Köçəryan faktoru Ermənistanla separatçıları üz-üzə qoyub ANALİZ-ŞƏRH
Anti-Rusiya meylləri isə artmaqda davam edir
Ermənistanın sabiq prezidenti Robert Köçəryanın həbsindən sonra Ermənistanda vəziyyət daha da gərginləşməyə başlayıb. Xüsusilə, baş nazir Nikol Paşinyanın göstərişləri əsasında Qarabağ klanı üzərində başladılan siyasi təqiblər köhnə sistemi radikal hərəkətlərə keçməyə vadar edir. Xatırladaq ki, hakimiyyətdən devrilmiş Respublika partiyasının deputatları, eləcə də Daşnaksyutun fraksiyasının parlamentariləri Ermənistanın baş prokurorluğuna Robert Köçəryanın azadlığa buraxılması üçün müraciət məktubu ünvanlayıblar.
İddialar var ki, “DQR”in Ermənistana qarşı tələbləri arxasında Kreml dayanıb
O cümlədən, “DQR”-in “parlament” üzvləri də ayrıca müraciət edərək, həmin tələblərdə bulunublar. Lakin baş prokurorluq həmin müraciətləri rədd edərək, Köçəryanın həbsdə qalmasını daha məqbul hesab edib. Bu amil isə bir sıra erməni ekspertləri tərəfindən belə qiymətləndirilir ki, köhnə sistemin arxasında Rusiya faktoru dayanıb. Əgər nəzərə alarsaq ki, hazırda Paşinyan hökumətinin Rusiya ilə münasibətləri kifayət qədər soyuqdur və Ermənistanda anti-Rusiya küləkləri əsir, bu zaman ölkə daxilindəki siyasi böhranın nə qədər dərin olduğunu təsəvvür etmək elə də çətin olmaz. Həmçinin, iddialar var ki, “DQR”in Ermənistana qarşı tələbləri arxasında Rusiyanın bəlli dairələri, daha dəqiq desək, Kreml dayanıb.
Aşot Manuçaryan: “Köçəryanı Moskvadan dəstəkləyən agentlər var”
Bu arada, Ermənistanın “Qarabağ” komitəsinin (bu komitənin Qarabağ klanı ilə əlaqəsi yoxdur-R.N.) sabiq üzvü Aşot Manuçaryan deyib ki, 2008-ci ilin 1 mart hadisələri zamanı Yerevanda hətta təsadüfi yoldan keçənləri belə döyürdülər. SİA xəbər verir ki, o 1in.am informasiya portalına danışarkən bunu deyib. “Məqsəd bu idi ki, Yerevan şəhəri Ermənistanı faktiki məhvə aparanlara qarşı müqavimət sistemi olaraq məhv edilməliydi”-deyə qeyd edən Manuçaryan bu və digər hadisələrdə günahkarın yalnız Köçəryan deyil, Serj Sarkisyanın da olduğunu bildirib. “Köçəryan və Sarkisyan nəhəng cinayətləri həyata keçirənlərdirlər. Gec, ya da tez xalq onların kim olduqlarını öyrənəcək”-deyə bildirən Manuçaryan əlavə edib ki, onlar törətdiklərinə görə, beynəlxalq instansiyalarda cavab verməyə hazır olmalıdırlar.
Yuxarıda da qeyd etdiyimiz kimi, Ermənistanda anti-Rusiya küləkləri əsir və bunu Manuçaryan da sözügedən açıqlamasındakı sözləri ilə təsdiq edib. O, xüsusilə vurğulayıb ki, Köçəryanı Moskvadan dəstəkləyən agentlər var və onlar da tezliklə dəmir barmaqlıqlar arasına düşəcəklər.
Lragir.am: “Bütün bunlar Bako Saakyansız baş verə bilməz”
Digər tərəfdən, Ermənistanın lragir.am saytı “DQR”in “prezidenti” Bako Saakyanı hədəfə alaraq, onun odla oynadığını yazıb. Baş verənlərin, yəni “DQR”-in “deputatlarının” Ermənistanın baş prokurorluğuna Robet Köçəryanın azadlığa burxılması üçün yazdıqları müraciətin arxasında məhz Bako Saakyanın dayandığını iddia edilir. “Bütün bunlar Bako Saakyansız baş verə bilməz”-deyə yazan sayt “Artsax”ın Ermənistanın köhnə sistemi ilə əlaqədə olduğunu da bildirir, həmçinin qeyd olunur ki, bununla “DQR” nə qədər daxili və xarici təhlükəyə doğru getdiyinin fərqinə varmır.
Beləliklə, nəticə olaraq qənaətə gəlmək olar ki, Robert Köçəryan faktoru Ermənistanla “DQR”i, eləcə də Rusiyanı qarşı-qarşıya qoyub. Ermənistanın yeni hakimiyyətinin isə bu mübarizədən qalib çıxmasını gözləmək sadəcə absurd fikir olardı.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB