Mübariz Qurbanlı: "NATO-nun zirvə toplantısında Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi diplomatiyamızın uğurudur"

Mübariz Qurbanlı: "NATO-nun zirvə toplantısında Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi diplomatiyamızın uğurudur"

"Lissabonda keçirilən NATO-nun zirvə toplantısında qəbul olunmuş bəyannamədə Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və suverenliyinin dəstəkləndiyinin vurğulanması olduqca önəmlidir. Əslində bu sənədin qəbul olunması Azərbaycanın ərazi bütövlüyünə qəsd edən dairələrə açıq mesajdır və Ermənistanın təcavüzkar dövlət olduğunu təsdiq edir. NATO kimi güclü təşkilatın belə bir bəyanatı alyansa üzv olan dövlətlərin mövqeyini əks etdirir". SİA-nın xəbərinə görə, bu fikirləri yap.org.az saytına açıqlamasında YAP İcra katibinin müavini Mübariz Qurbanlı deyib.

 

Hazırda dünyada NATO-nun özünəməxsus yeri və rolu olduğunu deyən M.Qurbanlı bildirib ki, 1949-cu ildə yaradılan bu təşkilatın qarşısında başqa vəzifələr dururdu. Lakin sovetlər ittifaqının dağılmasından sonra təşkilat öz fəaliyyət istiqamətini dəyişib. İndi NATO-nun dünyanın müxtəlif bölgələrində gedən proseslərə müdaxilə etdiyini görməkdəyik.

 

NATO-nun zirvə toplantısında bir sıra mühüm qərarların qəbul edildiyini deyən M.Qurbanlının sözlərinə görə, sammitdə Cənubi Qafqaz bölgəsilə əlaqədar da söhbətlər aparılıb. Onun fikrincə, zirvə toplantısında Cənubi Qafqazdakı münaqişələrin gündəmə gətirilməsi bu problemlərin NATO-nun diqqət mərkəzində olduğunu bir daha açıq şəkildə göstərməkdədir: "Bütün bunlar Azərbaycan Prezidentinin apardığı məqsədyönlü siyasətin nəticəsidir. Bu cür sənədlərin qəbul olunması bütövlükdə ərazi bütövlüyümüzün bərpası istiqamətində həyata keçirilən siyasətə əlavə bir dəstəkdir. Azərbaycan sülh yolu ilə məsələni həll etmək istəyir. Bunun üçün Azərbaycana beynəlxalq qurumlardan da dəstəyin olması vacibdir. NATO-nun Zirvə Toplatısının Bəyannaməsində Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi diplomatiyamızın uğuru sayılmalıdır" deyə YAP İcra katibinin müavini vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə