Qızışan siyasi mübarizə Ermənistanın məhvinə səbəb olacaq
Küçə "demokratı", Ermənistanın baş naziri Nikol Paşinyan hakimiyyətə gəldiyi 4 aya yaxın müddətdə problemlər məngənəsində boğulan işğalçı ölkədə yeni siyasi meydan formalaşmaqdadır. Belə ki, bütün siyasi oyunçular, o cümlədən, xüsusilə, Paşinyan seçkilərə hazırlıq görür. Belə ki, Paşinyan öz mövqelərini qoruyub-saxlamağa çalışmaq üçün müxtəlif piar addımlar atır və mitinqlər keçirir. Əsas hədəfi meydanı yenə öz təsiri altında saxlamaq və beləliklə, daxili siyasi iştirakçıların daha çox rəğbətini qazanmaqdır. Təəssüf ki, onun bu hədəflərinə nə dərəcədə çata biləcəyi sual altındadır. Çünki Rusiya Ermənistanda seçkilərə müdaxilə edə və Paşinyana rəqib olan siyasi oyunçu olan Robert Koçaryanı dəstəkləyə bilər.
Paşinyan bu problemi həll edə biləcəkmi?
Paşinyanın hakimiyyətə gəlməsi ilə, sosial-iqtisadi problemlərlə yanaşı, ölkə daxilində apponentlərini zəiflətməyə yönəldilmiş siyasət həyata keçirdiyi açıq-aydın görünməkdədir. Belə ki, Ermənistan parlamentində təmsil olunan "Daşnaksutyun" və Respublika partiyalarının son bəyanatları bu ölkənin siyasi kataklizmlər mərhələsinə qədəm qoyduğunu göstərir.
Armen Rustamyan: "Qərəzli məhkəmələr normaya çevrilə bilər, bu da, öz növbəsində, ziddiyyətlərin daha da artdığı cəmiyyətin yaranmasına gətirib çıxaracaq"
"Daşnaksutyun" partiyasının parlament fraksiyasının rəhbəri Armen Rustamyan bildirib ki, sabiq prezident Robert Koçaryana və ətrafına qarşı məhkəmə prosesləri ədalətli aparılmalıdır. Onun sözlərinə görə, əks-halda, "qərəzli məhkəmələr normaya çevrilə bilər və bu da, öz növbəsində, ziddiyyətlərin daha da artdığı cəmiyyətin yaranmasına gətirib çıxaracaq.
A.Rustamyan, onu da qeyd edib ki, öz ölkəsində düşmən axtarmaq lazım deyil və sabiq prezidentlərin siyasi səhnədə yerlərini qorumaq hüquqları var. Fraksiya rəhbəri sabiq dövlət başçısı Levon Ter-Petrosyanı onillik sükutunu pozmağa və fəal siyasətə qayıtmağa çağırıb.
Respublika Partiyasının parlament fraksiyası da baş nazir Nikol Paşinyanın əleyhinə bəyanatlar səsləndirməkdə davam edir. Bu partiyanın təmsilçisi, parlamentin vitse-spikeri Eduard Şarmazanov bildirib ki, əvvəlki hökuməti "hakimiyyət hərisliyində" təqsirləndirən yeni baş nazir bütün vasitələrdən istifadə edərək, öz postunu qorumağa can atır. Onun sözlərinə görə, Paşinyan, məhz bu məqsədlə konstitusiyaya dəyişikliklər etməyi tələb edir: "Konstitusiyada baş nazirin istefaya getməsi ilə eyni vaxtda parlamentin buraxılması maddəsinin təsbit edilməsi Əsas Qanunun məntiqinə və parlamentin icra hakimiyyəti üzərində nəzarəti prinsipinə ziddir. Mən və partiyamızın üzvləri bunun əleyhinəyik".
Göründüyü kimi, deyilənlərdən belə bir nəticə çıxarmaq olar ki, Ermənistan parlamentində təmsil olunan partiyalar növbədənkənar parlament seçkilərinin keçirilməsi haqqında baş nazirin təklifinə qarşı çıxıblar. Onlar hesab edirlər ki, hazırkı siyasi vəziyyətdə ictimai əhval-ruhiyyə istənilən an kəskin şəkildə dəyişə bilər. Siyasətçilərin fikrincə, belə olarsa, hər altı ayda bir növbədənkənar seçkilər keçirmək lazım gələcək. Belə olarsa, Paşinyanın bu durumdan çıxa biləcəyi də sual altındadır. Çünki ən böyük əngəl Rusiyanın Paşinyanın əsas rəqibini dəstəkləməsi məsələsidir.
Politoloqlar də deyilənləri təsdiqləyir
Politoloq İlqar Vəlizadə hazırda Ermənistanın daxili siyasətində iki qütbün qərarlaşdığını bildirib: "İşğalçı ölkədə erkən parlament seçkilərinin baş tutması Ermənistan siyasətinin əsas iştirakçılardan asılı olacaq. Bunlar köhnə siyasi elita ilə yeni siyasi elitanın tərəfdarlarıdır. Paşinyan hökumətinin bir zamanlar siyasi piramidanın zirvəsində duranları necə cəzalandırılması ilə maraqlanır. Bundan başqa, xarici siyasətdə də ciddi problemlər var. Ermənistan, ənənəvi ağası Rusiyanın orbitindən uzaqlaşmağa çalışsa da, hələlik, buna nail ola bilmir. Rusiyanın bu ölkənin daxili ictimai-siyasi həyatına müdaxilə imkanı o qədər güclüdür ki, Paşinyanın bu məsələdə ciddi irəliləyiş əldə edə bilməyəcəyi labüddür".
Politoloqun sözlərinə görə, Paşinyan, ilin sonuna qədər keçmiş hökumətdə təmsil olunan rəqiblərini zəiflədəcəyini düşünsə də, görünən odur ki, hələlik, buna nail olmayıb: "Növbədənkənar parlament seçkilərinin gələn ilin aprel ayında keçiriləcəyi haqda informasiyalar verilir. Amma Paşinyan növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün qarşılaşdığı hüquqi problemləri aşa bilmir: "Konstitusiyada dəyişiklik etməsi üçün də parlamentdə əksər çoxluğa sahib deyil və Ermənistan Respublika Partiyası ciddi dirəniş göstərir. Paşinyan üçün ən ciddi problem bu məsələni öz xeyrinə həll etməsidir. Bu hüquqi problem həll edilmədən, Paşinyan böyük bir ehtimalla növbədənkənar parlament seçkilərinə getməyəcək. Ancaq Paşinyan bu hüquqi problemi bir şəkildə həll edərsə, növbədənkənar parlament seçkilərini qazanma ehtimalı olduqca yüksəkdir. Hələlik, Paşinyan özünü legitim hakimiyyət kimi görə bilmir".
Politoloqun sözlərinə görə, növbədənkənar parlament seçkiləri keçiriləcəksə, yəqin ki, Ermənistan Respublika Partiyası parlamentdə təmsil edilməyəcək: "Hazırkı hakimiyyətlə dialoq içərisində olan "Çiçəklənən Ermənistan", "Daşnaksutyun" və digər kiçik partiyaların parlamentdə təmsil olunma ehtimalı var. Parlamentin yaş ortalamasının da gəncləşəcəyini düşünürəm. Yeni parlamentdə Rusiyaya olan münasibət daha da kəskinləşə bilər. Əgər növbədənkənar parlament seçkiləri Paşinyanın iqtidarda olduğu mərhələdə keçiriləcəksə, onun seçkilərdən məğlub ayrılma ehtimalı yoxdur. Təbii ki, növbədənkənar parlament seçkilərinə qədər Paşinyan hökuməti iqtidarda qala biləcəksə."
Robert Koçaryan: "Hazırda Ermənistanda baş verənlər sərhəd tanımayan populizmdir"
Paşinyanın rəqibi Robert Koçaryan küçə "demokratı"nın siyasətə qayıda bilməsi şansının olmadığını bildirib: "Mən 10 il Ermənistanın prezidenti olmuşam. Bu 10 il ərzində Ermənistanın ÜDM-i beş dəfə, dövlət büdcəsi 8 dəfə artıb. Hər il 35-40 min iş yeri yaratdıq. 10 ildir ki, siyasətdən uzaqlaşmışam, bəlkə də hamı görülən işləri xatırlamır. Biz bunu xatırladacağıq. Məncə, bütün bu prosesdə iştirak edən insanlar - biznesini yaradıb, iqtisadiyyatı qaldıranlar - həmin seçki bazasını təşkil edəcəklər".
Onun sözlərinə görə, hazırda Ermənistanda baş verənlər sərhəd tanımayan populizmdir: "Son mitinqdə Ermənistanın de-fakto yeni bir dövlət idarəçiliyi sistemi qurulduğu və inqilabçı meydan xalqın hakimiyyətinin ən ali orqanı elan edildi. Mən sitat gətirirəm, bu, zarafat deyil. Bizim konstitusiyamızda meydanın xalq hakimiyyətinin ən yüksək orqanı olması göstərilməyib. Bu, yalnız təcrübənin olmaması məsələsi deyil, həmçinin, idarəetmədə dövlət mexanizmi nədir, səlahiyyətlərin bölünməsi nədir, bu məsələlərdə ümumi yanlış anlamadan irəli gəlir".
Koçaryan hesab edir ki, cari "inqilabi eyforiya" uzun müddət davam edə bilməz: "Siz insanların daha yaxşı yaşayışına səbəb olan bir inqilab nümunə gətirə bilərsiniz? Bəlkə bu, Misirdir, bəlkə Tunisdir, Suriya, yaxud Liviyadır? Yaxud Ukrayna və Gürcüstandır? Bu, ərazinin itirilməsidır. Mənə bir nümunə verin. Mən bizdə daha yaxşı olması üçün heç bir səbəb görmürəm".
Nikol Paşinyan isə növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün konstitusiyaya düzəlişlər ediləcəyini qeyd edib və bildirib ki, növbədənkənar seçkilər yalnız baş nazir vəzifədə olduğu təqdirdə keçiriləcək: "Çünki quldur dəstə parlamentdən də tam uzaqlaşdırıldıqdan sonra ölkədə stabillik əldə oluna bilər".
Qızışan siyasi mübarizə Ermənistanın məhvinə səbəb olacaq
Siyasi ekspertlər N.Paşinyanın səsləndirdiyi fikirləri şərh edərək, bildiriblər ki, Paşinyan da bundan əvvəlki hökumət başçılar kimi, yalan vədlər verib, baş nazir postuna gəldi: "İndi isə problemin həll olunmamasını Ermənistanın ağır iqtisadi vəziyyəti ilə əlaqələndirməyə çalışır. Sadəcə olaraq, "məxməri inqilab" zamanı xalqa qəhrəman lazım idi. Paşinyan da bu vəziyyətdən istifadə etdi".
Siyasi ekspertlər, onu da qeyd ediblər ki, parlamentdə çoxluğun Respublika təmsilçilərində olması Paşinyanı narahat edir. Bu səbəbdən, parlamentdəki çoxluğu əldə etmək üçün növbədənkənar seçkilərin keçirilməsini istəyir. Ekspertlərin fikrincə, eks-prezident Robert Koçaryanın həbsdən çıxması "daşnaklar"ın və Respublika nümayəndələrinin fəallaşmalarına səbəb olub. Bu da yaxın zamanda tərəflər arasında böyük siyasi mübarizənin olacağından xəbər verir. Erməni ekspertlərinin sözlərinə görə, qızışan siyasi mübarizə isə Ermənistanın məhvinə səbəb olacaq. Xatırladaq ki, Ermənistanda Seçki Məcəlləsinə dəyişikliklər edilməsi ilə bağlı siyasi partiyalar arasında danışıqlar aparılır. Yeni hökumət bu addımı növbədənkənar seçkilər keçirmək məqsədilə atır.
A.SƏMƏDOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB