Politoloq: “Trampla Putinin görüşü də problemi həll edə bilməyəcək" ŞƏRH

Politoloq: “Trampla Putinin görüşü də problemi həll edə bilməyəcək" ŞƏRH

“Rusiya-ABŞ münasibətlərində baş verən dəyişikliklər davamlı olmaq resursuna malikdir”. Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Onun sözlərinə görə, Donald Tramp ay ərzində Krımın Rusiyaya məxsusluğu fikrini sloqana çevirdi: “Bir neçə dəfə də RF-in G-7-yə qayıtması mövzusunu gündəliyə gətirdi. Trampın RF-lə münasibətləri normallaşdırmaq cəhdləri ötəri deyil:

I. V.Putini əzə bilmədi. Qarşıdakı 6 ildə Putin Trampın etdiklərinin əvəzini Trampdan sonrakı prezidentdən çıxa bilər. Putin prezident seçilməsəydi D.Tramp bəlkə də əvvəlki siyasəti aparardı.

II. RF-in hərbi iqtisadi və siyasi uğurları danılmazdır.

III. Tramp məhz indi öz xarakterinə uyğun ətrafla əhatələnib. C.Mettisdən sonra C.Bolton və M.Pompeo D.Trampın daxilən inandığı şəxslərdir. C.Bolton və M.Pompeonun Trampa verdiyi məsləhətlər əvvəlki səlahiyyətlilərin verdiyi məsləhətlərdən təsir gücünə görə fərqlidir. Bəlkə də R.Tillerson daha yaxşı fikirlər əsaslandırırdı. Amma D.Tramp M.Pompeo və C.Boltona daha çox inanır. C.Bolton dünya siyasətində Rusiyanın rolunu bilsə də, daha çox manevrlərin əhəmiyyətini dəyərləndirir. Ona görə ilk səfərlərindən birini RF-ə etdi. RF-i Xİ naziri S.Lavrov və RF prezidenti V.Putinlə üst-üstə 5 saat danışıqlar apardı. RF prezidenti V.Putinin C.Boltonla görüşə gecikməməsi zarafat obyektinə çevrildi. V.Putin nəinki prezidentlərlə görüşə hətta Roma Papası Fransiski ilə də görüşə gecikmişdi. Putin C.Boltonla görüşə cəmi 5 dəqiqə gecikmişdi. Bu ən azı V.Putin üçün müasir mərhələdə ABŞ-la əlaqələrin normallaşmasının nə qədər əhəmiyyətli olduğunun göstəricisidir. İstər ABŞ, istər RF tərəfdən açıqlanan məlumatlarda gündəliyin dəyişmədiyi, lakin buna baxmayaraq iki ölkə prezidentlərinin görüşünün razılaşdırıldığı bildirilir. Görüş iyulun 16-da Finlandiyada fin körfəzinin sahilində yerləşən kiçik şəhərlərin birində keçiriləcəkdir. V.Putin üçün Trampla görüş zamanı təhlükəsizlik məsələləri ən zərurilərdəndir.

ABŞ siyasətinin müasir mərhələdə testi kimi qəbul edilə biləcək hadisə baş verdi. Ağ Ev Rusiya və Çini Qərbi parçalamaqda ittiham etdiyi vaxtda ABŞ-ın müdafiə naziri C.Mettis Çində, milli təhlükəsizlik məsələləri üzrə köməkçisi C.Bolton isə Rusiyada danışıqlar aparırdı.

D.Tramp RF-in futbol üzrə dünya çempionatının möhtəşəm hazırlığını qeyd etdi.

Lakin bu hələ ABŞ-la Rusiya arasında problemlərin aradan qaldırılması anlamında deyil. Hətta D.Trampla Putinin görüşü də bu iki ölkə arasında problemi həll edə bilməyəcək:

I. RF-in energetika naziri A.Novak Vaşinqtonda Ümumdünya Qaz Konfransı çərçivəsində ABŞ nazirləri və Avrokomissiyanın vitse-prezidenti M.Şevçoviçlə Aİ ilə RF arasında qaz məsələlərini, o cümlədən “Şimal axını-2”, Ukrayna ərazisindən qaz tranziti məsələlərini də müzakirə etdi. RF ABŞ-ı “Şimal axını-2” layihəsinə müdaxilə etməməyə çağırdı, ciddi razılaşmalar əldə edə bilmədi.

II. ABŞ Dövlət Departamenti hesab edir ki, Makedoniyadakı vəziyyəti mürəkkəbləşdirən Rusiyanın müdaxiləsidir.

V.Putin-D.Tramp görüşünə qədər hər iki tərəfin öz fikrində qaldığını konstatasiya etmək olar”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə