Hakim partiya “Wikileaks”də yayılan məlumatlara münasibət bildirdi

Hakim partiya “Wikileaks”də yayılan məlumatlara münasibət bildirdi

""Wikileaks"də yayılan məlumatların təsadüfən ortaya çıxmasını düşünmək sadəlövhlük olardı. Bu məlumatların üzə çıxması təsadüfi deyil və hesab edirəm ki, məqsədyönlü şəkildə edilibdir. Ancaq burada bir nüansı hökmən nəzərə almaq lazımdır. Saytın yaydığı məlumatların heç də hamısı həqiqəti əks etdirmir. Əlbəttə, bu məlumatların hamısının düzgün olmamasını söyləmək də yalnış olardı. Bəli, həqiqətən də ABŞ diplomatlarının görüşləri haqqında Dövlət Departamentinə verdiyi informasiyalar da vardır. Bu hadisələr, bu görüşlər olubdur, amma bu görüşlərlə bağlı verilən məlumatların içərisinə xüsusi məqsədyönlü şəkildə digər məlumatlar da daxil edilibdir". SİA-nın xəbərinə görə, bu fikirləri hakim partiyanın rəsmi saytına müsahibəsində Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı bildirib. Onun sözlərinə görə, bu məlumatların daxil edilməsinin məqsədi informasiya vasitəsilə bu və ya digər ölkələrə təsir göstərməkdir. İnformasiya bu gün silah rolunu oynayır və təzyiq vasitəsi kimi istifadə olunur: "Dövlət Departamentinin məlumatlarının məqsədyönlü şəkildə yayılmasının yeganə məqsədi ABŞ-ın dünyada hegemon rolunun zəifləməsi fonunda yenidən mövqeyini canlandırmaqdır. Belə ki, Birləşmiş Ştatların apardığı müharibələr bu ölkəyə qarşı beynəlxalq ictimaiyyətin münasibətini xeyli dərəcədə dəyişdirmişdir. Bu gün dünyada baş verən iqtisadi böhran fonunda ABŞ-ın özündə iqtisadi problemlərin meydana gəlməsi, xüsusilə, ABŞ valyutasının getdikcə dünya çapında rolunun zəifləməsi, ABŞ-ın Əfqanıstanda, İraqda və digər yerlərdə apardığı hərbi əməliyyatlarda baş verən geriləmələr, yerindəsaymalar, qarşıya qoyulan məqsədə çatmaq üçün aparılan siyasətin uğursuzluğu və s. ABŞ hakim dairlərini, ölkənin siyasi elitasını, beyin mərkəzlərini dünya ictimai rəyini başqa istiqamətlərə yönləndirmək üçün bu tipli addımları atmağa sövq etmişdir. Zaman-zaman ABŞ-da bu tipli hadisələr baş vermişdir. Hələ internetin mövcud olmadığı dövrlərdə də hökumətiə məxsus məlumatların hansısa bir formada mətbutata sızdırılmasını biz müşahidə etmişik. Hətta məxfi məlumatların ötən əsrin 50-60-cı illərində mətbuta ötürülməsi ilə bağlı guya araşdırmaların aparılması haqqında hay-küy qaldırılmışdı. Bu gün isə bu məsələlər açıq şəkildə ortaya qoyulur".

 

Bu addımı informasiya terroru adlandıran Mübariz Qurbanlı daha sonra qeyd edib ki, burada qarşıya qoyulan məqsədlərdən biri də bütün dövlətləri bir-birinə qarşı qaldırmaqla ABŞ-ın bir arbitr rolunda çıxış etməsinə nail olmaqdır: "Təbii ki, bu informasiyaların yayılmasından Birləşmiş Ştatlar o qədər də böyük ziyan çəkmir. Bu informasiyalarda ayrı-ayrı dövlət başçılarının digər dövlətlər, onların rəhbərləri haqqında fikirlərinə rast gəlirik ki, bu fikirlərin içərisinə ABŞ-ın maraqlarına xidmət edəcək tezislərin məqsədyönlü şəkildə daxil edildiyini görürük. Məsələn, Azərbaycanla bağlı informasiyalarda biz məqsədyönlü şəkitldə ölkəmizin qonşu dövlətlərlə arasında qarşıdurma yaradılmasına cəhdlər müşahidə edirik. "Wikileaks"də yayımlanan məlumatlar Vaşinqtonun qlobal miqyasda azalan nüfuzunu qaldırmağa yönəlib. Birləşmiş Ştatlar əleyhinə hansısa dövlətlərin açıq və gizli koalisiyasının yaranmasının qarşısını almağa xidmət edir, eyni zamanda, ABŞ tərəfindən müxtəlif ölkələrdə siyasi liderlərə təzyiq edilməsi üçün həyata keçirilmiş nqövbəti addımdır".

 

YAP İcra katibinin müavini, həmçinin, bu addımın, ABŞ hökumətinin, Barak Obama Administrasiyasının bütövlükdə apardığı siyasət kimi qiymətləndirilməsinin də düzgün olmadığını vurğulayıb. Onun sözlərinə görə, ola bilsin ki, bu, ABŞ-da müəyyən qrupların həyata keçirdiyi hərəkətlərdir və Konqres, Senat bunlardan bixəbərdir: "Əslində, bu, ABŞ-da dövlət çində dövlət siyasəti yeridən bir qrupun olduğunu göstərir. Bəzən deyirlər ki, ABŞ Dövlət Departamentinin sirlərini qoruya bilməyiblər və bu məlumatları oğurlayıblar. Bunu Birləşmiş Ştatlar kimi ən müasir və inkişaf etmiş texnologiyalara malik bir ölkə haqqında söyləmək gülünc doğurur. Əgər, ABŞ-da dövlət sirlərini bu cür asanlıqla ələ keçirmək mümkün olsa idi, onda bu ölkədə müdafiə sirlərinin də ələ keçirilməsi də baş verər və Birləşmiş Ştatların təhlükəsizliyinə böyük təhlükə yarana bilərdi. Ona görə də, hesab edirəm ki, bu xüsusi bir məqsədyönlü siyasətdir. Bu, ABŞ-da olan bəzi qrupların, beyin mərkəzlərinin növbəti addımı olmaqla, informasiyadan silah kimi istifadə olunmasının bariz nümunəsidir".

Bütün xəbərlər Facebook səhifəmizdə