olunur, Dağlıq Qarabağla Ermənistan, Baki ilə Naxçıvan arasında əlaqələr bərpa olunur. Dağlıq Qarabağın statusunun müəyyən olunması ola bilər bir qədər uzansın. Üçüncü bir təklifi isə dekabrın 13-də Birləşmiş Millətlər Təşkilatından gözləyirik. Təşkilatda da "Azərbaycanın işğal olunmuş ərazilərdəki vəziyyətə dair qətnamə"ni İslam Konfransı Təşkilatı müzakirə edərək rəsmi mövqeyini ortaya qoyub. Ola bilər ki, bu yaxınlarda GUAM da İslam Konfransı Təşkilatı kimi addım atsın və bəyan etsin ki, "Azərbaycanın işğal olunmuş ərazilərdəki vəziyyətə dair qətnamə"ni müdafiə edəcək. Nəzərə alsaq ki, Ermənistanın həyasız mövqeyi dünya dövlətlərini bezdirib, onda BMT-nin Baş Assambleyasıdakı məsələ dərhal Təhlükəsizlik Şurasına çıxarıla bilər. Əgər bu üç sülh təşəbbüsü effekt verməsə, hesab edirəm ki, Azərbaycanın müharibədən başqa yolu yoxdur".
Erməni ekspertlərinin Astana sammitini Dağlıq Qarabağın təhlükəsizliyinin təminatı kimi qiymətləndirməsinə gəlincə, M.Əhmədoğlu hesab edir ki, ermənilərin Astana sammiti ilə bağlı əsl fikirləri bir qədər sonra üzə çıxacaq: "Ermənilər çox yaxşı bilirlər ki, Azərbaycan ATƏT-in zəifliyindən dərhal istifadə edərək məsələni BMT-də, Avropa Birliyində və yaxud AŞPA-da müzakirə olunmasına çalışacaq. Hesab edirəm ki, bu şərhlər ermənilərin sammitlə bağlı ilk təəssüratlarıdır. Mən onları illərdir ki, izləyirəm. Ola bilsin ki, yaxın günlərdə yüksək pafoslu bəyanatlar versinlər. Amma sonradan anlayırlar ki, vəziyyət tamam başqa cürdür. Ermənilərin yeganə bir təsəllisi var, qoy onlar hər sammit öncəsi əllərini göyə qaldırıb şükür etsinlər ki, bu dəfə də Dağliq Qarabağı bizdən ala bilmədilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB