Serj Sarkisyanın qardaşı Saşik Sarkisyan yenidən azadlıqda, yaxud Nikol Paşinyan nə etmək istəyir?
Ermənistanda dərc edilən “Hraparak” qəzetinin iyulun 5-nə olan buraxılışında yazılıb ki, “Səhər saatlarında (iyulun 4-də-R.N.) Serj Sarkisyanın qardaşı Saşik (Aleksandr) Sarkisyan öz ailəsi ilə Ermənistanı tərk etməyə cəhd göstərib”. Nəşr onu da qeyd edib ki, “Zvartnots” aeroportunun təhlükəsizlik xidməti MTX (millli təhlükəsizlik xidməti) rəhbərliyi ilə əlaqə saxlayaraq, ailənin çıxışına qadağa qoymaq tapşırığı alıb. “Onları Parisə uçan təyyarədən endiriblər və bundan dərhal sonra Tumanyan küçəsində A.Sarkisyana məxsus mənzildə axtarışlara başlanılıb. Nəticədə, 9 saatlıq axtarışlardan sonra silah, böyük məbləğdə pullar, eləcə də rəsm əsəri müsadirə edilib”-deyə yazan erməni nəşri qeyd edib ki, Saşik Sarkisyanla oğlu Hayk Sarkisyanı MTX-yə aparıblar.
“Aravot”: “Onu böyük səs-küylə həbs edir, sonra da buraxırlar”
Lakin digər erməni nəşri “Aravot” adıçəkilənlərlə bağlı növbəti “Saşik Sarkisyan yenidən azadlıqda: qaçdı-tutdu oyunu” başlıqlı məqalə ilə çıxış edərək, ötən gecə, yəni iyulun 5-də Ermənistanın 3-cü prezidentinin qardaşı A.Sarkisyanı və oğlu Hayk Sarkisyanı yenidən azadlığa buraxıblar. Qəzet yazır ki, Sarkisyan sui-qəsdə cəhddə ittiham olunur və ölkəni tərk etməmək barədə iltizam alınıb.
Beləliklə, erməni nəşri xatırladır ki, son 10 gündə bu, Saşik Sarkisyanla əlqəli olan ikinci rezonanslı tədbirdir. “Onu böyük səs-küylə həbs edir, sonra da buraxırlar” “Aravot” yazır. Bununla da qəzet eyham vurur ki, baş nazir Nikol Paşinyanın hakimiyyətində belə bir vəziyyətin yaşanması elə-belə hal deyil. Misal üçün, adıçəkilən nəşr qeyd edir: “Birinci dəfə əməliyyatı polis təşkil edib və həmin əməliyyata rəhbərlik edən rəis Valeri Osipyan sonradan bildirmişdi ki, Saşik Sarkisyanın evindən tapılan silah qanuniymiş və s”.
Lakin “Aravot” sonradan şübhələnərək sual edir: “Hazırkı məqamda anlaşılmayan budur ki, cəmiyyəti bu qədər intizarda saxlamağın mənası nədir? Nəticə olaraq, polis ehtimal edilən hədəfin arxasınca gedərək, vəziyyəti dəqiqləşdirməlidir”.
Erməni analitik yazarı: “Gələcəkdə bu cür hərəkətlər spekulyasiyalara rəvac verə bilər”
1in.am saytının rusdilli versiyasında isə siyasi yazar Sarkis Artsruni ikinci əməliyyat barədə məqalə ilə çıxış edərək yazır ki, ikinci əməliyyat MTX tərəfindən keçirilib və bildirilir ki, Saşik Sarkisyanın evində axtarışların aparılması, saxlanılaraq, sonradan buraxılması motivi hələ də qaranlıq qalmaqdadır.
Nəticədə erməni müəllif Nikol Paşinyanın Syünixdəki çıxışına toxunaraq xatırladır: “Biz, hədəfimizə yetişmək üçün, insanların həbs edilməsi düşüncəsindən uzaq olsaq da, düşünürük ki, hüquq-mühafizə orqanları bu cür addıma ən qaçılmaz vəziyyətdə getməlidirlər. Hakimiyyətin hədəfi həbsxanaları insanlarla doldurmaq deyil, dövlətə vurulmuş ziyanın əvəzini ödətməkdir”.
Bununla erməni müəllif sual edir ki, N.Paşinyanın sözügedən çıxışından sonra hüquq-mühafizə orqanlarının belə bir tərzdə siçan-pişik oyunbazlıqları - yəni həmin adamlar həbs edilməyəcəkdilərsə nəyə lazımdır? “İndi, mövcud risklərin edilməsi elə də görünmür, çünki Ermənistan hakimiyyətinin ictimaiyyət arasındakı reytinqi kifayət qədər yüksəkdir, lakin gələcəkdə bu cür hərəkətlər spekulyasiyalara rəvac verə bilər”-deyə Artsruni yazır.
“Hətta bir qrup insanlara belə gəlir ki, Serj Sarkisyan və onun qohumları toxunulmazdılar, çünki yeni hakimiyyətlə bəzi gizli razılaşmalar mövcuddur”
“Misal üçün, Respublika partiyasında siyasi təqiblər barədə danışmağa başlaya və bəzi faktları beynəlxalq strukturlara təqdim edə bilərlər. Lakin əsas ictimaiyyətin nə düşünəcəyi vacibdir. MTX və polisin əməliyyatları cəmiyyətin bəzi fikirlərini alt-üst edir. Saşik Sarkisyanın iki dəfə saxlanılaraq, sonradan azadlığa buraxılması bir sıra köklü söz-söhbətlərin yaranmasına səbəb olub. Hətta bir qrup insanlara belə gəlir ki, Serj Sarkisyan və onun qohumları toxunulmazdılar, çünki yeni hakimiyyətlə bəzi gizli razılaşmalar mövcuddur.”
Beləliklə, erməni mediasının özündə bəzi çaşqınlıqlar var ki, onun da səbəbi son günlər baş verən məlum olaylardır. Artıq Ermənistan cəmiyyətində Nikol Paşinyan hakimiyyəti barədə ikili fikrlər formalaşmağa başlayıb və onun verdiyi vədlərə inanmayanların sayı çoxalır. Hər halda, Serj Sarkisyanın qardaşı Saşik, yaxud Aleksandr Sarkisyanla oğlu Hayk Sarkisyanın iki dəfə həbs edilərək, sonradan azadlığa buraxılmaları da belə deməyə kifayət qədər əsas verməkdədir.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB