Öz gözündə tiri görməyən radikallar başqalarının gözündə tük axtarır
Mədəniyyətlərarası və sivilizasiyalararası dialoq Azərbaycanın dövlət siyasətinin vacib tərkib hissələrindəndir. Tolerant və qonaqpərvər ölkə kimi Azərbaycan hələ bir çox dəyərləri dünya ictimaiyyətinə nümunə olaraq təqdim edəcək. Ölkəmiz dialoq və əməkdaşlığa açıqdır, müxtəlif millətləri və mədəniyyətləri təmsil edən insanları birləşdirəndir.
İstər idman, istərsə də incəsənət siyasətdən kənar sahələrdir və xüsusilə vurğulamaq yerinə düşərdi ki, bu sahədə fəaliyyət insanları yaxınlaşdırır, konsolidasiya edir. Məhz bu baxımdan ölkəmizdə idman və incəsənət müsabiqələrinə xüsusi diqqət ayrılır, yüksək səviyyədə təşkil olunur. "Avroviziya" mahnı müsabiqəsi, ilk Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları və digər tədbirlər bu müsabiqələrdəndir ki, ölkəmizin həmin yarışlara ev sahibliyini uğurla həyata keçirməsi dünya ictimaiyyətinə də bəllidir.
"Jara" festivalı artıq neçənci dəfədir ki, ölkəmizdə keçirilir və müxtəlif millətlərin nümayəndələri olan Rusiya şou-biznesinin ulduzları paytaxtımızda toplanır. Dünya miqyasında tanınmış müsiqiçilər, sənət camiəsinin ən tanınmışları bir neçə dəfə bu festivala qatılıb və bu il artıq üçüncü dəfə həmin festival ölkəmizdə keçirilir. Bir sözlə yenə də tanınmış müsiqiçilərin ölkəmizə gəlişi gözlənilir və onların hər biri müsabiqədə iştirak etmək arzusundadır.
Ölkəmizdə keçirilən "Jara" festivalına qatılmaq istəyənlər arasında milliyyətcə kürd olan müğənni Zara da var və o özü də ölkəmizə gəlmək istədiyini gizlətməyib. Görünür, Zara bizim qədim mədəniyyətimiz, zəngin tarix və adət-ənənələrimizlə tanış olmaq arzusundadır. Təbii ki, tolerant və qonaqpərvər ölkə olaraq onun da bu festivalda, "Jara-2018" beynəlxalq festivalında iştirak etməsinə, bu məqsədlə də Azərbaycana gəlməsinə razılıq verilib.
Beynəlxalq Musiqi Festivalına kürd əsilli Rusiya vətəndaşı olan müğənni Zaranın qatılması müzakirə mövzusuna çevrilib
Bir neçə gündür Azərbaycanda, sosial şəbəkələrdə Rusiya vətəndaşı olan müğənni Zaranın 26-29 iyul tarixində Bakıda keçiriləcək "Jara-2018" Beynəlxalq Musiqi Festivalına iştirakçı kimi qatılması müzakirə mövzusuna çevrilib. Sosial şəbəkələrdə Rusiya vətəndaşı olan müğənni Zaranın erməni-kürd əsilli olduğu vurğulanır və onun "Jara-2018" Beynəlxalq Musiqi Festivalına qatılmasına münasibət heç də birmənalı deyil. Hətta bəzi sosial şəbəkə istifadəçiləri öz aqressiyalarını da gizlədə bilmir və müğənninin ünvanına olan müxtəlif ittihamlarla seçilirlər. Onun Ermənistana həsr olunan mahnı oxuması, işğalçı ölkəni öz vətəni kimi etiraf etməsini arqument hesab edən sosial şəbəkə istifadəçiləri məhz bu sadalanan arqumentləri əsas gətirərək Zaranın Azərbaycana gəlməsinə etiraz etdiklərini də gizlətmirlər.
Erməni şovinistlərin azərbaycanlılara qarşı soyqırımı törətdiyini, işğalçıların hüquq normalarını kobud şəkildə pozaraq əlkəmizin ərazilərini zəbt etdiyini, hüquq və insanlıq normalarına sığmayan terrorçuluq hərəkətlərini, vəhşilklərini, ölkəmizə qarşı düşmənçilik mövqelərini bilməyən yoxdur və bu vandallıqlar, bu vəhşiliklər qəbul edilə, unudula da bilməz. Dövlət olaraq Azərbaycanın prinsipial mövqeyi də məhz ondan ibarətdir ki, işğalçı rejimdən, terrorçu qruplaşmalardan tutmuş bu vəhşilikdə, insanlıq və hüquq normalarına sığmayan bu qanunsuz hərəkətlərdə əli olan ən sadə erməniyə qədər qanun qarşısında cavab verməli və tarpaqlarımız son qarışınadək erməni işğalından azad edilərək geri qaytarılmalıdır. Xocalı faciəsini və ağıla sığmayan digər insanlıq dramını törədənlərin, əzəli və əbədi Azərbaycan torpaqlarını işğal və zəbt edənlərin bağışlanması, yaxud unudulması kimsənin yuxusuna belə girə bilməz və cinayətkarların ayağının Azərbaycan torpaqlarına dəyməsi yolverilməzdir.
Sadalanan faktların, erməni terrorunun, işğalçılıq siyasətinin və ölkəmizə qarşı etdiklərinin fonunda indi sosial şəbəkələrdə aparılan müzakirələr sözsüz ki, başa düşüləndir və bütün bunlar milli təəssübkeşlik hissindən irəli gəlir və vətənpərvərlik ruhundan doğur. Lakin, təəssüf doğuran ən vacib məqam ondan ibarətdir ki, ölkənin, xalqın ən yaralı yeri olan Qarabağ mövzusunu da öz maraqlarına qurban verən qüvvələr, radikal düşərgələr bu məsələdən də alət kimi istifadə etməyə çalışırlar. Məsələ burasındadır ki, əvvəla "Jara-2018" Beynəlxalq Musiqi Festivalına qatılması nəzərdə tutulan Zara erməni deyil, kürd əsilli Rusiya vətəndaşıdır. Digər tərəfdən də, Zara olmur bir başqası olsun, musiqi festivalına qatılacaq sənətçi, qeyi millət nümayəndəsi böyük imtiyazlar və xüsusi qayğı ilə təmin edilmir ki, sadəcə festivala, müsabiqəyə qatılır. Bunu siyasiləşdirib dezinformasiya yayan radikal qruplaşmaların isə marağı nə Qarabağdır nə də milli təəssübkeşlik. Hansısa müxalifət partiyasının, müxalif qurumun, yaxud müxalifətçinin belə bir məqamdan sui istifadə etməsi əlbəttə ki, avantüradır.
Radikalların Zara barədə hay-küy qoparması, dezinformasiyalar yayması milli maraqların müdafiəsinə deyil, dövlətçiliyə qarşı hesablanıb
Avantüristlərin pusquda durub məqam gözləmə strategiyasına müvafiq olaraq belə həssas məqamlarda ortaya atılması birinci və sonuncu hadisə deyil. Ölkə ictimaiyyəti manipulyatorların belə sui istifadə etmək arzularından, niyyətlərindən xəbərdardır və bu kimi hadisələrin dəfələrlə şahidi olub. Radikalların bu istiqamətdə hay-küy qoparması, dezinformasiyalar yayması milli maraqların müdafiəsinə deyil, dövlətçiliyə qarşı hesablanıb və məkirli niyyətləri, təxribatların yaradılmasına xidmət edir. Təbii ki, Azərbaycan cəmiyyəti bunun da fərqindədir və belə oyunlara baş qoşmaq niyyətində deyil. Əksinə, məkirli niyyətlərlə ölkədə qarmaqarışıqlıq salmaq istəyənlər həmişə olduğu kimi yenə də özləri qınaq obyektinə çevrilib və onlara olan nifrət daha da artmaqdadır.
Sual oluna bilər, hansısa qeyri millət nümayəndəsinin festivala qatılmasına yol vermək milli maraqlara ziddir, yoxsa müsabiqəyə qatılacaq bir sənətçiyə görə ictimai fikirdə çaşqınlıq yaradıb narazılıq toxumu səpmək? Eyni zamanda sual oluna bilər ki, görəsən radikallar, özlərini müxalifət düşərgəsi hesab edən qruplaşmalar gedib xaricdə ermənilərlə iş birliyinə qoşulub Azərbaycan əleyhinə fəaliyyət sərgilədiklərini unudublar ki, indi bir musiqiçinin müsabiqəyə qoşulmasını siyasiləşdirmək üçün motiv axtarırlar? Daha dəqiq desək, öz gözündə tiri görməyən radikallar başqalarının gözündə tük axtarır.
Sosial şəbəkənin dırnaqarası qəhrəmanına çevrilən Cəmil Həsənli Zara və yaxud digər bir sənətçinin, ya da hansısa idmançının Azərbaycanda keçirilən idman yarışlarına, müsabiqələrə buraxılmasını özünün gedib ermənilərlə görüşüb, onlardan təlimatlar alıb, qrant adı altında vəsaitlər alıb ölkə əleyhinə, onun nüfuzuna xələl gətirəcək dezinformasiyalar buraxması ilə müqaisə belə edə bilməz. Əgər radikallar müzakirə açmaq istəyirlərsə ordumuza cılız deyən, düşmən tərəfə stimul verən natiq əqidədaşlarını, öz satqınlarını müzakirəyə çıxarsınlar. Yox əgər buna Həsənlinin cəsarəti çatmırsa, heç olmasa başa düşsün ki, onlardan fərqli olaraq dövlətimiz ümumi düşmənlə mübarizə aparır və hətta beynəlxalq müstəvidə belə bu mübarizə davam edir.
Hansısa musiqi qrupunun tərkibində Azərbaycana gələn qeyri millətə olan aqressiya cılızlıqdır
Sosial şəbəkələrdə hap-gop eləmək, monitor arxasında özünü virtual cəngavər kimi qələmə vermək Qarabağ konfliktinin həllinə zərrə qədər də yol açan deyil. Yaxud Ermənistanı bir Zara adlı sənətçi ilə fəth edəcəklərini düşünənlər nə qədər cılız olduqlarını göstərdilər. Maraqlıdır, ATƏT, AŞPA, Aİ, Minsk qrupu və sair bu kimi beynəlxalq təşkilatlar az qala otuz ilə yaxındır ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin yaxşılaşdırılması üçün dəridən qabıqdan çıxsalar da bir nəticə əldə edə bilmirlərsə, bu Zaranın ölkələr arasında barışıq yaradacağını, mehriban münasibətlərə səbəb olacağını iddia edənlər hansı ağılın sahibidirlər? Yəni, beynəlxalq təşkilatların əsrin üçdə biri müddətində, yüzlərlə dəfə səfəri ilə edə bilmədiklərini bir sənətçi cəmi bircə dəfəyə edəcək, ölkələr arasında mehriban münasibətlər yaradacaq, Qarabağ problemini unutduracaq zənn edirlər?
Dünya ölkələri arasında müharibə şəraitində olan tək Azərbaycan deyil və istər idman yarışları olsun, istər musiqi festivalı, istərsə də digər tədbirlərdə münaqişə tərəflərinin ölkə ərazisində iştirakına yol verilir. Dünya miqyasında təşkil olunan bir sıra müsabiqə və yarışlarda biz bunun şahidi ola bilirik. Hansısa musiqi qrupunun tərkibində Azərbaycana gələn qeyri millətə olan aqressiya cılızlıqdır. Əgər Azərbaycan da Ermənistan kimi belə cılız reaksiya verərsə hansı tolerantlıqdan, hansı mədəniyyətdən söhbət gedə bilər. O zaman ölkələrimiz arasında, ələlxüsus etnik təmizləmə siyasəti yürüdən Ermənistanla fərq nədən ibarət ola bilər?
Ölkəyə gələn bütün müsiqi qruplarının, yaxud idman yarışlarında iştirak edən komandaların bütün üzvlərini bir-bir milli mənsubiyyət araşdırmasından, genetik yoxlamadan keçirib sonra buraxılışına icazə vermək ağıla sığan deyil. Kim bilir, bəlkə dəfələrlə Azərbaycana gələn, çox sevilən müsiqi qruplarından hansısa birinin, hansısa bir üzvünün nənəsi, yaxud digərinin babası ermənidir? Bunu kimsə əminliklə deyə bilərmi ki, bütün musiqi qruplarının, bütün idman komandalarının üzlərinin hamısını əsil-nəcabətinə kimi tanıyır? Yoxsa, Cəmil Həsənli, yaxud onunla eyni ağıl sahibi olan əqidədaşları təklif edirlər ki, bundan sonra Azərbaycana gələn bütün müsabiqə iştirakçıları DNK testindən, analizdən keçsinlər?
Göründüyü kimi bütün bu mühakimələr, ittihamlar absurddur və bunların heç bir məntiqi əsası yoxdur. Azərbaycan bütün dünyada sülh və qarşılıqlı anlaşma şəraitində yaşayan, tolerant, bütün dini və milli azadlıqların təmin edildiyi ölkə imicinə malikdir və bu imicini qoruyur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB