Əli Əhmədov: “Heç bir beynəlxalq təşkialtın vəzifəsi ölkədəki bu və ya digər siyasi təşkilatı gücləndirməkdən ibarət olmamalıdır”

Əli Əhmədov: “Heç bir beynəlxalq təşkialtın vəzifəsi ölkədəki bu və ya digər siyasi təşkilatı gücləndirməkdən ibarət olmamalıdır”

"Hər bir seçkinin taleyini xalq həll edir. Bu mənada istənilən seçkinin düzgünlüyünün, ədalətli olmasının, demokratikliyinin yeganə hakimi xalqdır. Deməli, ölkədə keçirilən istənilən seçkinin legitimliyini müəyyənləşdirən ancaq xalq ola bilər. SİA-nın xəbərinə görə, bu sözləri Yeni Azərbaycan Partiyasının Sədr müavini-icra katibi Əli Əhmədov "Azərbaycan" qəzetinə müsahibəsində bildirib. O, qeyd edib ki, seçkinin nəticələrinin xalq tərəfindən qəbul edilməsi onun legitimliyinin ən ali ifadəsidir. Heç bir yerli və beynəlxalq müşahidəçi bu hüququ xalqın əlindən ala bilməz: "Mənim üçün ən yüksək seçki dəyəri seçkinin nəticələrinin xalq tərəfindən qəbul edilməsidir, cəmiyyət tərəfindən ona verilən qiymətdir. Eyni zamanda biz seçkilərin beynəlxalq standartlara uyğun keçirilməsini də çox vacib hesab edirik. Azərbaycan müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlıq edir və bu əməkdaşlığa yüksək qiymət verir. Bu gün də, sonrakı dövr ərzində də əməkdaşlığın inkişaf etdirilməsi xüsusi diqqət mərkəzində qalmaqda davam edəcək".

 

Azərbaycanda keçirilən istənilən seçkilərdə başqa ölkələrlə müqayisə olunmaz dərəcədə böyük xarici müşahidə missiyası fəallığı qeydə alındığını deyən Ə.Əhmədov bildirib ki, seçkilərin gedişini izləyən beynəlxalq müşahidə missiyalarının, müxtəlif təşkilat və dövlətlərin verdiyi qiymətin fərqli olması normaldır: "Onlar seçkini izlədilər, öz qiymətlərini verdilər. Prinsip etibarilə müşahidəçilərin verdiyi qiymətlərdə müəyyən fərqlərin olmasını normal qəbul edirəm. Çünki onlar müxtəlif dairələrdə müşahidələr aparıblar, digər tərəfdən nəzərə almaq lazımdır ki, müşahidəçilər özləri fərqli insanlardır, onların fərqli siyasi baxışlara malik olması da istisna edilmir. Məhz öz siyasi baxışlarına uyğun olaraq onların seçkiləri dəyərləndirməsi istisnalıq təşkil etməyən hallar sırasında yer alır. Ümumi şəkildə isə Azərbaycanda beynəlxalq müşahidəçilər tərəfindən seçkilərə verilən qiyməti müsbət dəyərləndirmək olar. Təbii ki, biz ilk növbədə bu məqamdan çıxış etməliyik. Ayrı-ayrı müşahidə missiyalarının səsləndirdiyi tənqidlər və yaxud digər məqamlara müvafiq seçki administrasiyaları öz cavablarını verəcək".

 

YAP icra katibi eyni zamanda qeyd edib ki, bir sıra hallarda beynəlxalq təşkilatlar tərəfindən səsləndirilən rəylər daha çox müxalifət mətbuatında yer alan materiallara söykənib: "Bu isə ondan xəbər verir ki, bəzi hallarda bir sıra müşahidəçilər özünü radikalçılıq bəlasına düçar etmiş müxalifətin mövqeyinin zəifləməsindən narahatlıq keçirir. Onların müəyyən dərəcədə Azərbaycanın siyasi həyatında mövqelərinin möhkəmlənməsi üçün səylər göstərir. Qeyd etdiyim kimi isə müəyyən hallarda bir çox beynəlxalq müşahidəçilər hesabatlarında müxalifət mətbuatında yer alan təhriflərdən, yalanlardan istifadə edirlər. Biz dəfələrlə həmin hesabatlarda səsləndirilən və nöqsan kimi göstərilən məqamların reallığı əks etdirmədiyini sübuta yetirmişik. Lakin təəssüf ki, bəzi beynəlxalq təşkilatlar buna lazımi reaksiya verə biləməyiblər. Bu da belə qənaətə gəlməyə əsas verir ki, müəyyən beynəlxalq təşkilatlar Azərbaycan müxalifətinə oksigen vermək taktikasını seçiblər. Hesab edirəm ki, heç bir beynəlxalq təşkilatın vəzifəsi ölkədəki bu və ya digər siyasi təşkilatı gücləndirməkdən ibarət olmamalıdır. Beynəlxalq missiyanın vəzifəsi ölkədə keçirilən seçki kampaniyasını demokratik normalara və prinsiplərə uyğun olub-olmamasını yalnız faktlar əsasında təsdiqləməyə çalışmaqdan ibarət olmalıdır. Fikrimcə, beynəlxalq təşkilatlar reallığı nəzərə alaraq öz yekun hesabatlarında obyektiv olmağa səy göstərəcəklər. Lakin bir daha vurğulamaq istəyirəm ki, bizim üçün ən əsası seçkilərin nəticələrinə xalqın, seçicilərin verdiyi qiymətdir. Bu baxımdan məmnunluq hissi ilə qeyd etmək istərdim ki, noyabrın 7-də keçirlən parlament seçkilərinin nəticələri Azərbaycan vətəndaşları tərəfindən etiraf edilir, qəbul olunur, beləliklə, seçkinin legitimliyi özünün təsdiqini tapır".

Bütün xəbərlər Facebook səhifəmizdə