Gövhər Baxşəliyeva: “Gözləyə bilmərik ki, Dağlıq Qarabağ münaqişəsinin həlli İsrail-Fələstin münaqişəsi kimi altmış il uzansın”
"Astana sammiti Ermənistan rəhbərliyinin tam iflasa uğraması ilə nəticələnib". SİA-ya açıqlamasında bu sözləri deyən millət vəkili Gövhər Baxşəliyeva hesab edir ki, sammitdə bütün dünya Dağlıq Qarabağın tarixi Azərbaycan ərazisi olduğuna, Ermənistanın işğalçı siyasətindən əl çəkmək istəmədiyinə şahidlik edib.
Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını üzərinə götürən ATƏT-in Minsk qrupunun da səmərəsiz bir quruma çevrildiyini deyən millət vəkili təşkilat daxilində dəyişikliyin vacib olduğunu ifadə edib: "Nəinki ATƏT və onun daxilində qurulan Minsk qrupu, eləcə də digər beynəlxalq təşkilatların olduqca zəif olduğu görünür. Bu təşkilatların münaqişələri həll etmək üçün təsir mexanizmi yoxdur. Müəyyən qərarlar çıxardılır, qətnamələr qəbul olunur, amma real addımlar atılmır. Birləşmiş Millətlər Təşkilatı 4 qətnaməsi ilə Ermənistandan işğal etdiyi torpaqları qeyd-şərtsiz boşaldılmasını tələb edib. İcra olunmursa, onda niyə qəbul edirlər. Hesab edirəm ki, bu istiqamətdə beynəlxalq təşkilatlarda dəyişiklik aparılmalıdır".
Eyni məzmunlu qətnamələrin Azərbaycana yaxın bir təşkilat olan İslam Konfransı Təşkilatında da dəfələrlə qəbul edildiyini qeyd edən G.Baxşəliyeva bunların da faydasız olduğunu söyləyib: "İstəməzdik ki, Dağlıq Qarabağ münaqişəsi də İsrail-Fələstin münaqişəsinin taleyini yaşasın. Gözləyə bilmərik ki, Dağlıq Qarabağ münaqişəsinin həlli İsrail-Fələstin münaqişəsi kimi 60 il uzansın. Problemi gələcək nəsillərə saxlamamalıyıq. Şahidiyik ki, Azərbaycan rəhbərliyi bu istiqamətdə gərgin iş aparır. İstər ordunun gücləndirilməsi, istərsə informasiya müharibəsində Azərbaycanın üstünlüyü açıq şəkildə özünü göstərir. Eyni zamanda beynəlxalq təşkilatların Azərbaycana dəstəyi lazımdır. Yaxın gələcəkdə münaqişənin həlli istiqamətində irəliləyişin olacağı ilə bağlı nikbin düşünürəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB