Bu gün Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının bir qrup fəalı çağdaş müstəqil dövlətimizin Memarı və Qurucusu Heydər Əliyevin anadan olmasının 95, Azərbaycan Xalq Cümhuriyyətinin və Milli Orudunun yaradılmasının 100 və Milli Qurtuluş Gününün 25 illik yubileyləri münasibəti ilə Heydər Əliyev adına Ali Hərbi Məktəbin kursantları ilə görüş keçirib.
Tədbir iştirakçıları, ilk olaraq, Heydər Əliyev adına Ali Hərbi Məktəbin binasının qarşısında ucaldılmış Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüblər.
Sonra YAP Nəsimi rayon təşkilatının fəalları və kursantlar tərəfindən birgə Ali Hərbi Məktəbin ərazisində Milli Ordunun yaradılmasının 100 illik yubileyi şərəfinə 100 ədəd ağac əkilib.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi uğrunda canından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş sözü ilə açan YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı bu il müsəlman Şərqində ilk parlamentli respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyinin tamam olduğunu və bu münasibətlə ölkəmizin hər yerində tədbirlərin keçirildiyini bildirib: "Azərbaycan Prezidenti İlham Əliyevin 2018-ci ilin ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan olunması və Cümhuriyyətin 100 illik yubileyinin yüksək səviyyədə qeyd edilməsi ilə bağlı imzaladığı sərəncamları dövlətçilik tariximizə olan böyük ehtiramdır. 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk demokratik, parlamentli respublika - Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. Azərbaycan dövlətçilik ənənələrinin və milli dövlətçilik şüurunun qorunmasında mühüm rolu olan AXC 23 ay mövcud olsa da, qısa müddətdə tarixi bir missiyanı yerinə yetirərək, genişmiqyaslı demokratik islahatlar həyata keçirib".
Rayon təşkilatının sədri bildirib ki, AXC-nin hüquqi varisi olan müstəqil respublikamız Cümhuriyyət dövrünün demokratik dəyərlərinə sadiq qalaraq, sürətlə inkişaf edir və dünya birliyində layiqli yer tutur: "Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra xalqımız tarixi-mədəni yaddaşını özünə qaytardı. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan qüdrətli dövlətə çevrilib. Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan ordu quruculuğu siyasətinin hazırda Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini vurğulayaraq, aprel döyüşləri zamanı mənfur erməni işğalçıları tərəfindən mövqelərimizə və yaşayış məntəqələrinə edilən hücumun qarşısının Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alındığını və düşmənə sarsıdıcı zərbə endirildiyini bildirdi. Bu qələbə bütün dünyaya bəyan etdi ki, Milli Ordumuz Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğalçı qüvvələri doğma torpaqlarımızdan çıxarmağa hər an hazırdır".
Tədbirdə çıxış edən YAP Nəsimi rayon təşkilatının idarə heyətinin üzvü Aydın Heydərov, Nəsimi rayon Ağbirçəklər Şurasının sədri Zərifə Quliyeva, YAP Nəsimi rayon təşkilatının idarə heyətinin üzvü Məhəbbət Vəliyeva AXC-nin müstəqil Azərbaycan Respublikasının siyasi və hüquqi varisi olduğunu qeyd edərək, çətin tarixi şəraitdə müstəqillik qazandığını bildiriblər. Qeyd olunub ki, AXC-nin varisi olan Azərbaycan bu gün inkişaf edib, güclü nizami orduya malikdir.
Tədbirdə kursantların asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə YAP Nəsimi rayon təşkilatı tərəfindən Ali Hərbi Məktəbin kitabxanasına Ulu Öndərin və Möhtərəm Cənab Prezidentin həyat və fəaliyyətini əks etdirən kitablar və kursantların istirahət otağı üçün televizor təqdim edildi.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB