Bəhruz Quliyev: "Dövlət başçısının həyata keçirdiyi siyasətin mərkəzində vətəndaş amili dayanır" MÖVQE

Bəhruz Quliyev: "Dövlət başçısının həyata keçirdiyi siyasətin mərkəzində vətəndaş amili dayanır" MÖVQE

"Prezident İlham Əliyevin yanında ölkənin enerji sistemində vəziyyətlə əlaqədar müşavirənin keçirilməsi göstərdi ki, Azərbaycanın təhlükəsizliyi ilə bağlı bütün məsələlər dövlət başçısının nəzarətindədir". SİA-nın xəbərinə görə, bunu "olaylar.az" saytına açıqlamasında "Səs" Media Qrupun rəhbəri, siyasi ekspert Bəhruz Quliyev deyib.

Siyasi ekspert bildirib ki, ölkə rəhbərinin Mingəçevir İstilik Elektrik Stansiyasında baş vermiş qəza ilə yaxından maraqlanması Azərbaycan Prezidentinin ölkədə baş verənlərə nə qədər həssaslıqla yanaşdığının əyani sübutudur.

Bəhruz Quliyev qeyd edib ki, Prezident İlham Əliyevin tapşırığı ilə yaradılan Dövlət Komissiyası və bu komissiyanın üzərinə qoyulan vəzifələrin əsas məqsədi qəzanın baş vermə səbəblərini araşdırmaq və hadisədə məsuliyyətli olan şəxslərin cəzalandırılmasıdır: "Heç bir ölkə bu cür hadisələrdən sığortalanmayıb. Dünya təcrübəsində belə hadisələrin olduğunu görmək mümkündür. Hətta ABŞ-da, Avropa ölkələrində belə qəza səbəbindən elektrik enerjisi saatlarla dayandırılıb. Lakin ölkə başçısının ötən gün keçirilən müşavirədə də qeyd etdiyi kimi hazırda qarşıya qoyulan məqsəd qəzaya qədər həyata keçirilən işlərdə yanlışlıqların araşdırılması və burada günahkarların məsulyyətə cəlb olunmasıdır".

Siyasi ekspert söyləyib ki, Prezident İlham Əliyevin ötən gün müşavirədə vətəndaşların qəza nəticəsində nə qədər əziyyət çəkdiyini xüsusi vurğulaması, dövlət başçısının həyata keçirdiyi siyasətin mərkəzində vətəndaş amilinin dayandığını bir daha göstərmiş oldu: "Prezident hər zaman olduğu kimi bu məsələdə də vətəndaşların yanında oldu və onlara çətin sınaqda həmrəylik göstərdiklərinə görə təşəkkürünü bildirdi. Ölkə başçısının müşavirədə söylədiyi kimi, həqiqətən də dövlət qurumlarının və vətəndaşların həmrəylik göstərməsi nəticəsində Azərbaycan cəmiyyəti çətin sınaqdan şərəflə çıxa bildi".

Bütün xəbərlər Facebook səhifəmizdə