Respublikaçılarla daşnaklar birləşir, “Sasna srer” isə silaha əl atır
Ermənistanda davam edən siyasi böhran bu dəfə daha ardıcıl xarakter almağa başlayıb. Belə ki, Nikol Paşinyan hökumətinin ard-arda buraxdığı ciddi səhvlər istər baş naziri, istərsə də onun komandasını dalana sıxışdırıb. SİA xəbər verir ki, bu barədə müxtəlif erməni KİV-ləri informasiyalarla, siyasi təhlillərlə çıxış edirlər.
Bu arada, onu da qeyd edə bilərik ki, Paşinyanın əvvəlcə Robert Koçaryanın azadlığa buraxılması məsələsində gücsüzlüyünü nümayiş etdirməsi, bunun ardınca, KTMT-nin hazırkı baş katibi Yuri Xaçaturovun həbsini reallaşdıra bilməməsi onun nüfuzunu get-gedə azaltmağa başlayıb. Hətta Paşinyanla birgə küçə qiyamını dəstəkləyən bir qrup tərəfdarı da onu müxtəlif məsələlərdə ittiham edir, hökumət daxilindən isə istefalara başlanılıb.
Paşinyanın müşavirinin istefasıının əsas tərəfləri bəlli olub
Misal üçün baş nazirin müşaviri Arsen Xaratyan vəzifəsindən istefa verib. Keçmiş müşavir istefa qərarını ailəsinin Gürcüstanın paytaxtı Tbilisidə yaşaması və onlarla az-az görüşməsi ilə əlaqələndirsə də, əsas səbəbin daxili narazılıqlardan doğulduğu da vurğulanmaqdadır. Hətta Xaratyanın Yuri Xaşaturovun həbs olunmasında ən barışmaz tərəf olduğunu yazan erməni KİV-ləri, onun bu səbəbə görə, yəni KTMT-nin baş katibinin həbsinin reallaşmamasına görə Paşinyan komandasını tərk etdiyini yazırlar.
Lakin bugünlərdə Ermənistan XİN-nin mətbuat katibi vəzifəsini müvəqqəti icra edən Anna Naqdalyan keçirdiyi brifinqə Y.Xaçaturovun həbsinin reallaşdırılmasında gücsüz olduqlarını dolayısı ilə etiraf edib. O, bütün qərarların bilavasitə KTMT-dəki konsensus vasitəsi ilə verildiyini deyib və bu vasitə ilə jurnalistlərin suallarından yayınıb.
Başqa tərəfdən, Azərbaycanın KTMT-yə üzvlüyü mümkünlüyü ətrafında da çıxılmaz olduqlarını sərgiləyən Anna Naqdalyan verilən digər suallara açıq-aydın cavab verməkdən imtina edib.
Eduard Şarmazanov: “Düşünürəm ki, o siyasətlə məşğul olacaq və artıq buna başlayıb”
Yeri gəlmişkən, artıq Ermənistanda müxalifət cinahında yer alan siyasi güclər birləşməyə başlayıblar. Məsələn, parlamentdə səs çoxluğuna sahib olan Serj Sarkisyanın Respublika partiyası, eləcə də parlamentin vitse-spikeri Eduard Şarmazanov hesab edir ki, ölkənin ikinci prezidenti olmuş Robert Koçaryanın siyasi xadim olduğunu nəzərə alaraq, onunla iş birliyinə gedilə biləcəyi ehtimallarının çox olduğunu bildirib. “Düşünürəm ki, o siyasətlə məşğul olacaq və artıq buna başlayıb”, deyən erməni spiker əlavə edib ki, Respublila partiyası konsolidə olunmuş siyasi gücdür və Robert Koçaryan da daxil olmaqla, bütün siyasi güclərlə il birliyinə gedə bilər.
“Jamanak”: “Babayan daha bir maraqlı qərar qəbul edərək deyib ki, onun yeni yaradılmış “Sasna srer” partiyası ilə əməkdaşlıq etmək marağı var və Koçaryanla da iş birliyi ətrafında gizli danışıqlar aparır”, yazan erməni qəzeti artıq həmin istiqamətdə real işlərə başlanılıb”
“Jamanak” (Zaman-R.R.) qəzeti isə yazır ki, separatçı “DQR”-in sabiq müdafiə naziri Samvel Babayan “Ohanyan, Raffi-Oskanyan” alyansı üçün Yerevanın mərkəzi küçələrindən olan Vardanansda geniş ofis kirayələyib və tezliklə fəal siyasi müzakirələrə başlayacaq. “Babayan daha bir maraqlı qərar qəbul edərək deyib ki, onun yeni yaradılmış “Sasna srer” partiyası ilə əməkdaşlıq etmək marağı var və Koçaryanla da iş birliyi ətrafında gizli danışıqlar aparır”, yazan erməni qəzeti artıq həmin istiqamətdə real işlərə başlanılıb”.
Xatırlatmaq olar ki, “Sasna srer” hərəkatı hələ Serj Sarkisyan hakimiyyəti dövründə 3 polisin öldürülməsi və bir neçəsinin yaralanması ilə nəticələnən qiyam qaldırmışdı. Bu qurumun üzvləri polis alayını zəbt edərək, silahlı müqavimət göstəriblər. Partiyaya çevrilmiş “Sasna srer” qarşıdan gələn növbədən kənar parlament seçkilərində uduzacaqları halda, yenidən silaha sarılacaqlarını da istisna etmirlər. Beləliklə, fakt budur ki, istər yeni hökumət daxilində, istərsə də hökumtə qarşı müxalifətçilik mövqeyində dayananlar arasında kəskin qarşıdurmalar yaşanmaqdadır. Bütün bunlar isə küçədən gələn və pafosları ilə utopk xəyallara dalan Paşinyan hakimiyyətinin iflasını, ölkənin isə vətəndaş müharibəsinə doğru sürüklənmə prosesini daha da sürətləndirir.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB