Yaxud, İlqar Məmmədov kimlə(rlə) anlaşıb?
“REAL” hərəkatı İlqar Məmmədov həbsdə olan müddətdə partiyaya çevrildikdən sonra, müxalifətin radikal qanadında müəyyən təlaş tərpənişləri hiss olunmağa başlayıb. Belə ki, “REAL”ın aparıcı fiqurları zaman-zaman heç bir siyasi birliyə, bloka daxil olmayacaqlarını bəyan etsələr də, hazırda əks istiqamətdə fikirlər ortaya çıxmaqdadır. Eyni zamanda, İ.Məmmədov xüsusilə ənənəvi partiyalardan – AXCP-dən, Müsavatdan birgə iş birliyi təklifləri alsa da, onun bu məsələdə razılaşan tərəf kimi görmək də olmaz. Təkcə, bu il keçirilmiş prezident seçkiləri ərəfəsində və sonra keçirilən mitinqlərdə “REAL”ın kənar mövqedə qalması da qeyd edilən fikirləri isbatlamaqdadır. Çünki istər onun özü, istərsə də təşkilatının funksionerləri dəfələrlə bəyan ediblər ki, köhnəlmiş ideyalarla, nimdaşlaşmış siyasi fəaliyyətlərlə məşğul olan bu kimi partiyalarla əməkdaşlıq səmərədən çox, ziyan vura bilər.
Məhz Xədicə İsmayılova ilə ittifaq quraraq, siyasi fəaliyyətini davam etdirmək istəyən İlqar Məmmədov ən azından, ümidini xarici təşkilatlara bağladığını gizlətmir
Yeri gəlmişkən, “REAL”ın partiyaya çevrilməsi eyni zamanda, bu təşkilatın maddi vəsait axtarması reallığını ortaya qoyur. Çünki maliyyə olmadan, partiyanın siyasi arenada fəaliyyəti də qeyri-mümkün olur. deyil. Ona görə də, hazırda bu kimi məsələlərin İ.Məmmədovun gündəmində olması mümkün görünür. Lakin əldə edilən son məlumatlar həm də belə nəticəyə gəlməyə imkan verir ki, “REAL” sədri hələlik fərdi qaydada bloklaşmaya getməyi düşünür. Daha dəqiq desək, “hüquq müdafiəçiləri” qismində çıxış edən bəlli şəxslərlə anlaşmalara gedib, müəyyən maliyyə vəsaitləri əldə etməyi fikirləşir. Bu xüsusda, daha çox Xədicə İsmayılovanın adı çəkilməkdədir. Məhz onunla ittifaq quraraq, siyasi fəaliyyətini davam etdirmək istəyən İ.Məmmədov ən azından, ümidini xarici təşkilatlara bağladığını gizlətmir. Belə ki, X.İsmayılovanın Qərbdəki bir sıra anti-Azərbaycan xarakterli, eyni zamanda, erməni lobbisi ilə sıx əlaqələri olan təşkilatlarla münasibətləri mövcuddur. Misal üçün, “siyasi məhbus siyahısı” məsələsində X.İsmayılova demək olar ki, müxalifətdəki bütün opponentlərini geridə qoymağa nail olub. Belə olan halda, Məmmədovun İsmayılova ilə ittifaqa girməsi ona necə deyərlər, hava-su kimi lazımdır.
“REAL”ın AXCP, Müsavat kimi siyasi təşkilatlarla baş-başa gəlməsi reallığı istisna olunmur
Lakin yuxarıda da qeyd edildiyi kimi, “REAL” sədri maliyyə ilə yanaşı, partiyasının düşərgədaxili mövqeyini möhkəmləndirmək üçün də planlar qurur. Ona görə də, onun əməkdaşlıqdan imtina etdiyi AXCP, Müsavat kimi siyasi təşkilatlarla baş-başa gəlməsi reallığı istisna olunmur və bu mübarizədən qalib kimi çıxması üçün möhkəm dəstəyə ehtiyacı var. Bu ehtiyacın X.İsmayılova vasitəsi ilə ödənilməsi isə hər iki şəxsin bir araya gəlməsi ilə nəticələnəcək.
Artıq, AXCP cinahından bu ittifaqın pozulması üçün startın verildiyi deyilir və həmin məsələdə müsavatçılarında boş dayanmadıqları bildirilir.
Əli Kərimli məqam gözləyir, Arif Hacılı isə gizli müşavirə keçirib
Həmin kuluarlarda müəyyən münasibətləri olan mənbədən aldığımız məlumata görə, Əli Kərimlinin nəzarətində olan sosial şəbəkədəki söyüş qrupları sadəcə, düyməyə basılmasını gözləyirlər ki, hamılıqla İ.Məmmədov-X.İsmayılova siyasi cütlüyünə qarşı kampaniyaya başlasınlar. Ə.Kərimli isə hələlik tələsmir və məqamı gözləyir.
Müsavat partiyasında isə müəyyən qrup insanın başda Arif Hacılı olmaqla gizli müşavirə keçirdikləri barədə informasiyalar var. Halbuki, Müsavat partiyasına məxsus sayt onun təbliğatını aparırdı. Ancaq İ.Məmmədovun bütün bunlara etinasız yanaşması vəziyyəti kökündən dəyişdirdi. Artıq, Müsavat rəhbərliyi də ona qarşı öz kampaniyasını aparmağı planlaşdırır.
Beləliklə, nəticəyə gəlmək olar ki, müxalifətdaxili vəziyyətin gərginləşməsi yenidən başlamaq üzrədir. Xüsusilə, “REAL” partiyası rəhbərliyinin məlum manevrlərlə əl atması həmin gərginliyin artmasına səbəb olacaq. Nəzərə alarsaq ki, X.İsmayıl da zaman-zaman həm AXCP, həm də Müsavat partiyalarına qarşı sərt ittihamları ilə yadda qalıb, bu zaman gözlənilən hadisələrin bir-birini sürətlə əvəzləyəcəyini bəri başdan ehtimal etmək mümkündür.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB