Azərbaycan-Polşa biznes forumu keçirilib

Azərbaycan-Polşa biznes forumu keçirilib

Bu gün Bakı Biznes Mərkəzində Polşa Respublikasının baş nazirinin müavini Valdemar Pavlakın Azərbaycana səfəri çərçivəsində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Polşa biznes forumu keçirilib. İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tədbirdə rəsmi şəxslərlə yanaşı, Polşa tərəfindən səhiyyə, maliyyə, turizm, təhsil, sənaye, kənd təsərrüfatı, tikinti, bərpa olunan enerji və s. sahələrdə fəaliyyət göstərən 30-a yaxın iş adamı, Azərbaycan tərəfindən isə analoji sahələrdə fəaliyyət göstərən 100-ə yaxın sahibkar iştirak edib.

 

Biznes forumda çıxış edən Sənaye və Energetika naziri Natiq Əliyev, İqtisadi İnkişaf nazirinin müavini Niyazi Səfərov və Polşa Respublikasının baş nazirinin müavini, İqtisadiyyat naziri Valdemar Pavlak iki ölkə arasında mövcud iqtisadi əlaqələr və əməkdaşlığın daha da inkişaf etdirilməsi imkanları, iş adamları arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti barədə məlumat verib.

 

Tədbirdə AZPROMO-nun prezidenti Adil Məmmədov Azərbaycanın investisiya və ixrac imkanları, Azərbaycan İnvestisiya Şirkətinin (AİŞ) icraçı direktoru Əfqan İsayev isə AİŞ-in fəaliyyəti və həyata keçirdiyi layihələr barədə təqdimatlarla çıxış ediblər. Qeyd edilib ki, Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühiti ölkəmizi xarici investisiyalar üçün cəlbedici edib. Əldə edilən nailiyyətlərin Azərbaycanda həyata keçirilən uğurlu iqtisadi siyasətin nəticəsi olduğunu bildirən çıxış edənlər polşalı iş adamlarını Azərbaycanda yaradılmış əlverişli biznes mühitindən yararlanmağa dəvət eidblər.

 

Biznes forumda Polşanın İnformasiya və Xarici İnvestisiya Agentliyinin prezidenti Slavomir Majman, bu ölkənin "BGK Bankı"nın İdarə Heyətinin üzvü Jerzy Kurella isə təmsil etdikləri qurumların fəaliyyəti barədə təqdimatlarla çıxış ediblər. Tədbirdə Azərbaycan və Polşanın sosial-iqtisadi inkişafı haqqında qısa filmlər də nümayiş olunub.

 

Biznes forum çərçivəsində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə Polşanın İnformasiya və Xarici İnvestisiya Agentliyi (PAIiIZ), Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə Polşa İşəgötürənlər Assosiasiyası arasında qarşılıqlı əməkdaşlıq haqqında anlaşma memorandumları imzalanıb. Tədbir iş adamları arasında ikitərəfli görüşlərlə davam edib. Görüşdə iş adamları arasında iqtisadi əlaqələr və əməkdaşlıq perspektivləri müzakirə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə