Umud Rəhimoğlu: “Bu gün informasiya savaşı ən vacib amildir" EKSKLÜZİV

Umud Rəhimoğlu: “Bu gün informasiya savaşı ən vacib amildir" EKSKLÜZİV

“Xaricdə xüsusi olaraq yaradılan saytlar var ki, onların əsas fəaliyyəti Azərbaycana qarşı kampaniya aparmaqdır. İlkin məsələ kimi bizim peşəkar jurnalistikamızda olan yazılar ortaya çıxmalıdır. Eləcə də biz Azərbaycan daxilində onlayn mediaya xüsusi diqqət ayırmalıyıq”. Bunu SİA-ya açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Rəhimoğlu deyib.

Sədr müavinin sözlərinə görə, bu gün ölkəmizdə fəaliyyət göstərən mediaların özü, bütün media qurumları bu istiqamətdə fəaliyyətlərini inkişaf etdirməlidirlər: “Hesab edirəm ki, bu sahədə görülən işlərin effekti bu istiqamətdə atılan addımlardan sonra öz bəhrəsini verəcək. Əlbəttə ki, Gəncə hadisələri bizim üçün ən böyük sınaq oldu, həm də bu bizim üçün bir imtahan idi. Düşünürəm ki, ölkə içində olan mətbuatımız kifayət qədər öz peşəkarlığını ortaya qoydu. Bu məsələdə o üzərinə düşən missiyanı yerinə yetirdi. Amma bununla yanaşı bizim görməli olduğumuz çoxlu məsələlər var ki, ona da xüsusi diqqət ayırmalıyıq. Biz din, dil məsələlərinə xüsusi önəm verməliyik. Çünki biz məhsullarımızın bir çoxunu düşmənlərimizin dillərində təqdim etməliyik. Biz beynəlxalq aləmə Azərbaycanın daxilində olan həqiqətləri olduğu kimi çatdırmalıyıq. Bu zaman kənardan səsləndirilən fikirlər yersiz olacaq.

Bu gün müasir dövrdə informasiya savaşı ən vacib amildir. Topların, tüfənglərin olduğu bir zamanda informasiya savaşı davamlı şəkildə gedir. Onlayn jurnalistikamız inkişaf etməlidir bu sahədə peşəkarların sayı çoxalmalıdır. Bloqqerlər, sosial şəbəkələrdə işləməyi bacaran insanlar ölkə reallıqlarını müxtəlif əcnəbi dillərdə çatdırmağı bacarmalıdılar”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə