"Konvensiya çoxtərəfli əməkdaşlığın yeni mərhələsinin əsasını qoyan sənəddir" MÖVQE-ÖZƏL
“22 illik uzun müzakirələrdən sonra, nəhayət ki, Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin prezidentlərinin toplantısında Xəzər dənizinin hüquqi statusu məsələsi öz həllini tapdı. Zirvə toplantısının yekununda prezidentlər İlham Əliyev, Vladimir Putin, Nursultan Nazarbayev, Həsən Ruhani və Qurbanqulu Berdiməhəmmədov Xəzər dənizinin hüquqi statusunu müəyyən edən Konvensiyanı imzaladılar. Konvensiya siyasi, iqtisadi, həmçinin ekoloji baxımdan mühüm əhəmiyyət daşıyır”. Bu fikirləri SİA-ya açıqlamasında “Palitra” qəzetinin baş redaktoru Namiq Əliyev deyib.
O bildirib ki, Xəzərlə bağlı tarixi razılaşma Xəzəryanı ölkələr arasında çoxtərəfli əməkdaşlığın yeni mərhələsinin əsasını qoydu.
Onun sözlərinə görə, bu Konvensiya Xəzəryanı dövlətlərin iqtisadi, nəqliyyat və ekoloji sahədə qarşılıqlı fəaliyyətini gücləndirəcək: “Bütün Xəzəryanı ölkələr, o cümlədən Azərbaycan Konvensiyadan daha çox iqtisadi fayda əldə edəcək. Məsələn, Xəzərin karbohidrogen ehtiyatlarının Qərb bazarlarına daşınması üçün dənizin dibindən kəmərlər çəkilməsi üzərində maneə aradan qaldırılacaq və bu, Azərbaycanın enerjidaşıyıcıları ilə bağlı iqtisadi maraqlarına tam uyğundur”.
N. Əliyev qeyd edib ki, ötən gün Qazaxıstanda Xəzərlə bağlı imzalanan Konvensiya Azərbaycandan keçən tranzit yüklərin həcminin artmasına müsbət təsir edəcək: “Bu o deməkdir ki, Azərbaycan vaxtında Ələt Beynəlxalq Dəniz Ticarət Limanını istismara verməklə, çox uzaqgörən addım atıb. Aktau sammitinin əsas yekunlarından biri də odur ki, Xəzəryanı ölkələr xüsusi iqtisadi forum yaradacaqlar ki, bu da dövlətlər arasındakı iqtisadi və işgüzar əlaqələri daha da möhkəmləndirəcək ”.
Baş redaktor əlavə edib ki, Xəzəryanı dövlətlərin başçıları Aktau Zirvə toplantısında Xəzərin ekologiyasının qorunması məsələsinə xüsusi diqqət yetirilməsi də ölkəmiz üçün vacib amillərdən biridir: “Məlumdur ki, Ermənistan Araz çayını həddindən artıq çirkləndirir və nəticədə Xəzərin ekoloji mühitinə ciddi zərər vurulur. Konvensiyadan sonra bu məsələ təkcə bizim yox, digər 4 Xəzəryanı dövlətin də problemi kimi ortaya qoyulmalı və birlikdə Ermənistandan ekoloji normalara əməl etməsi tələb olunmalıdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB