Prezident İlham Əliyev: “Bu gün Azərbaycan həm özünü böyük dərəcədə silah-sursatlarla təmin edir, eyni zamanda, xarici ölkələrə də ixrac edir”
Sirr deyil ki, müstəqil və müasir Azərbaycan Silahlı Qüvvələri dövlətimizin qüdrətinin nümunəsi, xalqın qürur mənbəyidir. Ali Baş Komandan, Cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Silahlı Qüvvələrimizin modernləşdirilməsi, müasirləşdirilməsi, eləcə də maddi-texniki bazasının ən müasir standartlar səviyyəsinə çatdırılması sahəsində kifayət qədər əhəmiyyətli işlər reallaşdırılır. Bununla yanaşı, ordumuz yeni texniki imkanlar əldə etməklə həm də müasir, dünyada təcrübədən çıxmış müharibə və döyüş taktikalarını da mənimsəyir. Məhz
bunun nəticəsidir ki, Azərbaycan Cənubi Qafqaz regionunda ən güclü orduya malik ölkə statusunu daşıyır. Bu amil regionla yanaşı, dünyada da qəbul edilən danlmaz tandemdir. Respublikamız Silahlı Qüvvələrin istər yüksək mənəvi-psixoloji hazırlığı, döyüş ruhu, nizam-intizamı, istərsə də maddi-texniki təminatı baxımından nümunəvi dövlət olaraq qəbul edilir. İşğal edilmiş ərazilərimizi qısa zaman ərzində tam azad etmək gücündə olan ordumuzun qüdrəti təcavüzkar Ermənistanın özündə də açıq etiraf olunmaqdadır.
Əbəs deyil ki, ölkəmizdə hazırlanan və digər dövlətlərdən əməkdaşlıq sayəsində alınan yüksək dağıdıcı gücə, dəqiqliyə malik döyüş vasitələri və sursatları qoşunlarımızın düşmən üzərində üstünlüyünü tam təmin edir
Daha bir mühüm məqam isə budur ki, Azərbaycanda ordu quruculuğu ilə yanaşı, müdafiə sənayesinin inkişafı da diqqət mərkəzindədir. Bu gün ölkəmizdə 30-a yaxın hərbi zavod fəaliyyət göstərir və Silahlı Qüvvələrimizin tələbatı əhəmiyyətli dərəcədə istehsal edilən hərbi məhsullarla təmin olunur. Belə ki, dünyanın inkişaf etmiş aparıcı şirkətlərindən alınan ən müasir texnologiya və avadanlıqlarla təchiz olunan 60-dan çox istehsal sahəsi yaradılıb. Demək olar ki, bu gün Azərbaycan bu istiqamət üzrə də dünya miqyasında öz layiqli yerini tuta bilib. Azərbaycanın hərbi sənaye kompleksinin real istehsal gücü ordunu silah-sursat, hərbi texnika və digər vasitələrlə təmin etməklə yanaşı, xarici bazarlara da məhsul ixrac etməsinə şərait yaradıb. Beləliklə, hərbi sənayemizin inkişafı ordumuzun silah arsenalının yerli istehsal olan müasir silahlarla və digər hərbi təyinatlı məhsullarla gücləndirilməsinə, təkmilləşdirilməsinə zəmin yaradır. Əbəs deyil ki, ölkəmizdə hazırlanan və digər dövlətlərdən əməkdaşlıq sayəsində alınan yüksək dağıdıcı gücə, dəqiqliyə malik döyüş vasitələri və sursatları qoşunlarımızın düşmən üzərində üstünlüyünü tam təmin edir.
Onu da qeyd etmək yerinə düşərdi ki, Azərbaycanda Silahlı Qüvvələrin modernləşdirilməsi ilə yanaşı, həm də son illərdə yerli istehsal hesabına hərbi birləşmələrin müxtəlif hərbi ləvazimatlara və döyüş sursatlarına olan ehtiyacını ödəməsi ölkəmizin Ermənistan qarşısında gücünü daha da artırır.
Bütün bunlarla yanaşı, Azərbaycan beynəlxalq təşkilatlarla, xarici dövlətlərlə hərbi sahədə ikitərəfli və çoxtərəfli əməkdaşlıq edir. Ötən illərin rəqəmlərinə müraciət edərsək, biz bu reallığı bir daha görə bilərik. Belə ki, 2016-cı ildə 7 ölkə ilə analoji müqavilə sənədləri imzalanıb. 2017-ci ildə də bu faktor davam etdirilib. Hazırda isə 21 ölkə ilə müqavilə sənədlərinin imzalanması müzakirə edilir. Türkiyə, ABŞ, Almaniya, Böyük Britaniya, İtaliya, Pakistan, Çin, Rusiya, Ukrayna, Belarus, Moldova, Polşa, Rumıniya, Bolqarıstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Estoniya, Gürcüstan, Özbəkistan, Tacikistan, İordaniya, Bəhreyn, Fransa, Çexiya, Sloveniya, Serbiya, Koreya Respublikası və s. ilə ikitərəfli əsasda hərbi əməkdaşlıq həyata keçirilir. Azərbaycan dünyanın 34 ölkəsi ilə hərbi əlaqələrin normativ-hüquqi bazasını təşkil edən saziş və memorandumlar imzalayıb.
Hərbi tərəfdaşlarının sayını gündən-günə artıran Azərbaycan həm də istənilən ölkədən ən müasir hərbi texnika, silah-sursat alaraq öz müdafiə gücünü artırır
Qardaş Türkiyə ilə Azərbaycan arasındakı strateji və həbri əməkdaşlıq da tam sürətlə davam etdirillməkdədir. Ötən il Prezident İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında keçirilən görüşlərdə bu kimi məsələlər davamlı olaraq gündəmə gətirilir. Türkiyə-Azərbaycan dostluq və qardaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini vurğulayan dövlət başçıları siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin yüksək səviyyədə olduğunu dəfələrlə vurğulayıblar. Bu, belə nəticəyə gəlməyə zəmin yaradır ki, Azərbaycan və Türkiyə prezidentləri iki qardaş ölkənin hərbi sahədə əməkdaşlığının daha da genişləndirilməsini və möhkəmləndirilməsini vacib hesab ediblər.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlərin də müzakirə olunduğu görüşlərdə Prezident İlham Əliyev təmas xəttində Ermənistanın təxribatları və hərbi cinayətləri barədə Türkiyə Prezidentinə ətraflı məlumat verib. Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin həmişə olduğu kimi, münaqişənin beynəlxalq hüquq normaları, Azərbaycanın ərazi bütövlüyü prinsipləri əsasında həllinə dəstək verdiyini vurğulayıb. Dövlət başçıları vurğulayıblar ki, Türkiyə və Azərbaycan bütün məsələlərlə bağlı bir-birinin yanındadırlar.
Hərbi tərəfdaşlarının sayını gündən-günə artıran Azərbaycan həm də istənilən ölkədən ən müasir hərbi texnika, silah-sursat alaraq öz müdafiə gücünü artırır. Hərbi xərclərin artması ordumuzun zirehli texnikasının, aviasiya vasitələrinin və digər hərbi təyinatlı məhsulların daim yenilənməsinə və təkmilləşdirilməsinə şərait yaradıb. Elmin son nailiyyətləri nəzərə alınmaqla və yeni texnoloji elementlərin tətbiqi ilə dünyanın aparıcı silah istehsalçıları tərəfindən hazırlanan yüksək dəqiqliyə və dağıdıcı qüvvəyə malik döyüş texnikasının, silah-sursatın və digər hərbi vasitələrin Silahlı Qüvvələrimizin təchizatına daxil edilməsi davam edir.
Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasındakı hökumətlərarası razılaşmaya əsasən və uğurla inkişaf edən hərbi-texniki əməkdaşlıq çərçivəsində ölkəmizə ən yeni hərbi texnikanın plana uyğun çatdırılması isə bunun əyani sübutudur.
Azərbaycan Silahlı Qüvvələrinin arsenalındakı ən müasir, dağıdıcı qüvvəyə malik döyüş texnikası Ermənistanın istənilən təhdidinin qarşısını almağa, onu məhv edərək ərazi bütövlüyümüzü bərpa etməyə qadirdir
Ötən il və cari ildə Rusiyadan Bakı limanına gətirilən çoxlu sayda müasir döyüş texnikası, silah, sursat, artilleriya və raket sistemləri üçün mərmilər, raketlər və digər hərbi-texniki əmlak cəbhəboyu zonaya göndərilir. Bu silahlar düşmənin zirehli texnikası, mühəndis-istehkam qurğuları, kiçiksürətli hava hədəfləri, canlı qüvvəsi və digər hərbi obyektlərinin vurulması üzrə Silahlı Qüvvələrimizin ön xətt bölmələrinin döyüş və manevr imkanlarını artıracaq. Azərbaycan Silahlı Qüvvələrinin arsenalındakı ən müasir, dağıdıcı qüvvəyə malik döyüş texnikası Ermənistanın istənilən təhdidinin qarşısını almağa, onu məhv edərək ərazi bütövlüyümüzü bərpa etməyə qadirdir. Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Rusiya hərbi texnikasının və silahlarının Azərbaycana gətirilməsi davam edəcək.
Prezident İlham Əliyev zaman-zaman bu məsələyə toxunaraq vurğulayır ki, Azərbaycan dövləti həmişə olduğu kimi Silahlı Qüvvələrinin hərbi potensialının gücləndirilməsinə böyük diqqət göstərib və göstərməkdə davam edəcək: “Yeni silahlar, ən müasir texnika alınır. Özü də biz texnikanı, silahları, ən müasir avadanlığı müxtəlif ölkələrdən alırıq və onların bir hissəsi artıq gəlir, bir hissəsi isə gələcəkdir. Bu, bizim hərbi potensialımızı daha da artıracaq. Bu günün özündə biz işğal edilmiş torpaqlarda istənilən hədəfi məhv edə bilərik. Amma biz öz hərbi potensialımızı daha da gücləndirməliyik. Buna ehtiyac var və buna bizim imkanlarımız çatır. Yoxsul Ermənistandan fərqli olaraq, biz bütün hərbi texnikanı öz hesabımıza alırıq və Azərbaycanda da bu texnikanı istehsal edirik. Azərbaycanda iki yeni hərbi zavod fəaliyyətə başlamışdır. Bu gün Azərbaycan həm özünü böyük dərəcədə silah-sursatlarla təmin edir, eyni zamanda, xarici ölkələrə də ixrac edir”.
Yaşasın qüdrətli və şanlı Azərbaycan Ordusu!
Bu il Azəraycan Xalq Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümü qeyd olunmaqla yanaşı, Azərbaycan Ordusunun da bayramıdır. 100 illik tarixə malik olan bir ordunun müasir və müstəqil Azərbaycan dövlətinin təməlini qoruyub-mühafizə etməsi hər bir azərbaycanlıda iftixar hissi oyadır. Şanlı ordumuz isə öz qələbə və zəfərləri ilə bunu təsdiq edir. 2016-cı ilin Aprel zəfəri və 2018-ci ilin may ayında Naxçıvanda düşmən tapdağından azad edilmiş 11 min hektar ərazilərimiz növbəti qələbələrə - Şuşaya, Xankəndinə aparan zəfər yolumuzdur.
Eyni zamanda, bütün bunlar bir daha təsdiq edir ki, Ali Baş Komandan, Prezident İlham Əliyev cənablarının yüksək diqqət və qayğısı nəticəsində döyüş qabiliyyəti, mənəvi-psixoloji hazırlığı yüksələn, təminat və təchizatı xeyli təkmilləşən Azərbaycan Ordusu dövlətin və xalqın etimadını doğruldaraq, qarşıda duran ən əsas vəzifəni - torpaqlarımızı düşməndən azad etməyə və ərazi bütövlüyümüzü təmin etməyə qadirdir. Yaşasın qüdrətli və şanlı Azərbaycan Ordusu!
Nəriman ƏLİYEV,
Milli Məclisin deputatı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB