Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elan edib. SİA-ya Fonddan verilən məlumata görə, "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"na müvafiq olaraq Fondun Müşahidə Şurasının rəyi əsasında 19 istiqamətlər üzrə KİV layihələrinin maliyyələşdirilməsi qərara alınıb. Həmin istiqamətlər aşağıdakılardır:
1.Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu.
2.Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi.
3.İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması.
4.İctimai və dövlət maraqlarının müdafiəsi.
5.Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi.
6.Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi.
7.Qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandırılması.
8.Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin və mədəniyyətinin təbliği.
9.Azərbaycançılıq ideyasının təbliği
10.Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi.
11.Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi.
12.Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi.
13.İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi.
14.Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi.
15.Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi.
16.Elm və təhsilin inkişaf etdirilməsi.
17.Ekologiya və ətraf mühitin mühafizəsi.
18.Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması.
19.Uşaq və gənclərin fiziki və mənəvi inkişafı.
Müsabiqədə müsabiqə elan olunan günədək son 1 ildə müntəzəm nəşr olunan, dövriliyi həftədə 1 dəfədən və tirajı 1500 nüsxədən az olmayan, hər buraxılışından ən azı 500 nüsxəsi satılan və ya abunə yolu ilə yayılan qəzetlər, həmçinin müsabiqə elan olunan günədək son 1 ildə müntəzəm olaraq ayda 1 dəfə nəşr olunan, tirajı 500 nüsxədən az olmayan, hər buraxılışından ən azı 300 nüsxəsi satılan və ya abunə yolu ilə yayılan jurnallar iştirak edə bilərlər. Azərbaycan jurnalistlərinin l qurultayında qəbul olunmuş Azərbaycan jurnalistlərinin peşə (etik) davranış qaydalarını pozması ilə əlaqədar haqqında Azərbaycan Mətbuat Şurası tərəfindən müvafiq qərar çıxarılan, barələrində məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olan, əsasən reklam və erotik xarakterli materiallar dərc edən, təsisçisi dini qurumlar və dini icmalar olan, xarici dövlətlərin hüquqi və fiziki şəxsləri tərəfindən təsis edilən, nizamnamə kapitalında xarici dövlətlərin hüquqi şəxslərinin və ya vətəndaşlarının payı olan, xüsusi məqsədlər üçün buraxılan, pulsuz və aşağı qiymətlərlə çap məhsulu yayan, təsisçiləri dövlət orqanları olan KİV-lərin müsabiqədə iştirakına icazə verilmir.
Maliyyə yardımının şərtlərinə görə, layihə təklifi müsabiqə istiqamətlərindən birinə uyğun olmalı, ərizə forması, layihə və ona əlavə olunmuş sənədlər müsabiqə qaydalarına və tələblərinə cavab verməlidir. Hər layihə üçün maksimum məbləğ 40000 (Qırx min) manat müəyyən edilib. Hər KİV bir layihə təqdim edə bilər. Hər istiqamət üzrə 3 layihənin maliyyələşdirilməsi nəzərdə tutulur. Ərizələr noyabrın 26-dan dekabrın 25-dək Fondun ofisində qəbul olunur. Müsabiqənin nəticələri dekabrın 30-dək elan ediləcək.
Müsabiqə ilə bağlı əlavə məlumatı www.kivdf.gov.az saytından və Fondun ofisindən əldə etmək olar. Layihə təklifləri ilə bağlı nəticələr haqqında izahat verilmir, müsabiqəyə təqdim olunmuş sənəd və materiallar geri qaytarılmır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB