Prezident İlham Əliyev Dövlət Neft Şirkətinin rəhbərliyi ilə görüşüb

Prezident İlham Əliyev Dövlət Neft Şirkətinin rəhbərliyi ilə görüşüb

Noyabrın 24-də Prezident İlham Əliyev Azərbaycanın neft-qaz tarixində mühüm hadisələrdən biri - Xəzər dənizində "Ümid" qaz yatağının açılması münasibətilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) rəhbərliyi ilə görüşüb.

SİA-nın xəbərinə görə, artıq xeyli vaxt idi ki, Dövlət Neft Şirkətinin "Ümid" yatağında kəşfiyyat işləri apardığını deyən Prezident İlham Əliyev bildirdi ki, mütəxəssislərimizin dənizdə kəşfiyyat işlərinə cəlb olunmasının özü mühüm hadisədir. Azərbaycanın dünya enerji sistemində mövqelərinin möhkəmləndiyini və tərəfimizdən irəli sürülən təşəbbüslərin bu sahədə yeni vəziyyətin yaranmasına gətirib çıxardığını deyən Prezident İlham Əliyev vurğuladı ki, ölkəmizin neft-qaz sahəsində əldə etdiyi uğurlar dünyada yüksək qiymətləndirilir.

Prezident İlham Əliyev dəniz yataqlarına qoyulan investisiyaların xüsusi əhəmiyyətə malik olduğunu, Dövlət Neft Şirkətinin təşəbbüsü ilə "Ümid" yatağında kəşfiyyat işlərinin aparılmasının da növbəti uğurlarımızdan olduğunu diqqətə çatdırdı.

"Bu hadisə bir daha göstərir ki, Azərbaycan təkcə neft yox, həm də qaz ölkəsi kimi tanınır",- deyən Prezident İlham Əliyev "Ümid" yatağının işlənilməsi nəticəsində Azərbaycanın qaz potensialının daha da artacağını, bu yatağın böyük gələcəyinin olduğunu bildirdi.

ARDNŞ-in prezidenti Rövnəq Abdullayev və birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə "Ümid" yatağının kəşfiyyat işləri və perspektivləri barədə məlumat verdilər. Bildirildi ki, Bakıdan 70 kilometr məsafədə yerləşən "Ümid" yatağındakı qaz ehtiyatları proqnozdan daha çoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə