Mübariz Qurbanlı: “ATƏT-in Astana Sammitini Azərbaycan diplomatiyasının növbəti uğuru kimi qiymətləndirirəm” - MÖVQE

Mübariz Qurbanlı: “ATƏT-in Astana Sammitini Azərbaycan diplomatiyasının növbəti uğuru kimi qiymətləndirirəm” - MÖVQE

"Astanada Azərbaycan diplomatiyası növbəti uğurunu əldə etdi. Bu uğurun əsasında ölkəmizin bu münaqişənin həllində bir tərəf olaraq, daha konstruktiv mövqedə dayandığını göstərməsi dayanır. Ermənistanın isə münaqişənin həllində qeyri-konstruktiv mövqedən çıxış etməsi göstərilməklə, onun təcavüzkar siyasət yeritdiyi aydın şəkildə büruzə verildi. Hesab edirəm ki, Astana Sammitində Azərbaycan diplomatik, siyasi, ideoloji təbliğati baxımdan Ermənistana qarşı öz üstünlüyünü nümayiş etdirdi". SİA-nın xəbərinə görə, bu fikirləri hakim partiyanın rəsmi saytına müsahibəsində Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı söyləyib.

 

Onun sözlərinə görə, bu Sammitin rəsmi Bakı üçün əhəmiyyəti bir neçə istiqamətdə izah oluna bilər. Belə ki, əhəmiyyətli məqamlardan biri odur ki, dünya dövlətlərinin liderləri Dağlıq Qarabağ münaqişəsinə münasibətlərini açıqladılar və münaqişənin həlli istiqamətində başlıca prinsip kimi ərazi bütövlüyününün təmin olunmasının əhəmiyyətini vurğuladılar. Digər tərəfdən, Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışında Azərbaycanın qətiyyətli mövqeyini bir daha dünya ictimaiyyətinə çatdırdı. Həmçinin, məxsusi olaraq, Dağlıq Qarabağ münaqişəsinə dair bəyanat imzalandı və sənəddə münaqişənin tezliklə həll edilməsinə çağırış ifadə olundu. Həmin bəyanatda Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin (Rusiya, ABŞ və Fransa) prezidentlərinin bundan əvvəlki görüşlərdə imzalıdqları və razılaşdırdıqları prinsiplər əsasında həll olunmasının vacibliyi vurğulandı: "Bəllidir ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin rəhbərlərinin görüşlərində razılaşmalar əldə edilibdir. Bu razılaşmalar münaqişənin həlli prinsiplərini müəyyən edib. Bu prinsiplər əsasında Azərbaycanla Ermənistan arasında sülh danışıqları davam etdirilir. O da bəllidir ki, Azərbaycanın kompromis variant olaraq razılaşdığı məqamlar ölkəmizin bu prosesə hazır olduğunu nümayiş etdirdiyi halda, Ermənistan Dağlıq Qarabağ məsələsində qeyri-konstruktiv mövqedən çıxış edir. Prezidentimiz cənab İlham Əliyevin Sammitdəki çıxışında da bu məsələ xüsusi olaraq vurğulandı və göstərildi ki, Ermənistan qəsdən münaqişənin həll olunmasını yubadır və faktiki olaraq, BMT-nin, ATƏT-in və digər beynəlxalq qurumların qəbul etdikləri qərar və qətnamələri yerinə yetirmir", - deyə M.Qurbanlı qeyd edib.

 

YAP İcra katibinin müavini, həmçinin, qeyd edib ki, Azərbaycan üçün Astana Sammitinin bütün müzakirələri zamanı Avropanın təhlükəsizlik sistemində Dağlıq Qarabağ münaqişəsinin və digər münaqişələrin böyük təhlükələr törətməsinin xüsusi olaraq, vurğulanması olduqca böyük əhəmiyyət kəsb edir: "Bu gün dünyada sülh və təhlükəsizlik məsələsi çox ciddi şəkildə müzakirə olunur. belə bir şəraitdə Dağlıq Qarabağ, Cənubi Osetiya, Abxaziya, Dnestryanı ərazilərdə mövcud olan münaqişələr nəinki, Avroatlantik məkanında, bütövlükdə dünyada sülh üçün təhlükələr törədir. Əgər, dünya dövlətləri sülhə, sabitliyi nail olmaq istəyirlərsə, ilk növbədə bu tipli münaqişələrin həllinə nail olunmalıdır. Bu münaqişələrin həllində isə təcavüzkar açıq şəkildə təzyiqlərə məruz qalmalı və ona qarşı beynəlxalq münasibətlər sistemində mövcud olan norma və prisiplərə uyğun olaraq, təzyiqlər edilməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə