Ramiz Mehdiyevin “Gorus - 2010: absurd teatrı mövsümü” kitabının təqdimatı keçirilib

Ramiz Mehdiyevin “Gorus - 2010: absurd teatrı mövsümü” kitabının təqdimatı keçirilib

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində Azərbaycan Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Gorus - 2010: absurd teatrı mövsümü" adlı monoqrafiyasının yer aldığı kitabın təqdimatı keçirilib. SİA-nın məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Mahmud Kərimov tədbiri açaraq kitabın çap olunmasının Azərbaycan ictimai-fikir tarixində əlamətdar bir hadisə olduğunu bildirib.

 

M.Kərimov kitabın ən böyük məziyyətinin burada olan faktlara həm tarixçi, həm də siyasətçi kimi yanaşmağın mümkün olduğunu deyib və söyləyib ki, müəllif Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə tənzimlənməsi prosesində Ermənistan rəhbərliyinin dünya ictimaiyyəti qarşısında oynadığı riyakar rolunu elmi əsaslar və ustalıqla ifşa edib. AMEA-nın prezidenti müəllifin hal-hazırda Ermənistanda olan siyasi ab-havanın çox düzgün təhlilini verdiyini dilə gətirib: "Monoqrafiyanın tarixilik baxımından əhəmiyyəti də böyükdür. Bu qiymətli əsərdə sübut olunur ki, hazırda Ermənistanın yerləşdiyi ərazi qədim Azərbaycan torpaqlarıdır, bu torpaqların ən qədim yerli əhalisi Azərbaycan türkləri olub. Kitabda ermənilərin nəinki Cənubi Qafqaza, eyni zamanda Ön Asiyaya gəlmə olduqları tarixi faktlarla göstərilib. Azərbaycana məxsus yer adlarının ermənilər tərəfindən özününküləşdirilməsi, Azərbaycan tarixinin erməni müəllifləri tərəfindən saxtalaşdırılması və sair məsələlər elmi əsaslarla işıqlandırılır. Hesab edirəm ki, bu monoqrafiya Ermənistanla aparılan informasiya müharibəsində yeni bir səhifə açacaq".

 

AMEA Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudov çıxışında "Gorus - 2010: absurd teatrı mövsümü"nün humanitar elmlər tarixində çox mühüm bir hadisə olduğunu vurğulayıb. Erməni faşizminə qarşı mübarizə tarixində önəmli bir səhifənin açıldığını deyən tarixçi alim monoqrafiyanın erməni təbliğatına sarsıdıcı zərbə endirdiyini qeyd edib: "Bu kitab bizi bir daha səsləndirir ki, müdafiədən əl çəkərək hücuma keçək, qoy ermənilər özlərinin müdafəsini düşünsünlər".

 

Ermənistanla informasiya müharibəsində ilk addımların ümummilli lider Heydər Əliyev tərəfindən atıldığını söyləyən Y.Mahmudov bu işin prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Azərbaycanın bəzi tarixçilərin ermənilər tərəfindən ələ alındığını təəssüflə qeyd edən Tarix İnstitutunun direktoru ermənilərin əsas məqsədinin Azərbaycanda daxili qarşıdurma yaratmaq olduğunu söyləyib.

 

Daha sonra çıxış edənlər, millət vəkilləri Gövhər Baxşəliyeva, Fəzail İbrahimli, Aytən Mustafayeva, Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru İlham Məmmədzadə və digərləri monoqrafiyanın dəqiq faktlar əsasında yazıldığını vurğulayıblar. Qeyd edilib ki, burada ermənilərin tarixi saxtakarlığı bir daha ifşa olunur. Çıxış edənlər monoqrafiyanın rus və ingilis dillərində də çap edilməsinin vacib olduğunu ifadə ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə