Musa Quliyev: “Bu hadisənin arxasında terror şəbəkə dayanır” AÇIQLAMA
“Azərbaycan dövləti kifayət qədər güclüdür. Hər bir xarici və daxili təxribata qarşı adekvat addımlar atmaq iqtidarındadır”. Bunu SİA-ya açıqlamasında millət vəkili Musa Quliyev deyib.
Millət vəkili bildirib ki, Gəncə şəhər icra hakimiyyətinin başçısına qarşı törədilən terror aktı da, istintaqın verdiyi məlumata görə, dini ekstremist qüvvələr tərəfindən hazırlanıb: “Məqsəd də Azərbaycanda təxribatlar, iğtişaşlar törətmək, ictimai asayişi pozmaq, sabitliyə qəsb etmək idi. Şübhəsiz ki, istintaqın gedişatından məlum olacaq ki, baş verənlər bir, yaxud bir neçə şəxsin işi deyil, bunun arxasında bir terror şəbəkəsi dayanır. İstintaqın gedişində də məlum oldu ki, əvvəl iki nəfər tutuldu, bu gün isə onların sayının 12 nəfərə çatdı. Eyni zamanda, xarici ölkələrdəki bəzi şəxsərin təhriki ilə müxtəlif saytlarda, sosial şəbəkələrdə dövlətçiliyimizə qarşı qeyri-qanuni çağırışlar edənlərin saxlanıldığı barədə də xəbərlər yayıldı”.
M.Quliyev xüsusi olaraq vurğulayıb ki, Azərbaycanın belə təxribatların qarşısını almağa kifayət qədər gücü var: “Heç şübhəsiz ki, Azərbaycan xalqı da öz dövlətinin, öz Prezidentinin yanındadır. Düşünürəm ki, tutulanların dindirilməsi terror aktı ilə bilavasitə bağlılığı olan şəxslərin üzə çıxmasına şərait yarada bilər. Bu təxribatların haradan qaynaqlandığı da bəlli olacaq. Bütün bunlardan məlum olur ki, bu, Azərbaycanı istəməyən qüvvələrin birgə törətdiyi terror aktıdır, cinayət hərəkətləridir. Bu adamların həbsi də, müəyyən saytların bağılanması da, təxribatçıların saxlanılması da, Azərbaycandan kənarda oturub təxribatçılıqla məşğul olan Əlikram Hümbətovun çağırışları da bir daha göstərir ki, bütün bunlar eyni mənbədən idarə olunur. Məhz hüquq-mühafizə orqanlarımızın peşəkarlığı nəticəsində həmin şəbəkə ifşa olundu. Eyni zamanda onu demək lazımdır ki, belə təxribatların tez bir zamanda ifşa olunmasının əsas səbəblərindən biri də xalq-iqtidar birliyinin möhkəm dayaqlar üzərində qurulmasıdır. Xalqımız artıq 1990-93-cü illərdə iğtişaşın, dövlətə qarşı terrorun, dövlət çevrilişinə cəhdin nə olduğunu yaşayıb və ona qarşı birləşməyin yollarını da yaxşı bilir. Heç təsadüfi deyil ki, xalqımız məhz öz ümidlərini, gələcəyini də Heydər Əliyev siyasətinə bağladı. Bu gün xalqımız alternativsiz lideri İlham Əliyevin yanındadır. Ölkəmizdə güclü lider-xalq birliyi mövcuddur. Bu mənada inanıram ki, həm KİV-lərdə, həm sosial şəbəkələrdə xalqımız bundan sonra da öz birliyini nümayiş etdirəcək, təxribatçılara qarşı gücünü göstərəcək. Xalqımız hüquq-mühafizə orqanlarının apardığı operativ əməliyyatları yüksık qiymətləndirir. İnanırıq ki, aidiyyəti qurumlar Azərbaycana qarşı yönəlmiş təxribatçı əməllərin mənbəyini də qısa müddətdə aşkara çıxaracaq. Xalqımızın narahatlığına əsas yoxdur, çünki dövlət qurumlarımız öz işinin öhdəsindən layiqincə gəlir, ictimai-siyasi qurumlarımız və bütövlükdə cəmiyyətimiz dövlətimizin, öz liderinin yanındadır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB