Lənkəranda büdcə təşkilatlarından məcburi dövlət sosial sığorta üzrə daxilolmalar azalıb

Lənkəranda büdcə təşkilatlarından məcburi dövlət sosial sığorta üzrə daxilolmalar azalıb

Lənkəranda cari ilin hesabat dövrü ərzində qeyri-büdcə təşkilatlarından məcburi dövlət sosial sığorta haqqı üzrə daxilolmalar ötən ilin müvafiq dövrünə nisbətən 51,7 min manat çox olub. Bu barədə məlumatı SİA-nın cənub bürosuna Dövlət Sosial Müdafiə Fondu (DSMF) Lənkəran rayon şöbəsinin müdiri Ramiz Əzimov verib.

Onun sözlərinə görə, bu dövrdə büdcə təşkilatlarından 4024,2 manat (100,3faiz), qeyri- büdcə təşkilatlarından isə 1265,7 min manat (100,5 faiz) məcburi dövlət sosial sığorta haqları daxil olub ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə büdcə təşkilatlarından 123,2 min manat az, qeyri-büdcə təşkilatlarından isə 51,7 min manat çox olub.

İdarə rəsmisi büdcə təşkilatlarından məcburi dövət sosial sığorta haqqının ötən illə müqayisədə az daxil olmasını bəzi təşkilatlarda ixtisarların və vakant yerlərin olması ilə izah edib. R.Əzimov onu da bildirib ki, cari ilin ötən dövründə dövlət sosial sığorta haqları üzrə borclar 924,8 min manat təşkil edib. Borcların dövlət büdcəsinə köçürülməsindən ötrü bir sıra tədbirlər görülüb. Belə ki, bu dövrdə borcların alınması üçün banklara 81 sərəncam qoyulub. Bundan əlavə, 8 hüquqi şəxsdən 75688,0 manat, 27 nəfər fiziki şəxsdən 4628,0 manat borcun alınması məqsədilə Şirvan yerli İqtisad Məhkəməsinə iddia qaldırılıb və həmin borcların sığortaedənlərdən alınması üçün məhkəmə müvafiq qərar çıxarıb.

Qeyd edək ki, şöbənin uçotunda 28896 pensiyaçı var ki, bunların da 18624 nəfəri yaşa görə, 2008 nəfəri isə ailə başçısının itirilməsinə görə pensiya alanlardır. Bütün pensiyaçılar plastik kartlarla təmin olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə