Yaxud, bu dəfə də xalqa yalan danışdılar
Məlum Gəncə hadisələrinin ardınca, ölkənin bir sıra tanınmış ictimai-siyasi, mədəniyyət və s. təmsilçiləri sözügedən olayları, xüsusilə kriminal və radikal dindar dairələrin iki polis zabitini qətlə yetirmələrini hiddətlə pislədilər, baş verənləri Azərbaycan dövlətçiliyinə qarşı təxribat və terror adlandırdılar. Əlbəttə, hər bir vətənsevər azərbaycanlı bu hadisələrə qarşı qətiyyətli vətəndaşlıq mövqeyini ortaya qoymalıdır və qoymaqdadır. Lakin məsələnin digər məğzi də var ki, bu da bilavasitə ümumxalq maraqlarından çıxış etməyə elə də maraqlı olmayan dağıdıcı müxalifət “liderlərinin” sərgilədikləri qeyri-səmimi mövqeləridir.
Öz gərəksiz və çeynənmiş “versiyalarını” ictimailəşdirərək, guya hadisələrə biganə qalmadıqlarını göstərməyə çalışdılar
Daha doğrusu, hadisələrin üzərindən uzun saatlar keçdikdən sonra, AXCP və Müsavat partiyalarının sədrləri iki polis zabitinin həyatlarını itirdiyinə görə “təəssüfləndiklərini” deyərək, baş verənləri təxribat adlandırdılar. Düzdür, digər ənənəvi müxalifət siyasi təşkilatları da bu mövzuda bəyanat yaysalar da, onların fikirləri cəbhəçi və müsavatçı sədrlərin fikirlərindən daha səmimi göründü. Misal üçün, AMİP, VİP, ADP, KXCP kimi partiyalar ümumiyyətlə, bu kimi məsələlərdə ümumdövlət maraqlarından çıxış etməyin doğru olduğunu bəyan etdilər. Fəqət, nə Əli Kərimli, nə də Arif Hacılı bənzər ifadələri işlətməyərək, öz gərəksiz və çeynənmiş “versiyalarını” ictimailəşdirərək, guya hadisələrə biganə qalmadıqlarını göstərməyə çalışdılar. Amma ki...
Məhz sosial şəbəkə trollarını dövlət maraqları əleyhinə danışdıranlar da Ə.Kərimli, A.Hacılı kimi partiya sədrləri olub
Amma ki, daha bir nüansı unutmamalıyıq. Məsələn, unutmamalıyıq ki, Gəncədə hadisələr başlayar-başlamaz, Avropa ölkələrində oturub sosial şəbəkələrdə xalqı “qiyama” səsləyənlərin hər birinin həm AXCP, həm də Müsavat sədrləri ilə ən azından, virtual təmasları var. Elə də uzağa getməyərək, son prezident seçkilərini xatırlamaq kifayətdir ki, məhz sosial şəbəkə trollarını dövlət maraqları əleyhinə danışdıranlar da Ə.Kərimli, A.Hacılı kimi partiya sədrləri olub. Onlar Avropadakı dostları – Orduxan Teymurxan, Emin Milli, Emin Hüseynov və digərlərinin küçələrdə keçirdikləri mənfur aksiyalarını dəstəkləyir, hətta “Azadlıq” qəzetinin “Facebook”dakı rəsmi səhifəsində, o cümlədən, Ə.Kərimlinin özünün və AXCP-nin gənclər komitəsinin səhifələrində həmin aksiyalar geniş şəkildə təbliğ edilir, dövlət əleyhinə şüarlar verilirdi. O cümlədən, Müsavat partiyasının media qurumu olan “Basta.info” saytı da eynilə bənzər variantlardan istifadə edərək, müxtəlif çağırışlarda bulunurdu. Məgər bütün bunlar birbaşa Azərbaycanın dövlət maraqlarını xarici dairələrə satmaq deyildimi? Məgər həmin ərəfələrdə onlar ölkədə hərc-mərcliyin, xaosun, vətəndaş itaətsizliyinin baş verməsini arzulamırdılarmı? Əlbəttə ki, arzulayırdılar! Elə Gəncə olayında da Ə.Kərimli, A.Hacılı kimiləri start vəziyyətində dayanıb, vəziyyətin onların xeyrinə dəyişəcəyini azğınlıqla gözləyirdilər.
Aha, yazdım buraya...
Lakin bu baş vermədi və xalq dövlətinin yanında dayandı. Məhz bütün bunlardan sonra necə deyərlər, “toydan sonra nağara” tipli “təəssüf edirik” bəyanatını ictimailəşdirdilər. Söz yox ki, onların bəyanatlarını sağlam təfəkkürə malik olan heç bir ictimaiyyət üzvü səmimi olaraq qəbul etmədi. Əksinə, həm Ə.Kərimlinin, həm də A.Hacılının oynadıqları oyun açıq-aşkar bir belf idi və bunu necə deyərlər, bilən-bildi, görən də görmüş oldu. Çox yəqin ki, dəfələrlə maskaları yırtılmış müxalifət “liderlərinin” yaxın zamanlarda növbəti maskaları da yırtılmış olacaq. Hətta Gəncədə baş verən təxribat və terror hadisəsi altından Ə.Kərimlinin də, A.Hacılının da adı çıxa bilər. Türk qardaşlarımız demişkən, aha, yazdım buraya...
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB